“Daş yuxular”ın daşı, Böyük faciələr günü və Massonluğun leqallaşdırılması Featured

Rate this item
(0 votes)

6-13 dekabrın təqvimi Varisin təqdimatında

6 dekabr. “Başqasının ayaqqabılarını geyinmə!” günü
Hər vaxtınız xeyir, əziz oxucular! Növbəti həftəyə bax belə bir qəribə gün təyinatı ilə başlayırıq. “Başqasının ayaqqabılarını geyinmə” deyəndə ki, görüşə gedərkən dostundan təzə ayaqqabılarını istəyən oğlanlardan, yaxud toya-nişana gedərkən rəfiqələrindən dəbdə olan tuflilərini xahiş edən xanımlardan, bir də “geyim qəbiristanlığından” övladları üçün uyğun ayaqqabılar seçən yoxsullardan başqa kimsə başqasının ayaqqabılarını geyinməz axı. Bu günün təyinatı şəxsi gigiyena qaydalarına riayət etməyin vacibliyini xatırlatmaqdır. Başqasının pal-paltarını geyinmək bir yana, diş fırçasından, darağından belə istifadə edənlər var, qəti şəkildə bunları etmək olmaz. Mikroblar, viruslar, damaq, dəri xəstəlikləri və sair və illaxır qazanmaq istəmirsinizsə başqasının heç nəyindən istifadə etməyin.


6 dekabr. Mikrodalğalı soba günü
Mətbəx üçün yeni dövr amerikalı mühəndis P. Spenserin dalğa-maqnetron şüalanmasını öyrənməsiylə başladı, o, belə bir qənaətə gəldi ki, şüalanmanın tezliyi intensiv istilik ayrılmasına gətirib çıxarır. 1945-ci ildə o, qida hazırlamaq üçün mikrodalğalardan istifadəyə patent aldı.  1949-cu ilin 6 dekabrında isə onun patenti ilə ABŞ mikrodalğalı sobaların istehsalına başladı. Bu gün dünyada Mikrodalğalı soba gününün qeyd edilməsi bu məişət əşyasının populyarlığına dəlalətdir əlbəttə ki.


6 dekabr. Suominin müstəqilliyi günü
Dünyanın ən xoşbəxt insanlarının yaşadığı daha bir məkan yerli dildə Suomi adlandırılan Finlandiyadır, BMT-nin “2018-ci il Ümumdünya xoşbəxtlik məruzəsində” fin xalqı birinci pillədə qərarlaşıb. 2010-cu ildə Nesweek jurnalının versiyasında Finlandiya “Dünyanın ən yaxşı ölkəsi” elan olunub. Bax bu ölkə 1917-ci ildə öz müstəqilliyinə qovuşub, özü də bizim 1918-ci ildə müstəqilliyə qovuşmamızla onlarınkı qardaş hadisələr sayılır, çünki hər iki xalq bu müstəqilliyi Rusiya İmperiyasından qoparmağa müvəffəq olub. O vaxt finlər də bizim kimi çarizmin zülmü altında inləyirdi, qurtuldular. Həmin o 6 dekabr günündən üzübəri hər il finlər üçün 6 dekabr ən böyük bayrama çevrilib. Hakimiyyətlər dəyişir, amma yeni gələn rəhbərlər bütün xalqla birgə onlara müstəillik gətirmiş kişinin – Per Svinxufdudun başına and içirlər.
Finlandiyanın özünəməxsusluqları az deyil. Məsələn, bura göllər ölkəsidir, kiçik ərazisində 187888 göl var. Adalar ölkəsidir, 179500 adası var. Bizdə küçədə it-pişik necə gəzirsə onlarda da küçələrdə dovşanlar bax o cür gəzir. Orada gülləri saplağından üzmək insanlığa yaraşmayan hal sayılır deyə gül hədiyyə edilmir. Avropalılar əksərən provoslav və katolik olduğu halda finlər 99 faiz lüterandırlar. Bu gün bütün Finlandiya təntənəyə bürünəcək, müstəqillik yolunda həlak olanların xatirəsi kilsələrə və memorial komplekslərə getməklə anılacaq, dövlətin ən vəzifəli şəxsləri nitqlər söyləyəcəklər. Ayrı-ayrı sahələrdə nailiyyətlər əldə etmiş finlərə bu gün mükafatlar təqdim olunacaq. Tələbələrin də öz ənənələri var, başlarına iri şlyapa qoyub, əllərinə məşəl götürərək küçələri gəzəcəklər. Helsinkinin Senat meydanında konsert olacaq, göy-ağ rənglərdə çörək və şirniyyatlar bişiriləcək. Televiziyalar yalnız bayram verilişləri verəcək, finlərin qəhrəmanlıqlarına həsr edilmiş filmlər göstəriləcək. Əksər ailələr şam yeməyində restoranlara axışacaq, müstəqillik barədə diskussiyalar apararaq yeyib-içəcəklər. Prezident sarayında ölkə başçısı rəsmi qəbul keçirəcək, nədənsə şikayəti, problemi olanlar prezidentin pəncərələri önündə dayanıb əllərindəki plakata narazılıqlarını, istəklərini yazacaqlar, prezident də dərhal bu məslənin çözülməsini tapşıracaq. Amma Finlandiyada narazı olan, problemli birisini tapmaq çox çətindir. Tam maddi təminat və rifah içində yaşayan 5,5 milyonluq fin xalqının bütün təbii sərvətlərdə, dövlətin bütün gəlirlərində payı var, buna görə də finlər problemsiz, kefikök, damağıçağ yaşayırlar. Öz ağ-göy bayraqları ilə, azadlıqları ilə, firavanlıqları ilə qürur duyurlar.


6 dekabr. Digər bayramlar
Beynəlxalq sviterlər festivalı. Dəbə aid olan şən və maraqlı bir bayramdır bu. Müqəddəs Nikolay, yaxud Santa Klaus günü. Bəli, yeni il gecəsi evlərə hədiyyələr gətirən, küçələrdə durub şəkil çəkdirmək üçün poz verən, klublarda və saraylarda düzənlənən tədbirlərdə küknarın yanında dayanıb şeir deyən, uşaqlarımızın sevə-sevə “Şaxta baba” adlandırdıqları qırmızıpaltar, saqqallı kişinin prototipi keşiş Nikolay olub, bu gün onun anım günüdür.


6 dekabr Azərbaycanda Rabitə və yüksək texnologiya işçiləri günüdür. Gəlin bu sahədə külüng döyən hər kəsi səmimi qəlbdən təbrik edək, onlara səmərəli fəaliyyət arzulayaq. İspanlarda Konstitusiya, perulularda polis, filippinlilərdə ata, qazaxlarda prokurorluq, argentinalılarda qauço (kovboya bənzəyirlər), bolqarlarda müqəddəslər, amerikalılarda isə Qaspaço günüdür. Düşünməyin ki, Qaspaçonun siyasətlə, mədəniyyətlə-filanla əlaqəsi var. Xeyir. Bu, tərəvəzdən hazırlanmış şorbadır.


