“Əkinçi” yoxdursa, mən də yoxam” - Rəhman Bədəlov Featured

Rate this item
(0 votes)

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

 

Tarixdə elə şəxslər var ki, onların yaradıcılığı, öz sahələrində Vətən naminə külüng çalmağı bütün nəsillərə örnəkdir. Atatürk deyir ki, müəllim şam kimidir, özü yanıb tükənərkən, ətrafını işıqlandırır. Bu gün özü əsrlər əvvəl yansa da, işığı hələ də indiki nəsilləri aydınladan dahi Zərdabinin yaradıcılığına toxunacağıq. Görkəmli mütəfəkkir, publisist Həsən bəy Zərdabini araşdıranlardan biri də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Rəhman Bədəlovdur. Rəhman Bədəlov “Əkinçinin” dəyərindən söz açarkən belə deyir:

 

“Zərdabidən danışarkən onu deməliyəm ki, “Əkinçi” və “Molla Nəsrəddin” yoxdursa, mən də yoxam. Bir zamanlar mənə “Zərdabi deyəsən səndən başqa heç kimə lazım deyil” deyirdilər. Amma bu gün Zərdabi haqqında çoxlu əlyazmalar, araşdırmalar var. Əlyazmaları danışdırmaq özü də böyük məharətdir. Onları dindirmək üçün insanın coşqusu, həyəcanı kifayətdir. Mənim Azərbaycanım “Əkinçi”dən Azərbaycan Demokratik Respublikasına qədərdir. Mən keçmişə, bu günə və gələcəyə oradan baxıram. Zərdabinin məndə olan şəkillərinə baxanda görürəm ki, o çox qoca görünür. Şəkillərdən birində “Qoca Zərdabi” məndən 20 yaş cavandır. Onu izlədikcə anlayıram ki, bu həyatda çox yaşamaq mümkün deyil, hələ əgər sən xalq dərdi çəkirsənsə.”

Müsahibə əsnasında Rəhman Bədəlov Həsən bəyin dəfn mərasimindən də danışıb:

“Bu gün Zərdabinin dəfni haqqında müxtəlif əlyazmalar var. Bu əlyazmalar arasında “Kaspi” və “Təzə Həyat” qəzetlərindəki yazılar da yer alır. Mən o yazıları oxuyanda Həsən bəyin dəfni kimi dəfnin olmadığının şahidi oluram. 29 noyabr 1907-ci ildə indiki Tağızadə küçəsində 9 rus-tatar məktəbinin şagirdləri, mətbuat nümayəndələri, gürcü, erməni ruhaniləri, ziyalılar binanın qarşısında toplaşmışdılar. Küçədən keçən hər kəs təəccüb edirdi ki, bir gimnaziya müəllimi üçün bu qədər insan niyə cəm olub? Şagirdlərin bəziləri Həsən bəyin çəkdiyi portretini aparır, bəziləri isə “Əkinçi” qəzetinin qızıl suyuna salınmış ilk nüsxəsini əllərində daşıyırdı. Gürcü, erməni, müsəlman ziyalıların hər biri öz dilində Zərdabini yad edirdilər. Həmin gün Həsən bəy Zərdabi görülməmiş təntənə ilə dəfn edildi. Bax insanlar Zərdabini belə sevirdilər. Bədən ölür, fikir isə yaşamağa davam edir. Həsən bəyin bir müəllim və publisist kimi irəli sürdüyü fikirlər bir ömür Azərbaycan xalqının beynində, qəlbində özünə yer tapacaq.”

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)