Xanəndə, pedaqoq, bəstəkar - UNUDULMAZ ƏLİBALA MƏMMƏDOV Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

5 fevralda dünyaya dünyaşöhrətli bəstəkarımız Qara Qarayev, dünyaşöhrətli kinodramaturqumuz Rüstəm İbrahimbəyov gəliblər. Amma tək onlarmı? 5 fevral həm də Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Xalq artisti Əlibaba Məmmədovun da doğum günüdür.

Dünən iki korifey barədə danışdıq, birini isə bu günə saxladıq. 

 

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonunadək həmin ansambla rəhbərlik edib. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Bu ilkinlik ona böyük sənət uğurları bəxş edib. “Humayun” onun ifasında mükəmməllik qazanıb. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə edib: “Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülüb. Sonra isə 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan düz 26 il sonra – 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşıb, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb.

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüb.

Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. Əlibaba Məmmədov bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələyib. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan musiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir.

Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)