6 dekabr. “Daş yuxular”ın daşı
1917-ci ilin bu günündə Qalifaks limanında fransızların “Monblan” gəmisi partladılıb, 2000 hərbçi həlak olub. Fransızlar bu gün matəmə batacaqlar. 1892-ci ildə məşhur alman elektromexaniki, adına hazırda konsern olan Vener Simens vəfat edib. 1877-ci ildə “Vaşinqton post”un ilk sayı işıq üzü görüb. Amerika mətbuatının bu gün ümumi bayramıdır. 1877-ci ildə Tomas Edison fonoqrafda ilk dəfə insan səsini yazıb, bu, “Merinin balaca buzovu var idi” mahnı sözləri idi. 1768-ci ildə Şotlandiyada “Britannica” nəşri çap olunub, bu dünyanın ən məşhur ensiklopediyalarından biri hesab edilir. Berinq körfəzi var, düzdürmü, 1741-ci ildə adı körfəzə verilən danimarkalı səyyah Vitus Berinq dünyadan köçüb. 1741-ci ildə Rusiyada dövlət çevrilişi olub, 1-ci Pyotrun qızı Yelizaveta imperatritsa elan edilib. 1240-cı ildə Kiyev Batı xan tərəfindən işğal edilərək darmadağın olunub.
Bu gün dünyaya gələnlərdən bəhs edərkən bir adı çəkməmək olmur. 1937-ci ilin bu günündə Ordubad rayonunda dünyaya gələn, yeniyetmə ikən ilk oxuduğum və təsirləndiyim üç kitabdan birinin – “Adamlar və ağaclar”ın müəllifi olan, Azərbaycanın xalq yazıçısı kimi ümumxalq sevgisi qazanan, amma bütün qazandıqlarını bir səhvlə əlindən buraxan, “Daş yuxular” kimi mənfur bir roman yazmaqla xalqın heysiyyatına toxunan Əkrəm Əylislidən söhbət gedir əlbəttə. Bilirsiniz, Nobel mükafatını almaq üçün “kosmopolitizmin, miltikulturial dəyərlərə söykənməyin, öz xalqını yamanlamaq hesabına rəqib, yaxud düşmən xalqı tərifləməyin yetərli olması” illüziyası aldatdı Əkrəm Əylislini. Əli aşından da oldu, Vəli aşından da. Amma “Adamlar və ağaclar” öz möhtəşəmliyini itirməz heç bir halda.


7 dekabr. Beynəlxalq Mülki Aviasiya günü
2017-ci ildə aviakompaniyalar 37 milyon reys həyata keçirmiş, 4,1 milyard insan daşımışlar. Bu, rekord göstəricidir. Və bu göstərici aviasiyanın həyatdakı rolunun bariz nümunəsidir. Bu gün dünyada diqqət aviasiyada çalışan zəhmətkeş insanlara yönəldiləcək, eyni zamanda təhlükəsiz uçuşların təmin edilməsi təşviqatı aparılacaq. Pilotlar, stüardessalar diqqət mərkəzində dayanacaq. “Mimino” filmindən tanıdığımız gürcü pilot, “kukuruznik” sürən Vaxtanq Kikabidzeni də xatırlamaq olar. Aviasiya gününün 7 dekabrda keçirilməsinə səbəb isə 1944-cü ilin bu günündə Çikaqoda Beynəlxalq Mülki Aviasiya barədə Konvensiyanın imzalanmasıdır.
Bu günü Azərbaycanda da qeyd edəcəklər. Və məhz bu gün azərbaycanlıların aviasiya başbilənindən – AZAL konserninin prezidentindən bir sula cavab istəməyə haqqı olacaq: niyə dünyada ən bahalı aviabiletlər Azərbaycandadır?


7 dekabr. Spitak zəlzələsinin ildönümü
Bu gün üzdəniraq qonşularımız Spitak faciəsinin ildönümünü qeyd edəcəklər. Əlbəttə, biz 1988-ci ilin bu günündəki zəlzələ nəticəsində 25 min insanın ölməsini, düşmən olsalar belə, alqışlamaq fikrində deyilik, bu, insanlığa ziddir, amma bir xatırlamanı da zəruri olaraq qeyd edirik ki, həmin dönəmdə biz insanlıq və humanizm qaydalarına əməl edərək İl-76 təyyarəsi ilə 69 nəfərdən ibarət canlı qüvvə göndərərək onlara yardım etmək istədik, amma onlar bunun müqabilində təyyarəmizi qəzaya uğratdılar, 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qaldı, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı oldu. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edildi. Bu terror aktı o dönəmdə qəza hadisəsi kimi cəmiyyətə sırındı. Erməni mürdarlığının növbəti bariz nümunəsi: Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən erməni həkimlər onu müalicə etməkdən boyun qaçırdılar.


7 dekabr. Qürur günümüz!
1918-ci ilin bu günündə Azərbaycan Demokratik Respublikasının parlamentinin ilk iclası keçirilib. Saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçiliblər. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edib. Parlament  yeni hökumətin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırıb. O Fətəli xan Xoyskiyə ki, həmin 7 dekabr günündə 43 yaşı tamam olurdu. Nuxada (indiki Şəki) dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycanın azadlığına, inkişafına və demokratiyasına həsr edən bu böyük insan Məmməd Əmin Rəsulzadənin əsas çiyindaşı və silahdaşı sayılırdı.
İndi bu gündən 103 il əvvələ baxanda insan anlayır ki, tarixdə bizim də xalq olaraq qürurlana biləcəyimiz anlar olub. Amma həmin anları yaşayan o böyük kişilərin heç ağıllarına da gələ bilməzdi ki, 103 ildən sonra bizlər tərəfindən necə rəzil qiymət alacaqlar.


7 dekabr. Kovent-Qarden teatrı, Lorenso Bernini və dahi Siseron
Ukraynalıların təşəbbüsü ilə təqvimə salınmış Ümumdünya Ukrayna yaylığı günü. Çox maraqlı gündür. Qıraqlarında xırda gülləri olan ağ yaylıq dünyada gözəlliyin və sülhün simvolu kimi dolaşacaq; Qvatemalada Şeytanın yanması günüdür. Şeytanın müqəvvasını düzəldib yandıraraq şərlə mübarizəyə çağırış edəcək insanlar; Kolumbiyada xırda şamlar günüdür, bu gecə hər bir kolumbiyalı evində xırda şam yandırıb arzu-diləyini ona söyləyəcək. O ki qaldı amerikalılara, mətbəxsevər amerikalılar bu gün Milli şəkər pambığı gününü qeyd edəcəklər.
Bu gün tarixi bir hadisənin tam 30 illiyidir, 1991-ci ilin bu günündə Belorusiya, Ukrayna və Rusiya prezidentlərinin görüşündə SSRİ ləğv edilib. 1982-ci ilin bu günündə dünyada ilk dəfə öldürücü dozalı iynə ilə ölüm hökmü icra edilib, Texasda özü də. 1877-ci ildə Tomas Edison qrammofonu nümayiş etdirib. Gənc nəsil bilməz, yumru val adlanan nəsnələr vardı, həmin o qrmmafonun sələfi olan patefonlar o valları səsləndirərdi, musiqi o cür dinlənilərdi bizim uşaqlığımızda; 1870-ci ildə Ukraynanın böyük bəstəkarı, himninin müəllifi Mixail Verbitski dünyadan köçüb. 1863-cü ildə Pyetro Maskanyi – İtaliyanın məşhur opera bəstəkarı, verizm cərəyanının parlaq nümayəndəsi doğulub. 1822-ci ildə dünya elminin ən görkəmli nümayəndələrindən olan fransız kimyaçısı və bioloqu, mikrobiologiyanın banisi Lui Paster dünyaya gəlib. 1732-ci ildə Londonda Kovent-Qarden teatrı açılıb, London kral operası və London kral baleti öz tamaşalarını orada nümayiş etdirib. 1598-ci ildə “memarlıq dahisi”, “Prozerpinanın oğurlanması” şedevrinin yaradıcısı, Roma papasından Cəngavər xaçı almış Lorenso Bernini anadan olub.


