Həsrətindən... Featured

Rate this item
(9 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

https://youtu.be/pTmI7R3bBXU?si=Ly7K6wIaQJEGaEIO 

 

Həyat sən nə şirinsən?!

Kim səndən doydu getdi?!

Gedənlər öz qəlbini dünyada qoydu getdi. 

Səndən doymaq olarmı? çoxun azın da şirin,

Həyat qışın da şirin, həyat yazın da şirin. 

 

Həyatının bütün çətinliklərinə baxmayaraq o, həmişə həyat şirindir deyirdi.

Ötən gün Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, şöhrət ordenli, Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundovanın doğum günü idi.

Şəfiqə Axundova 21 yanvar 1924-cü ildə Şəki şəhərində dünyaya gəlmişdir. Atası onun həkim olmasını istəsə də, bəstəkar musiqiyə olan sevgisindən vaz keçə bilmir.

Bütün varlığı ilə özünü sənətinə həsr edən, bütün ömrü boyu Azərbaycan milli musiqisinə xidmət edən Şəfiqə Axundova əvvəl böyrəyini, sonralar isə ailə həyatını da sənətinə qurban verir. 

Gənc yaşlarında qısa müddət evli olan Şəfiqə Axundovanın bu evlilikdən Taleh adlı bir oğlu dünyaya gəlir. Həyat yoldaşı onu başa düşmədiyi üçün onlar ayrılırlar. Bəstəkar bundan sonra birdə ailə həyatı qurmur.

Deyilənlərə görə "Bu ayrılıq nədən oldu" və o möhtəşəm "Həsrətindən" mahnılarını da Şəfiqə xanım məhz bu ayrılıqdan sonra bəstələyib.

"Lay-lay" və "Gözümün işığı sənsən" mahnılarını isə o, oğlu Talehə həsr edib.

"Həyat sən nə şirinsən", "Gözlərimin işığı sənsən", "Hardasan sevgilim gəl", "Gəl ey səhər", "Dostlar olmasa", "Gözlərinə toxundu", "Gecələr yuxusuz qoymusan məni", "Yenə sənsiz bu axşam", "Neyçün gəlməz", "Ürəyim səni anar", "Yaraşıqlı kəndimiz", "Mehriban olaq", "Lay lay" kimi dillər əzbəri olan 500-ə yaxın mahnı və romansın, "Ev bizim sirr bizim" operettasının, simli kvartet üçün pyeslərin, sinfonik orkestr üçün suitaların, xor üçün silsilələrin, "Aydın", "Əlvida Hindistan", "Nə üçün yaşayırsan", "Qaynana" tamaşalarının musiqisinin, uşaqlar üçün "Əziz müəllim", "Doğma məktəb", "Əkiz bacılar", "Zümrüd", "Pişik", "Kukla", "Bacılar" mahnılarının müəllifi olan Şəfiqə Axundova 1972-ci ildə Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı "Gəlin qayası" operası ilə adını Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə yazdırdı.

Şəfiqə Axundovanın daha çox pianoçu kimi məşhurluq qazanan oğlu Taleh Hacıyev də anası kimi istedadlı bəstəkar olmuşdur. Hamının çox sevdiyi məşhur "Belə qəmli dayanma" mahnısının bəstəsi də məhz Taleh Hacıyevə məxsusdur.

Uzun illər ruhi xəstəlikdən əziyyət çəkən Taleh 2008-ci il iyulun 26-da Maştağada yerləşən ruhi-əsəb dispanserində dünyasını dəyişir. 

Oğlunun ölümünü düz 40 gün bəstəkardan gizlədirlər. Ağır ürək xəstəliyi keçirən Şəfiqə Axundova oğlunun ölümündən 5 il sonra 2013-cü ildə elə oğlunun vəfat etdiyi gündə iyulun 26-da dünyasını dəyişir və 2-ci Fəxri xiyabanda dəfn olunur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)