“DİLƏNÇİ QIZ” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

 

24 yaşlı Məhəmməd Əmin gəmi ilə İranın Rəşt şəhərinə gəldi. Gecədən xeyli keçmişdi. Bütün varlıq yatmışdı. Sanki hər yanda sakitlik və cansızlıq hökm sürürdü. Hətta uzaqlarda görünən Təbrizin işıqları belə indi mürgüləyir kimi idi. Bir- iki yerdə tonqal yanırdı. Tonqalların başına toplaşmış beş-on nəfər kişi də söhbət edirdirlər. 

Uzaqdan gələn ney səsi gecənin sükutunu pozdu. Az keçmədi ki, böyük sevgi və eşqlə çalınan ney səsinə ürəyi dərd və məhəbbətlə dolu birisi yanıqlı-yanıqlı oxumağa başladı. Onun səsində kədərlə sevinc bir-birinə qarışmışdı. Bu səs Məhəmməd Əminin xəyalında dumanlı arzular, qəlbində qəribə duyğular yaratdı. O, bu şəhərdə görəcəyi işləri ürəyində götür-qoy edib, tezliklə gördüyü işlərin bir faydası olacağına özünü inandırmağa çalışdı.

Məhəmməd Əmin “Tərəqqi” qəzetinin xüsusi müxbiri kimi İrana gəlmişdi. Bir həftə keçdi. Hər gün gərgin iş, yeni ab- hava yaxşı işlərə başlanğıc idi. O, İran məşrutə və ikinci Məclisi dövrünün ən yaxşı, ən tanınmış qəzetləri olan “Yeni İran”nı ərsəyə gətirdi, baş redaktoru oldu. Onun çalışdığı yer yaşıl bir xiyabanın içində yerləşirdi. Hər gün burdan keçəndə kiçik bir qız uşağının səkinin qırağında oturaraq yeyəcək bir şey, pul ya da ala biləcəyi bir şey üçün diləndiyini görürdü. Qızın üst-başı kir-pasağın, cır-cındırın içində, üzü-gözü kirli, saçları pırtlaşmış, pərişan bir haldaydı. Qızın təxminən 10-12 yaşı olardı. Təkcə bir cüt parıldayan gözləri onun məsumluğundan xəbər verirdi. Daşın üstündə büzüşüb harasa tələsən insanları izləyir, bəzilərinə yaxınlaşıb əl açırdı. Gəlib gedən insanları oturduğu yerindən, aşağıdan-yuxarıya izləyirdi həmişə. Ayaqlara o qədər öyrəşmişdi ki, insanların üzünə baxmağı da unutmuşdu. Demək olar ki, adamları yerişindən tanıyırdı. Divarın soyuq küncünə sıxışdığı üçün harasa tələsən “əmilər”, “xalalar” ona nəzər yetirsələr də pul verən də olurdu, verməyən də. Hərdən təhqiredici sözlər, söyüşlər də ünvanına söylənirdi.

Bəzən yaxşı insanlar da olurdu. Səbətlərindən meyvə çıxarıb verib, “can yazıq uşaq” deyən də. Əlini uzadıb, qorxa-qorxa o sədəqəni alıb təşəkkür edərdi. 
Məhəmməd Əminin neçə vaxt idi ki, gözü bu qızı almışdı, amma bildirməmək üçün qıza pul verib, dönüb ikinci dəfə baxmırdı. İşə gəldikdə bütün günü onun haqqında fikirləşirdi. Nəhayət bir gün qıza yaxınlaşıb onun oturduğu səkinin üstündə oturdu, mehribancasına soruşdu:

- Qızım adın nədir?

- Sürəyya.

- Nə gözəl adın var. Bəs atan, anan, bacı- qardaşın varmı?

- Atam tiryək alverçisi idi, ölüb. Anam yataqda, ağır xəstədir, gözləri tutulub.  Mən anamı yaşatmaq üçün dilənirəm.  

Məhəmmədəminin içindən bir gizilti keçdi: Biçarə qız. Bu yaşında dərd içindədir.

Sürəyya isə ona verilən pulun dəyərindən danışır, hətta dilənçilikdən yığdığı pulun nə qədər çox olduğunu deyirdi.  Sürəyyanın həyat hekayətini eşidən Məhəmməd Əmin həmin gün ona həftəlik dolanışığı qədər ərzaq alır və deyir:

- Sürəyya, məni evinizə apar, ananla tanış olum.

Sürəyya ona kömək etmək istəyən insanın mərhəmətli gözlərinə baxır və razılaşır. Xiyabanın axırında qapısı güclə bağlanan, torpaq döşəməli, havasız, rütubətli, zəif lampa işığı olan bir evin zirzəmisinə gəldilər. Məhəmməd Əmin yataqda zarıyan anaya baxıb, onun gözəl qızı Sürəyyadan danışdı. Ana tanımadığı bu adamın səsini eşitcək əvvəlcə həyacanlandı, amma onun səsindəki həlimliyi duyub sakitləşdi. Güclə eşidiləcək səslə Sürəyyanın yeganə ümidi olduğunu dedi: “ Allah yolunda mərhəmətinizi ondan əsirgəməyin, Sürəyyanı sizə tapşırıram. Allaha bu gün dua etmişdim ki, hələ canımı almasın. Sürəyya yaxşı bir insana rast gəlsin. Allah mənim səsimi eşitdi, sizi qarşısına çıxardı. Allaha əmanət olun, Sürəyyanı sizə tapşırıram” - deyib canını tapşırdı. Başı yastığa düşdü.

Məhəmməd Əmin ananın gözlərini bağladı, qışqıraraq ağlayan qızcığazı sakitləşdirdi. Məhəmməd Əmin qonşularla köməkləşib mərhumu dəfn etdilər. Məhəmməd Əmin Sürəyya üçün uşaq evi sorağına çıxdı. Öyrənib axtarıb tapdığı uşaq evlərinə baş çəkdi. Uşaq evləri sahibsiz uşaqlarla dolu idi. Nəhayət İran Milli Hərəkatının rəhbəri Səttarxanla görüşür, onun köməkliyi ilə Sürəyyanı uşaq evinə verir. Ürəyi sakitləşir: İndi o, bir qarın çörək yeyəcək, təmiz paltar geyinəcək, təhsil alacaqdı.

Sürəyya göz yaşları içində Məhəmməd Əmindən ayrılır. Öz əlləri ilə tikdiyi naxışlı yaylığını xilaskarına verib deyir:

- Mənim xilaskarım. Hər gün sizə dua edəcəyəm. Bu yaylıq məndən sizə  yadigar qalsın!

Sürəyya o yaylığı gecəykən oturub göz yaşları içində tikmişdi. Bu, onların sonuncu görüşü idi. Məhəmməd Əmin Sürəyyanı bir daha görməyəcəkdi...

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)