7 dekabr. Böyük Siseronun anım günü
Və ən nəhayət, bu gün həm də adı dillər əzbəri olan Roma filosofu Mark Tulliy Siseronun dünyadan köçdüyü gündür. Eramızın 43-cü ilində işıqlı dünyaya əlvida deyən Siseronun bu gün bir neçə qiymətli kəlməsini xatırlayaq: “Silahlar guruldayanda qanunlar susur”, “Gizli düşmənçilik açıq düşmənçilikdən daha təhlükəlidir”, “Sülhə razılığa gəlməklə yox, qələbəylə nail olunmalıdır”, “Tamahkarlıq – başqa bir adamın sənə qarşı törətdiyi cinayətdir”, “Bütün sənətlərin ali məramı – həqiqəti araşdırmaqdan ibarətdir”, “Hətta şöhrətin əleyhinə traktatlar yazan filosoflar da kitabın üstündə öz adlarını qeyd etməyi unutmurlar”,“Qorxduğun və səndən qorxan adamı sevmək mümkün deyil”, “İnsanın ən qatı düşməni çox vaxt özü olur”, “Adama qarşı iki yolla ədalətsizlik etmək olar – zorla və aldatmaqla”, “Heç kimin almaq istəmədiyi adamın satılmamağı elə də böyük qəhrəmanlıq deyil”.


8 dekabr. Ümumdünya iqlim günü
Təqvimdə mayın 15-də də belə bir gün qeyd olunur, daha təntənə ilə qeyd olunan həmin gündə iqlimin qorunması, onun yad təsirlərdən xilası işləri təşviq edilir, ilin sonuna yaxın - bu gün isə yenidən bu qlobal məsələ xatırlanmaqla ona ikiqat diqqət ayrılmasına nail olunur. İqlim günü bir ekoloji tədbirdir, metereoloqların hazırkı və sonrakı nəsillərin xilası naminə iqlim dəyişikliklərinə yol verməməyə çağırışı hesabına ərsəyə gəlib. Uzun danışmayacağam, tək elə sos siqnalı ilə gündəmdə dayanan qlobal istiləşmənin, Arktika buzlaqlarının əriməyə başlamasının (buzlaqlar son 40 ildə 33 faiz nazilib), yağıntı normasının sürətli sıçrayışının, dəniz səviyyəsinin yüksəlməsinin bəşəriyyətin mövcudiyyatına təhlükəsi aşkar deyilmi? Climate crisis (iqlim tənəzzülü) Demokl qılıncı kimi başımızın üstündədir. İqlim dəyişkənliyinin başlıca səbəbi əlbəttə ki insandır, onun təsərrüfat fəaliyyətidir. Və biləsiniz, nəhəng zavodların atmosferə buraxdıqları zəhərli qazlar deyil əsas baiskar, burada ön sırada parnik (istixana) qazları dayanır, deməzsənmiş, biz xiyar-pomidor tamahı ilə gələcəyimizi məhv edirik.


8 dekabr. Görkəmli aktrisamız Mərziyyə Davudovanın 120 illiyi
Azərbaycanlıların sıx yaşadığı Həştərxanda anadan olan, rus-tatar məktəbində təhsil alan Mərziyyə Davudova teatr fəaliyyətinə də təhsil illərində başlayıb, həvəskarların hazırladıqları tamaşalarda oynayıb. 1918-ci ildə Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən aktrisanın rolunu bəyənərək onu Bakıya dəvət edib. Azərbaycan teatrının ilk peşəkar aktrisalarından sayılan Mərziyə Davudova 1920-ci ildə Bakıya gəlib və o gündən ta ki ömrünün sonunadək Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. O, 1956-1961-ci illərdə Azərbaycan Тeatr Cəmiyyətinin (indi Azərpaşa Nemətin sədrlik etdiyi Teatr Xadimləri İttifaqının) sədri olub. Xüsusən Cəfər Cabbarlının səhnə əsərlərində yaratdığı obrazlarla (“Aydın” (Gültəkin), “Oqtay Eloğlu” (Firəngiz), “Od gəlini” (Solmaz), “Sevil” (Sevil), “Almaz” (Almaz), “Solğun çiçəklər” (Gülnisə), “1905-ci ildə” (Sona)) adını teatr tarixinə yazıb. 1928-ci ildən filmlərə də çəkilib, kino aktrisası kimi də məşhurlaşıb. Kinoda əsasən müxtəlif xarakterli ana rollarında çıxış edən Mərziyyə xanımı xüsusən 1955-ci ildə lentə alınmış “Bəxtiyar” filmindən yaxşı tanıyırıq. O, 1933-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti”, 1936-cı ildə “Xalq artisti”, 1949-cu ildə “SSRİ Xalq artisti” fəxri adlarına, 1948-ci ildə “Stalin” mükafatına, 1959-cu ildə “Şərəf nişanı” ordeninə layiq görülüb. Mərziyyə Davudova 1962-ci il yanvar ayının 6-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!


8 dekabr. “Məlumun olsun ki...” günü
Bu gün hər kəs kiməsə bu frazayla başlayan qiymətli bir xəbər, informasiya çatdırmağa borcludur. “Məlumun olsun ki, koronavirusla mübarizədə yeni effektiv üsul tapılıb” kimi qlobal, eləcə də “Məlumun olsun ki, dostun filankəs dünən filan işi törətdi” kimi lokal məlumatlanmadan asılı olmayaraq məlumatvermə zəruridir. Gəlin biz də bu ənənəyə qoşulaq. Kimisə nədəsə xəbərdar etmək çox vacibdir, inanın. Bəzən səndə gizlənən bir informasiya kiminsə xilasına da çevrilə bilir.


8 dekabr. Xor günü
Çox sayda solistin birlikdə mahnı ifa etməsidir xor. Tarixi çox qədimdir, antik Yunanıstanda, Bizansda xor ənənələri zəngin olub. Bir çox xalqlarda masa arxasında xorla oxuma mədəniyyəti də var. Bir dəfə Gürcüstanda qonaq olarkən masa arxasındakı gürcülər (azı otuz nəfər olardılar) bir nəfər kimi “Suliko” mahnısını oxudular. Onda bir gürcüstanlı soydaşımız söylədi ki,” Bu hal ruslarda, almanlarda, şotlandlarda və qeyrilərində də var. Düşmən millət də masa arxasında xorla oxuyur. Təkcə biz xorla oxumuruq, çünki xor – birlik, ümumi mənafe deməkdir, bizdəsə birlik yoxdur, bizdə hər kəs ayrıca oxumaq, öz sözünü eşitdirmək istəyir.”


