Hikmət Mirzəyev: “Əməliyyatın ilk günündə mən əmin idim ki, biz Şuşanı alacağıq” Featured

Rate this item
(0 votes)

BU GÜN GENERAL-LEYTENANTIN DOĞUM GÜNÜDÜR

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Dünyada generalların sayı çoxdur, amma haqqında əfsanələr dolaşan generalların sayı az. Həmin əfsanələr nəsildən-nəslə ötürülərək əsrlər boyu yaşayır və cəmiyyətdə rəğbətlə qarşılanır. Bu gün sizə əfsanəvi generallardan biri haqqında söhbət açmaq istəyirəm...

 

Deyirlər ki, generallar iki cür olurlar- səhra və qərərgah generalları. Əgər səhra generalları cəbhədə döyüşə rəhbərlik edirlərsə, qərərgah generalları isə isti otaqlarda oturub döyüş taktikasını planlaşdırırlar. Aralarındakı fərqi özünüz müəyyənləşdirin. Bu günkü söhbətimin qəhrəmanı məhz səhra generallarındandır. Böyük bir qoşuna rəhbərlik edir...

 

Deyir ki;- “Bəli, Vətən müharibəsinin qəhrəmanı birmənalı olaraq Azərbaycan əsgəridir. Bu müharibədə xüsusi təyinatlıların əfsanəvi rolu və sücaəti danılmazdır. Əməliyyatın ilk günündə mən əmin idim ki, biz Şuşanı alacağıq. Hətta bununla bağlı yüksək komandanlığa məruzə də etmişdim. Şəxsi heyətimiz bütün risklərə hazır idilər və ölümü göz önünə alaraq düşmənin bacarmadığı şeyləri həyata keçirdilər. Şuşaya girəndə özümü xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq tapdığını anladım...”

 

Ciddi görkəmi var. Çöhrəsindəki cizgilər, iti baxışları onun cəsur və döyüşkən olduğundan xəbər verir. Məğlubiyyəti xoşlamır, döyüşdə amansız və qəddardır. Xarakteri çox sərtdir. Təmkinli və soyuqqanlıdır. Hər bir addımını ölçüb-biçəndən sonra atır. Onu təəccübləndirmək çətindir, necə deyərlər, həyatın bütün sürprizlərinə hazırdır...

 

O, 1968-ci ildə Biləsuvar rayonunda dünyaya gəlib. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra sovet ordusunda tağım komandiri vəzifəsində xidmətə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub. Hazırda Azərbaycan Respublikası müdafiə nazirinin müavini-  Quru Qoşunlarının komandanı vəzifəsində xidmət edir... 

 

İti zəkası, sürətli düşünmə qabiliyyəti var. Fəhmi çox güclüdür, hadisəni əvvəlcədən hiss etməyi bacarır. Hücum və müdafiə üsullarını gözəl bilir. Yetərincə savadlı və biliklidir, hərbi fəndləri, taktikanı dərindən mənimsəyib. İstənilən relyefdə mümkünsüz olan döyüş əməliyyatlarını uğurla aparır. Xüsusi əlbəyaxa döyüş bacarığı yüksək səviyyədədir. Soyuq və odlu silahlardan inanılmaz şəkildə istifadə etmək məharətinə malikdir... 

 

 Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborda vuruşub. Sovet ordusu dağlandan sonra, kapitan rütbəsində milli ordumuzun sıralarına qatılıb. Rütbə pillələrini qalxa-qalxa bu gün general-leytinant rütbəsinədək yüksələ bilib. Sinəsini xeyli orden və medallar bəzəyir. “Vətən Müharibəsi Qəhrəmanı”dır...

 

Rəvayətə görə, bir qoca kişi arabası ilə yolla gedirmiş. Haradansa tək qayıdan Koroğlu əl edib arabanı saxlatdırır. O zaman arabaçının yanında bir həmkəndlisi də olur. Yolda həmin adam dönüb Koroğludan soruşur ki,- “A bala, Koroğlu haqqında nə bilirsən?” Koroğlu da, heç nə bilmədiyini bildirir. Adam yenidən dillənir: “Deyirlər, Koroğlu hər dəfə yemək yeyəndə bir qoçu tək yeyir.” Arabaçı isə: “Nə danışırsan a kişi, qoç nədir, öküz yeyir.”- söyləyir...

 

Doğrudur, haqqında söhbət açdığım general-leytinantın da barəsində buna bənzər rəvayətlər dolaşır, amma o, çox sadə, təvazökar, insanpərvər adamdır. Qəlbi ipək kimi yumşaqdır, hamı kimi sevinir, hamı kimi də kövrələ bilir.

 Onu bu rütbəyə çatdıran peşəsinə, işinə bağlılığı, QƏHRƏMAN edən isə vətəninə, dövlətinə, xalqına olan məhəbbətidir...

 

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı general-leytenant Hikmət Mirzəyevdir. Onu növbəti ad günü münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram...

 PAŞAM VAR OLSUN!

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)