Devid Şvarts təlimi – Heç vaxt «Mənim sağlamlığım zəifdir» deməyin Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

 

Əyləclər avtomobilin sürətini azaltmaq və tam dayandırmaq üçündür. Heç fərqinə varmısınız ki, insanın beyninin də əyləcləri var? Bəzi frazalar var ki, insan beynini əsilcə tormozlayır. Bunları mən gündəlik həyatda həmişə hiss eləyirdim. Müvəffəqiyyətə, uğura köklənmiş fəaliyyətimizi bədbin hisslərin, düşüncələrin necə tormozladığının həmişə şahidi olmuşdum.

Bədbinlik və qətiyyətsizlik adlı nəsnələrin gətirdikləri fəsad çox böyükdür.

Devid Şvartsın «Masştablı düşünmək sənəti» kitabını oxudum və müəllifin «Beynin işini bloklayan 4 təhlükəli fraza» ümumiləşməsi ilə tanış oldum.

Beyni bloklayan bir neçə fraza var. Onlar, necə deyərlər, insanın əlini-qolunu yanına salır, beyni fəaliyyətsizliyə kodlaşdırırlar, deyirlər, daha düşünməyinə, həllər axtarmağına ehtiyac yoxdur. Qəribədir ki, insan tez-tez belə frazalardan istifadə edir, amma heç düşünmür də ki, bu necə təhlükəlidir.

Bəli, neyropsixoloqlar həyəcan təbili çalaraq insanları bu adətdən kənarlaşmağa çağırırlar.

1.

Devid Şvartsın diqqət yönəltdiyi belə məhvedici frazalardan biri budur: «Mənim heç vaxt bəxtim gətirmir». İş ondadır ki, bəxti gətirmək, əslində təsadüfi bir şey deyil. Hər hansı bəxtigətirməyə diqqətlə baxsaq, görərik ki, onun içində hazırlıq, planlaşdırma, düşüncənin müəyyən obrazı vardır ki, insanı uğura məhz bunlar gətirir. Ona görə də, özünüzdə qələbə üçün lazım olan xüsusiyyətlər formalaşdırın, özünüzü qalib kimi aparın, tezliklə mütləq sizin də bəxtiniz gətirəcək.

2.

Başqa bir fraza budur: «Mənim sağlamlığım zəifdir». Yadda saxlayın ki, mütləq sağlam adam yoxdur. Devid Şvartsa görə, iş onda deyil ki, insanın nə qədər gücü var. İş ondadır ki, insan gücündən necə istifadə edir. Və müəllif maraqlı bir nümunə gətirir: Qolf oyununda böyük uğurlar qazanan tək əlli insandan bəhs edir, deyir, bir əl üstəgəl düzgün münasibət iki əl üstəgəl yanlış münasibətdən daha üstündür.

Əgər sizdə sağlamlığınızın olduqca zəif olması anlamı varsa, əvvəlcə öz emosiyalarınızı idarə etməyi öyrənin. Doktor Şindler özünün «İlin 365 gününü necə yaşayaq» adlı kitabında boş yerə yazmır ki: «Bu gün xəstəxana yataqlarının dördündən üçündəkilər emosiyalardan doğan xəstəliklərin qurbanlarıdır».

 

Söhbəti burda saxlayıb digər frazalara keçmirik ki, siz bir-bir hamısını yadda saxlayasınız.

Beləliklə, bu gün qərar qəbul edəcəksiniz ki, bir də heç zaman «Mənim sağlamlığım zəifdir» frazasını təkrarlamayacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)