8 dekabr. Tanınmış balet ustası Tamilla Şirəliyevanın 75 yaşı tamam olur
Nə olsun ki, içimizdə baletsevən çox azdır. Gəlin Tamilla xanımı səmimi qəlbdən təbrik edək. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbində görkəmli balet ustası Qəmər Almaszadənin sinfini bitirən Tamilla xanım həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, Moskvada Xoreoqrafiya Məktəbində təkmilləşmə kursu keçib. 1978-ci ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xoreoqrafiya incəsənəti kafedrasında da dərs deyir. 1998-ci ildən kafedranın dosentidir. O, Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənə banu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Aişə, Fuyetta (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şəhrizad (“1001 gecə”, Fikrət Əmirov), eləcə də Maşa, Odetta-Odiliya, Şahzadə Florina (“Şelkunçik”, “Sonalar gölü” və “Yatmış gözəl”, Pyotr Çaykovski) rollarını məharətlə ifa edib. Eyni zamanda Qara Qarayevin “Leyli və Məcnun”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə quruluş verib. Tamilla Şirəliyeva “1001 gecə” baletində Şəhrizadın partiyasının ifasına görə 1981-ci ildə SSRİ Dövlət mükafatı alıb. O, 21 may 1970-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 10 yanvar 1978-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bu gün növbəti təltifini də gözləyirik.


8 dekabr. Lennon, Bakıxanov, Horatsiy
Bu gün finlər fin musiqisi gününü qeyd edəcəklər. Qırğızlar radio və televiziya işçiləri gününü. Yaponlar Budda bayramı olan Bodxi gününü. Özbək dostlarımız Konstitusiya, fransızlar maariflənmə və savadlanma, bolqar və makedonlar tələbə gününü qeyd edəcəklər. O ki qaldı amerikalılara, “haydı mətbəxə” şüarı ilə onlar milli bulka gününü qutlayacaqlar. Bu azmış kimi, onlar bu gün milli barmen gününü də bayram eləyəcəklər.
2013-cü ilin bu günündə Kiyevdə, Yevromaydanda xalq kütləsinin gücü ilə bolşevik diktatoru Leninin abidəsi uçurdulub. 1980-ci ildə Londonda 25 yaşlı Mark Çepmen həyat yoldaşı Yoko Ono ilə evinə qayıdan Con Lennonu bir neçə güllə ilə qətlə yetirərək bəşər tarixində ən səbəbsiz bir cinayətə imza atıb. 1941-ci ildə Polşada faşistlər ilk dəfə yəhudiləri öldürmək üçün qazdan istifadə ediblər. 1934-cü ildə sovet kişilərinin ucdantutma simpatiya bəslədikləri aktrisa, “İşdə məhəbbət macərası”, “12 stul” filmlərində şəkilmiş Alisa Freyndlix doğulub. 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində Tofiq adlı bir oğlan uşağı dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsi idi. Bu oğlan böyüyüb, adını Azərbaycan musiqisinin qızıl salnaməsinə yazdırıb. Gəlin Azərbaycanımızın görkəmli bəstəkarını, professorunu bu gün yada salaq, ruhu şad olsun deyək; 1865-ci ildə böyük fin bəstəkarı Yan Sibelius, 1861-ci ildə dünya kinematoqrafiyasının banilərindən biri, fransız Corc Melyes, eradan əvvəl 65-ci ildə isə Roma ədəbiyyatının qızıl dövrünün nümayəndəsi Horatsiy dünyaya gəliblər.


8 dekabr. Böyük faciələr günü
8 dekabr həm də bəşər tarixində böyük faciələr günü kimi tanınır, nədənsə məhz həmin gün onlarca irili-xırdalı qəzalar, yanğınlar, təbii fəlakətlər baş verib. Bir neçəsini xatırlayaq: 1966-cı ildə Egey dənizində yunanlara aid “Heraklikon” gəmisi qəzaya uğrayıb, 264 insan həlak olub. 1963-cü ildə Ginnesin rekordlar kitabına düşən ən ölümcül ildırımvurma hadisəsi baş verib, Elkton səmasında ildırıma tuş gələn Boinq 707 təyyarəsindəki 81 nəfər həlak olub. 1881-ci ilin 8 dekabrında dünya tarixinin daha bir qara səhifəsi yazılıb. Vyana şəhərindəki Rinqteatrda – komik opera teatrında dəhşətli yanğın baş verib, 850 insan yanıb kül olub. Bununla da 8 dekabrın faciələri tükənmir. 1863-cü ildə Çilinin La-Kampana kilsəsində yanğın baş verib, 2000 insan həyatını itirib.


9 dekabr. Beynəlxalq Korrupsiya ilə mübarizə günü
Bilirsiniz, elə mövzular var ki, onlar barədə ya tam təfsilatla danışmalısan, ya da susmalısan. Mən Azərbaycanın bir nömrəli faciəsinə çevrilmiş korrupsiya barədə sadəcə susmağa üstünlük verirəm. BMT-nin təşəbbüsü ilə keçirilən bu günün küləkləri təki gəlib bizim səmanın qara buludlarını da qovaydı.


9 dekabr. Beynəlxalq genosid cinayətləri qurbanlarının xatirəsi günü
Genosid cinayətləri barədə xəbərdarlıq Konvensiyasının 2-ci bəndində qeyd edilir ki, hansısa xalqı tam, yaxud qismən məhv etməyə yönəlmiş genosid cinayəti bəşəriyyətin ən qatı cinayəti hesab olunur. Gəlin xalq olaraq xatırlayaq, başımız nə qədər bəlalar çəkib. 1918-ci ildə Bakıda, Şamaxıda və Qubada, 1980-ci illərin sonlarında Qərbi Azərbaycanda, 1992-ci ildə Xocalıda ermənilər tərəfindən, 1937-ci ildə repressiya, 1920-ci ildə 20 yanvar təcavüzü şəklində sovet imperiyası tərəfindən, 20-ci əsrin 70-ci illərindən başlayaraq Cənubi Azərbaycanda soydaşlarımızın amansız təqibi şəklində fars rejimi tərəfindən genosid cinayətinə məruz qalan Azərbaycan xalqı bu gün milyonlarla qurbanını yad etməlidir, öz faciələri barədə dünyaya mesajlar ötürməlidir. Beynəlxalq təqvimləri izləmək, onların təyinatlarından faydalanmaq vacibdir.


