“Nyu-York trilogiyası”nın müəllifi Pol Osterə rekviyem Featured

Rate this item
(0 votes)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kitabserlər nəyə görəsə əcnəbi müəlliflərə daha çox etimad göstərir, onları daha çox oxuyurlar. Çağdaş Amerikada yapon İsiqura,  Britaniyada cənubiafrikalı Kutzee, Rusiyada braziliyalı Koelyo, Türkiyədə amerikalı Den Braun, Azərbaycanda əfqan Xalid Hüseyni son statistikada ən çox oxunan müəlliflərdir. 

Amma bir ad da var ki, o, bütün ölkələrin reytinqlərində ilk beşlikdə mütləq yer alır. O, Pol Osterdir. 

Çox təəssüf ki…

Amerikalı yazıçı və tərcüməçi Pol Oster aprelin 30-da 77 yaşında vəfat etdi. Bu barədə Nyu-York Times qəzeti onun bir dostuna istinadən xəbər verməklə milyonlarla ostersevənləri kədərə qərq etdi. 

Bu xəbəri ötən gün dünya mediası, o cümlədən biz də paylaşdıq. 

Amma mən, hər halda, bu ölüm faktına biganə qala bilmədim, əllərim klaviaturaya doğru uzandı ki, nəsə yazım. 

Yazıçı Bruklindəki evində vəfat edib. Ölümünün səbəbinin ağciyər xərçəngindən sonrakı ağırlaşmalar olduğu qeyd edilib. Bəli, o, uzun illər xərçəngdən əziyyət çəkirdi. 

77 yaş əslində elə də çox yaş deyil. Planları çox idi, yeni romanlar yazacaq, oxucularını sevindirəcəkdi. 

Pol Oster postmodernizm, absurdizm və ekzistensializm janrlarında çalışırdı. Onun yazdığı təxminən iyirmi əsər var. "Şüşə şəhər", "Xəyallar" və "Kilidli otaq" romanlarını özündə cəmləşdirən "Nyu-York Trilogiyası" (1987) sayəsində dünyaca şöhrət qazanan Oster “Leviafan" (1992) romanına görə Fransanın Medici ədəbi mükafatına layiq görülmüşdü.

Əgər kimsə kitab oxumağa tənbəllik edirsə şiddətlə tövsiyə edirəm, YouTube-dan dahi rus kinorejissoru Andrey Zvyagintsevin çəkdiyi “Leviafan” filmini tapıb izləyin. Dəhşət qarışıq təəccüb! Şərin xeyir üzərində qələbəsinin təntənəsindən doğan məyusluq, amma insanı əsərlə yaşamağa, həyəcan və emosiyalara sürükləmənin ən yüksək nümunəsi. 

Pol Oster tərcümə sahəsində də kifayət qədər uğurlu idi, fransızcanı səlist bilməsi 

Jean-Paul Sartre və Andre Bretonun əsərləri də daxil olmaqla onlarca kitabı Fransız dilindən tərcümə etməsinə zəmin olmuşdu. O, həm də nüfuzlu Berlin Film Festivalının "Gümüş ayı" mükafatını alan "Tüstü" (1994) filminin ssenaristlərindən biriydi.

Pol Oster çağdaş Amerika nəsrinin ən kütləvi oxunan və sevilən yazarı idi. Xərçəngdən əziyyət çəksə belə media önündə həmişə optimist görünər, ölüm yox, olum barədə düşünərdi. Amma təəssüf ki, alın yazısını yazmaq insanın öz əlində deyil.

Nə deyək, həqiqətən də ağır itkidir. 

 

Şəkildə: Pol Oster 2017-ci ildə.

Foto müəllifi:  Vincent West / Reuters

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)