9 dekabr. Unudulan açıqcalar
Beynəlxalq texno günüdür, bu bir musiqi janrıdır. Skandinaviya ölkələrində Anna günüdür, Milad bayramı ərəfəsi bütün evlərdə lütifeks adlanan balıq yeməyi hazırlanacaq; Milad açıqcası günüdür. Hələ də dünyada bu nəsnə insanlar üçün bir-birini təbrik etməyə yetərlidir. Bir vaxtlar bizdə də 8 martda oğlanlar qızlara, 23 fevralda qızlar oğlanlara, Yeni ildə, eləcə də 1 may və 7 noyabr paradları günlərində isə hamı bir-birini açıqca yazaraq təbrik edirdi, üstəlik, ad günlərinin də bir təbrik vasitəsiydi açıqca. Ancaq hazırda açıqca adlı nəsnəni unutmuşuq, arxivin uzaq küncünə atmışıq; Fransada milli miryan günüdür, bu bir məşvərət komitəsidir, Fransa hökumətinin sekulyarizm (dövlətin dindən asılılığına yol verməmək) prinsiplərinə riayət etməsini izləyir, ona dəstək verir; Ruslar 9 dekabrı opera günü kimi qeyd edirlər, belə ki, 1842-ci ildə Peterburqda Qlinkanın “Ruslan və Lyudmila”, 1836-cı ildə isə “İvan Susanın” operalarının premyerası olub. O ki qaldı ABŞ-a, bu gün onlarda Milli qənnadı məmulatları günüdür.
9 dekabr. Korefey sənətkarımız, Krım tatarları, Van Deyk
1973-cü ilin bu günündə SSRİ xalq artisti, adı çəkiləndə insanların üzünə təbəssüm qonan Lütvəli Abdullayev dünyadan köçüb. Şəkidə dünyaya göz açan, cəmi 59 il ömür sürən bu korifey aktyor çoxsaylı kino və teatr rolları ilə komediyanın və yumorun əsl mahiyyətini ortaya qoyurdu, çox təəssüf ki, yağışdan sonra göbələk kimi artan bugünkü şit və dayaz komediya aktyorları bu mahiyyətdən çox-çox uzaqdırlar.
Bu gün “siçan günü”dür həm də. Amma söhbət zəhlətökən boz siçandan getmir, kompüter siçanından gedir, belə ki, ilk dəfə o 1968-ci ilin bu günündə üzə çıxıb. Onu kəşf edən isə amerikalı Karl Enqelbartdır; 1917-ci ilin bu günündə qan qardaşlarımız olan və indi repressiyalar məngənəsində boğulan Krım tatarları qurultay keçirərək Krım xalq respublikasını yaradıblar; 1909-cu ildə dünya futbolunun top klublarından biri – Dortmundun “Borrusiya” klubu yaranıb. Ölkəmizdə “Borrusiya”sevənlər heç də az deyildi, Mxitaryanın transferi onların sayını sıfıra çatdırdı vaxtında; 1717-ci ildə alman incəsənətşünası, antik incəsənətin ilk tədqiqatçısı İoxim Vinkelman dünyaya gəlib. 1641-ci ildə dahi flamand rəssamı, zadəgan və intim portretlərin nömrə bir ustası Antonis Van Deyk, 1048-ci ildə isə Orta Asiyanın dünyaşöhrətli ensiklopediyaçı alimi Əl Biruni dünyadan köçüblər.


 9 dekabr. Yükdaşıyanlar günü
Bu günün daha bir təyinatı var, yükdaşıyanlar günü. Sözün hərfi mənasında çiyinlərini ağır yüklərin altına verib ruzi qazanan insanların günüdür bu gün. Tikintidə daş daşıyanlar var, anbarlarda un kisələri daşıyanlar var, onlar gündüzlər işləyirlər, axşamlar da dinclərini alırlar. Amma həm də daha ağır yüklər var, “problem”, “dərd” adlı. Bu yüklərin daşınma müddəti gecəli-gündüzlüdür özü də. Bugünkü Yükdaşıyanlar günündə həmin bu məcazi mənada yükdaşıyanları da gəlin yad edək, hamısına bir ağızdan “yükünüz yüngülləşsin” deyək.


10 dekabr. Ümumdünya futbol günü
Uşaqlıqdan futbol dəlisi olan, müxtəlif futbol bölmələrinə yazılan, “Sevinc” respublika və “Dəri top” ümumittifaq futbol yarışmalarında iştirak edən, oyunlarda iki dəfə qolunu, qabırğasını sındıran, dizindən menisk zədəsi alan, günü bu gün də azarkeşliyini davam etdirən və futbol oynayan biri kimi özümü və milonlarla futbol azarkeşini təbrik edirəm. Bu bayramı təqvimlərə BMT daxil edib, futbolun kütləviliyinə, adi oyun deyil, bir həyat tərzinə çevrilməsinə dəyər verib. Yeri gəlmişkən, “ayaqla top qovmaq oyunu” barədə ilk məlumat Çin mənbələrindədir, eradan əvvəlin ikinci minilliyinə aiddir. Qədim Roma və Yunanıstanda da 2500 il bundan əvvəl futbolabənzər oyun oynayırmışlar. Yunanlarda bu oyun “top uğrunda döyüş” adlanırmış. Növbəti xatırlatma 8-ci əsrdə İngiltərədə yaşayan saksonlarla bağlıdır, onlar döyüş zamanı öldürdükləri düşmənlərin başlarını kəsib vəhşi bir “top-top” oyunu oynayırmışlar.
Bu gün bütün dünya futbol oynayır, dünya futbolu inkişaf edir, çiçəklənir, daha sürətli, daha baxımlı, daha möcüzəvi xarakter alır. Nə yazıq ki, bu inkişafa biz azərbaycanlılar millimizin öz evində Allahın qələbəyəhəsrət cırtdan Lüksemburqundan üç top yeməsi ilə, əbədi autsayder statusu ilə tamaşa edirik. Güclülər dəstəsində hətta Bakının bir yarımrayonu olan Farer kimi multicırtdan ölkələrdəkindən də az sayda komandası olan, uşaq, əyalət və məhəllə futbolu tamamilə darmadağın edilən, kimlərinsə koppupsiya və talama mənbəyinə, milyonlarla futbolsevər üçünsə gözdağına çevrilən futbolumuz, günün mübarək!


10 dekabr. Nobel günü
Nobel Prizes Day – 1,1 milyon ABŞ dollarına bərabər olan Nobel mükafatının Stokholm şəhərində təqdimedilməsi mərasiminin şərəfinədir. Fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilən bu mükafatları İsveç Kralı rəsmi təntənəli mərasimdə şəxsən təqdim edir. 10 dekabr tarixi Alfred Nobelin 1896-cı ilin həmin günündə San-Remoda dünyadan köçməsi münasibəti ilə seçilib. İlk dəfə bu mükafat 1901-ci ilin 10 dekabrında təqdim olunub. Unutmayaq, Alfred Nobel böyük varidatını Bakı neftinin hesabına qazanıb, amma azərbaycanlılar bu mükafata həsrətdirlər.


10 dekabr. İnsan haqları günü
Bu haqda danışmağa sözüm yoxdur deyə keçirəm növbəti mövzuya.


10 dekabr. Böyük rus yazarı Nekrasovun 200 illiyi
Əsərləri dünya ədəbi xəzinəsində qərarlaşan Nikolay Alekseyeviç Nekrasov 1821-ci ildə Rusiyanın Podolsk quberniyasında mülkədar ailəsində anadan olub. 1832-ci ildə gimnaziyada oxuyarkən ilk şeirini yazıb. Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olub, 1843-1845-ci illərdə klassik rus və müasir şair, ədiblərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr edib. 1844-1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazıb ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tutub. N.Nekrasovun “Rusiyada kim yaxşı yaşayır”, “Şaxta, qırmızı burun”, “Kəndli uşaqları”, “Məhkəmə”, “Baba” və s. poemaları, “Aktyor”, “Ayı ovu”, “Lomonosovun gəncliyi” və s. pyesləri oxucular tərəfindən maraqla qarşılanıb. Kənd uşaqlarını çox sevən ədib balacalar üçün çoxlu əsərlər qələmə alıb, uşaqların təhsilə cəlb olunması üçün 1872-ci ildə öz vəsaiti hesabına məktəb də açıb. N.A.Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz bir jurnalist kimi də daxil olub.. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynayıb. Belə ki, o, 1848-1866-cı illərdə vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsinə, 1867-1877-ci illərdə isə “Oteçestvennıye zapiski” jurnalına redaktorluq edib. Nikolay Nekrasov 1878-ci il yanvar ayının 8-də vəfat edib.


10 dekabr. Şairlərimizin doğum günü
Bu gün iki Azərbaycan şairinin də doğum günüdür. Biri 1924-cü ildə Xırdalanda, əslən xızılı Ələkbər kişinin ailəsində dünyaya gəlmiş Azərbaycan SSR Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, xüsusən həmyerliləri olan xızılıların, habelə “Canlanır hər qarış çöl Sumqayıtda” şeiri ilə sumqayıtlıların sevimlisinə çevrilmiş Nəbi Xəzridir, digəri isə müasirimiz, AYB rəsmisi, orijinal şeirləri ilə yanaşı dünya ədəbiyyatından dəyərli tərcümələri ilə də seçilən, 1972-ci ildə Əli-Bayramlıda dünyaya göz açmış Səlim Babullaoğludur. Nəbi Xəzriyə Allahdan rəhmət, Səlim Babullaoğluya isə uzun ömür və cansağlığı arzulayırıq.


10 dekabr. Banişevski rüzgarı
Və bir də, bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım günüdür. 1946-ci ilin 23 fevralında Bakıda dünyaya gələn, 1997-ci ilin 10 dekabrında Bakıda vəfat edən Banişevski futbol tariximizdə Ələkbər Məmmədovla birgə ən şərəfli səhifənin müəllifidir. Bilirsinizmi nəyi xatırladım? Mən balaca idim, Sumqayıtda yaşayırdıq, Banişevskini hansısa səbəbdən “Nefçi”dən kənarlaşdırmışdılar, o, futbolsuz qalıb xeyli çəki yığmışdı, bir gün atam məni özü ilə Mehdi Hüseynzadə stadionuna apardı ki, Banişevski və Bruxti Sumqayıtın “Xəzər” klubunda oynayacaqlar. Mən sonralar “Santyaqo Bernabeu”da, “Lujniki”də, “Ali Sami Yen”də, daha haralarda derbilər, finallar izləmişəm, amma ogünkü izdihamı bir də heç yerdə görə bilməmişəm. Stadionda insanlar bir-birinin içinə girmişdilər, ətraf binaların evləri, damları, stadionun hasarları, ağacların üstü – hər yer tamaşaçılarla dolu idi, bəlkə də yüz min insan var idi.
Həmin mövsüm Banişevski Sumqayıtda bir dövrə oynadı, ona baxmağa bütün Azərbaycan axışırdı, üstəlik, Dağıstandan, Krasnodar və Rostov vilayətlərindən, Gürcüstandan azarkeşlər onun oyunundan həzz almağa gələrdilər. O bir futbol sehirbazı idi, formasını itirmişdisə də yenə də möcüzələr törədir, əlinə top keçdimi, qol vururdu. Autsayder olan “Xəzər” ənənəvi olaraq 2-3 top yeyirdi hər oyunda. Banişevski isə hər oyunda 3-4 top vurub “Xəzər”i təkbaşına qələbələrə aparırdı. Bax belə bir xatirə.


11 dekabr. Beynəlxalq dağlar günü
İnternetional Mountain Day – BMT-nin Baş Assambleyasının təklifi ilə 2003-cü ildən qeyd olunur. Planetin dörddə birini tutan dağlarda dünya əhalisinin 10 faizi yaşayır. Dağlar bir çox unikal bitkilərin, heyvanların təbii qoruğu olmaqla bütün iri çayların da mənbəyidir. Dünyanın ən hündür zirvəsi – Himalay dağlarındadır, 8844 metrlik Everest (Comolunqma) zirvəsidir, ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür dağ Mauna-Kea dağı sayılır.
Cənubi Qafqaz adlandırılan bir ərazidə yerləşməsi artıq Azərbaycanın dağlarla bağlı olmasına bir işarədir. Axı burda söhbət Qafqaz sıra dağlarından gedir. Azərbaycanın ən hündür dağ zirvələri Bazardüzü (4466m) və Şahdağdır (4243m). Kiçik Qafqaz, Zəngəzur, Dərələyəz, Murovdağ, Qarabağ, Şahdağ, Talış dağ silsilələrinə qucaq açıb Azərbaycanımız. Qərbdə Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Şuşa, cənub-qərbdə Qubadlı, şimalda Qax, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı, şimal-şərqdə Qusar, Quba, şərqdə Şabran, Xızı, cənub-şərqdə Yardımlı, Lerik sırf dağ rayonlarıdır.


11 dekabr. Ümumdünya bronxial astma xəstəsi günü
Statistikaya görə dünyanın yaşlı əhalisinin 5, uşaqların isə 10 faizi bu xəstəlikdən əziyyət çəkirlər. Ümudünya Səhiyyə Təşkilatı bu günü təqvimə saldırmaqla cəmiyyətin diqqətini bu xəstəliyə yönəltmək istəyir, onun xüsusən uşaqlar arasında sürətli artımının qarşısını almağa yönəli tədbirlər keçirməyi tövsiyyə edir. Allah bütün xəstələrə şəfa versin!


11 dekabr. Beynəlxalq tanqo günü
İçinizdə çətin ki, tanqosevər tapılmasın. Tanqo XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqsdir. Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranıb, sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulub. Dünyaşöhrətli argentinalı postmodernist Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası, həyatlarını anladırdılar.
Sözümü qəribçiliyə salmayın, hazırda ən depressiv hallarında insanlar ortaya düşüb saatlarca rəqs edirlər, bu, onların xilasına çevrilir, odur ki, ən küskün və ən kədərli anlarınızda tanqo da olmasa, tutalım, “Qaytağı” oynaya bilərsiniz.


11 dekabr. Biq Ben saatı niyə dayandı?
Deməyin ki unutmuşam. Amerikalılar dünən milli lager pivəsi gününü qeyd ediblər, bu günsə onlarda iki bayram birdəndir, “Bublikin (simitin) olsun” günü və milli əriştə günü. Ümumiyyətlə, xoşbəxt amerikalılar xoşbəxtliklərini hər gün bir mətbəxə aid bayramla qeyd edirlər, yeyirlər, içirlər. Sabaha da mütləq bir mətbəx bayramları olmamış olmaz. Amma gəlin hadisələri qabaqlamayaq.
1994-cü ilin bu günündə rus ordusu Çeçenistana soxulub. 1993-cü ildə Nyu-York auksionunda tarixin ən bahalı teleqramının satışı baş tutub: SSRİ rəhbəri Xruşovun 12 aprel 1961-ci ildə kosmosa uçmuş kosmonavt Qaqarinə təbrik teleqramı 68500 dollara satılıb. 1988-ci ildə Leninakan yaxınlığında zəlzələdən zərər çəkən ermənilərə İl-76 təyyarəsi ilə köməyə gedən azərbaycanlılar qəzaya uğradılaraq həlak olublar, bu barədə Spitak zəlzələsi barədə qeydlərimdə ətraflı yazmışdım. 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı olub. Hələ də bu terror hər yerdə təyyarə qəzası kimi qeyd olunur, biz bu erməni cinayətinin üstünün açılmasına əsla cəhd etmirik.
1981-ci ildə Londondakı Biq Ben saatı tarixində ilk dəfə dayanıb, 12:27-də baş verən olay şiddətli şaxta səbəbindən olub. 1963-cü ildə oğlu oğurlanan Frenk Sinatra bundan ötrü quldurlara 240000 dollar ödəməli olub. 1960-cı ildə fransızlar prezidentləri Şarl de Qollun müstəmləkələri olan Əlcəzairə səfəri zamanı protest edən əlcəzairliləri gülləbaran ediblər. 1946-cı ildə milyardçı və filantrop Con Rokfeller Nyu-Yorkda 18 akrlıq torpağı BMT-yə iqamətgah tikmək üçün hədiyyə edib. 1946-ci ildə Böyük Britaniyada ilk proqram kompüteri patent alıb. Həmin il YUNİSEF uşaq fondu yaradılıb. 1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan edib. 1937-ci ildə Moskvada, Böyük Teatrda Stalin “Deputat- xalqın quludur” frazasını işlədib (kaş ki,”deputat – pulun quludur” frazasını işlədəydi). 1894-cü ildə 9 firmanın iştirakı ilə Parisdə dünyanın ilk avtosalonu açılıb. 1872-ci ildə ABŞ tarixində ilk dəfə qaradərili şəxs qubernator olub – Luizanada Pinki Stüart. 1785-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru 2-ci İosif masson lojalarının leqallaşdırılması barədə qərar qəbul edib. Və ən nəhayət, 630-cu ildə Məhəmməd peyğəmbər 10 min nəfərlik ordunu Məkkəyə yeridib.


11 dekabr. Hüseyn Nihal Atsızı yad edək!
Bu gün təqvimdə doğulan və vəfat edən çox sayda ünlülərin adları qeyd edilib. Bəzilərinə mütləq nəzər salmağımız gərəkiyir. 1975-ci ildə İstanbulda çağdaş türk ədəbiyyatının zirvələrindən sayılan, böyük türkçü və turançı Hüseyn Nihal Atsız 70 yaşında dünyasını qeyb edib. 1969-cu ilin 11 dekabrı şahmat üzrə ən güclülərdən biri, dünya çempionu, hindistanlı Vişvanatan Anandın doğum günüdür. 1953-cü ildə “Maşina vremeni” rok-qrupunun solisti Andrey Makareviç dünyaya gəlib, ölkəmizdə onun pərəstişkarları həddən artıq çoxdur. 1945-ci ildə stratosferdə Yer kürəsini zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon qatının olmasını kəşf etmiş fransalı fizik Şarl Fabri dünyadan köçüb. 1933-cü ildə Azərbaycanın görkəmli yazarı, maarifçisi Əbdürrəhman bəy Haqverdiyev dünyadan köçüb. 1918-ci ildə rus dissident yazıçısı Aleksandr Soljenitsin doğulub. Onun “QULAQ arxipelaqı” əsərini yəqin ki, oxuyanlarınız az deyil. Soljenitsin ilə eyni gündə Azərbaycanın xalq yazıçısı Bayram Bayramov da dünyaya gəlib. Sovetlər dönəmində ulduzu parlayan bu yazıçının müstəqillik dönəmində bəxti gətirməyib. Uzun söhbətdir. 1913-cü ildə bir vaxtların ən kult filmi olan “Fantomas”da baş rol almış məşhur fransız aktyoru Jan Mare dünyaya gəlib. 1882-ci ilin 11 dekabrı Nobel mükafatçısı, kvant mexanikasının banisi, alman fiziki Maks Bornun doğum günüdür. 1864-cü ildə soyğunçu Qaben obrazı ilə tarixə düşmüş fransız yazıçı Moris Leblan anadan olub. 1856-cı ildə marksizm ideoloqu, filosof Georgi Plexanov doğulub. 1843-cü ildə isə Nobel mükafatçısı, vərəmin müalicəsini tapmış alman mikrobioloqu Robert Kox dünyaya gəlib.


11 dekabr. Oşo günü
Hamısını dedim, Oşonu sona saxladım. 1931-ci ildə Hindistanda doğulan, adı dillər əzbəri olan din xadimi və filosof Oşonun təlimləri Azərbaycanda çox məşhurdur, onu gənclər sevə-sevə oxuyurlar. Oşonun qızıla bərabər kəlamları var, onlardan bəzilərini diqqətinizə çatdırıram: Həyat, qorxunun bitdiyi yerdə başlanır; Əgər bir gülü sevirsinizsə onu qırmayın. Çünki siz onu qıranda o gül ölür, sizin sevdiyiniz də ölür. Deməli, əgər gülü sevirsinizsə, qoyun, o yaşasın. Sevgi nəyəsə sahib olmaq deyil, onu qiymətləndirməkdir; Kədər dərinlik, xoşbəxtlik yüksəklikdir. Kədər kök atır, xoşbəxtlik qol-budaq atır. Xoşbəxtlik başı göylərə dəyən ağac kimidir, kədər isə yerin dərin qatlarına işləyən kök kimidir. Hər ikisi vacibdir. Ağac nə qədər yüksəkliyə qalxsa, onun kökü də dərin olur; Körpə dünyaya gələndə ana da doğulur. Körpə doğulmazdan əvvəl o qadın idi, ana yox; Mən bu dünyanı sevirəm, çünki bu dünya  mükəmməl deyil. Mükəmməl deyil, ona görə də inkişaf edir. Əgər mükəmməl olsaydı, çoxdan ölərdi, inkişaf etməzdi; Bu dünyaya çoxlu insan gəlib, sonra bu dünyanı tərk edib. Bu çox yaxşıdır. Onlar daha yaxşılar üçün yerləri boşaldırlar; Xoşbəxt olmağın çox sadə yolu var. Nə edirsinizsə edin, qoymayın ki, keçmiş sizin beyninizə köçsün, qoymayın ki, gələcək sizi narahat etsin. Çünki keçmiş artıq yoxdur, gələcək isə hələlik yoxdur. Xatirlərdə yaşamaq, xəyallarda mövcud olmaq mövcud olmamaqdır.


12 dekabr. Heydər Əliyevin anım günü
Bugünkü Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 18 il keçir. 2003-cü ildə ABŞ-da, Klivlenddə vəfat edən Heydər Əliyev 80 il yaşayıb, həyatı boyu ən yüksək kürsülərdə əyləşib. Hər şey dünyaya gəldiyi Naxçıvandan başlayıb. O, 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Orada iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Qorbaçov hakimiyyətinəcən davam edən bu vəzifədaşımaya Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda xitam verilib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, Heydər Əliyev hakimiyyətini qoruya bildi. Bu dönəmlərdə iki gündəmdə duran məsələ də öz həllini tapdı: 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1994-cü il sentyabrın 20-də isə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olundu.


12 dekabr. Xeyriyyəçilik günü
Azərbaycanın tarixdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçisi olub, məktəblər açaraq savadsızlıqla mübarizə aparan, xaricdə tələbələr oxudub ölkənin ziyalı potensialını yaradan, iş yerlərini ardıcıl sıralayaraq həm Azərbaycanın iqtisadiyyatını gücləndirən, həm insanlara çörək verən, yaraşıqlı binalar tikdirib Bakının hüsnünü gözəlləşdirən, incəsənətə pul qoyaraq xalqının milli mədəniyyətinin inkişafına böyük töhfələr verən, hətta Pakistanın epidemiyadan qırılan əhalisinə yardım etməklə iki xalqın əbədi dostluğunu təmin edən bu böyük şəxsiyyətə haqlı olaraq “Millət atası” deyiblər. Və bu Xeyriyyəçilik günündə məhz onun adını çəkmək bizim borcumuzdur. Çox təəssüf ki, hazırda ölkədə milli burjuaziya olmadığına görə xeyriyyəçilik hərəkatı da Kamil Zeynallı, Elçin Ləmbəranski kimi bir-iki nəcib və vətənpərvər insanın ianə toplamaqla həyata keçirdiyi xırda aksiyalar şəklini alıb. Dünyada isə xeyriyyəçilik missiyasını çox iri kompaniyalar, milyardçı filantroplar həyata keçirirlər, dövlətlər də onları dəstəkləyir. ABŞ  və digər dövlətlərdə xeyriyyəçilik barədə ayrıca dövlət siyasəti də aparılır, müvafiq qanunvericilik qüvvədədir. Dünya bu gün xeyriyyəçi qurum və şəxsiyyətlərə minnətdarlıq ifadə edir. Xeyirxahlar olmasa dünya məhvərindən çıxar, biləsiniz.


12 dekabr. Neytrallar, Araz Ağalarov, Aytmatov
Beynəlxalq neytrallıq günüdür həm də 12 dekabr. Müharibələrə qoşulmayan Avropanın cırtdan dövlətlərini, habelə İsveçrəni yada salaq. Neytral qala bilmək böyük xoşbəxtlikdir, belədə məğlubiyyət təhlükəsindən tam sığortalanmış olursan. Ümumdünya tam tibbi təminat günüdür. Allah bizləri bacarıqsız həkimlərlə və dava-dərmansız xəstəxanalarla sınağa çəkməsin əsla. Zınqırovda zəng çalma günüdür. Bəzi ölkələrdə bol-bol zınqırov çalınacaq. Amerikada milli ambrosi günüdür. Elə bildim nədisə hərblə bağlı bir gündür, deməzsənmiş, söhbət meyvə salatından gedir.
1979-cu ildə milyonçu Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov dünyaya gəlib. Ata pullarını eyş-işrətə deyil, sənətə xərcləyən bu istedadlı gənc çoxlarına nümunə ola bilər. 1980-ci ildə neft maqnatı Armand Hammer 5,3 nilyon dollara London auksionunda 1508-ci ilə aid Leonardo da Vinçinin 36 səhifəlik qeydlər dəftərini alıb. 1979-cu ildə SSRİ “politbürosu” Əfqanıstana qoşun yeridilməsi barədə qərar qəbul edib. 1935-ci ildə Henrix Gimmler “Həyat mənbəyi” adlı nasist əhali artımı proqramını ortaya çıxardıb. 1928-ci ildə dünyaşöhrətli qırğız yazıçısı, “Kötük”, “Gün var əsrə bərabər” kimi romanlarla adını ədəbiyyat tarixinə yazmış Çingiz Aytmatov dünyaya gəlib. 1925-ci ildə ABŞ-da “Motel” adlı yolkənarı otel açılıb, bütün motellər adlarını burdan götürüblər. 1917-ci ildə Fransada hərbi eşelon qəzaya uğrayıb, cəbhədən sağ-salamat qayıdan 700 fransız əsgəri həlak olub. 1821-ci ildə “Madam Bovari” adlı romanı əl-əl gəzən fransalı yazıçı Qustav Flober doğulub. 1792-ci ildə Vyanada 19 sent ödəməklə 22 yaşlı Lüdviq van Bethoven Frans Yozef Qaydndan ilk musiqi kompozisiyası dərsi alıb. Həmin il rus komediyalarının atası Denis Fonvizin rəhmətə gedib. 1766-cı ildə isə rus yazıçısı və tarixçisi Nikolay Karamzin doğulub.


12 dekabr. Qaradərililərin möcüzəsi
Həyatda elə təsadüflər olur ki, onların zərurətdən doğulması əsla inandırıcı görünmür, amma təsadüfün miqyası da insanda şübhələr yaradır. Elə bax indi deyəcəyim də. Bilirsiniz ki, Afrikanın Keniya adlı ölkəsində dünyanın ən bərk qaçan insanları doğulurlar. Hüseyn Boltun vətəni idmanın qaçış növü üzrə bütün medalları daşımaqda pərgardır. Demək, 1969-cu ilin 12 dekabrında Keniyada gələcəkdə qaçış üzrə ən müxtəlif çempionluqlar qazanacaq Uilfred Kiroşi dünyaya gəlib. 1971-ci ilin yenə də 12 dekabrında Keniyada çempionluqlar sıralayacaq qaçışçı Semmi Korir, 1972-ci ilin 12 dekabrında isə çempionluqlar sıralayacaq digər qaçış ustası Uilson Kipketer doğulublar. 1974-cü ilin yenidən 12 dekabrında bu ölkədə növbəti qaçış üzrə çempionlar çempionu Bernard Laqat doğulub. Yox, hamısı deyil. 1990-cı ilin yenə də 12 dekabrında bu ölkədə daha bir qaçış çempionu – Nikson Çepseba doğulub. Demək, 12 dekabrda balaca ölkədə birdən-birə 5 dünya çempionu atlet ad gününü qeyd edəcək. Möcüzə deyilmi?


12 dekabr. Aşıq Pənahın 95 illiyi
Sovetlər dönəmində bütün dövlət konsertlərində başında iri papaq olan bəstəboy bir aşıq çıxış edər, saz çalar, rəqs edər, pariyadan, Lenindən mahnılar oxuyardı, Əlipənаh Ələsgər оğlu Pənаhоv (Аşıq Pənаh) idi o. Salyan rаyonunda аnаdаn оlan Aşıq Pənah Şirvan aşıqlarının yetişdirilməsində müstəsna rol oynamışdı. İşin ideoloji tərəflərini çıxsaq, insafən, yaxşı aşıq idi, sadəcə, qırmızı kommunist kabusuna xidmətdən sui-istifadə etmişdi.
Aşıq Pənahın yaradıcılığında dörd və beşbəndlik gəraylılar və qoşmalar əsas yer tutur, məşhur gəraylılarından “Dilbər”, “İnciyər”, “Vurulmuşam”, “Ana Kürüm”, qoşmalarından isə “Desin”, “Uşaqlar”, “Bu yanda dur”, “Gördüm” və s. adlarını çəkmək olar. Aşıq Pənah iki dastanın (“Sülh”, “Pambıqçılar”), 18 aşıq havasının (“Dilbər”, “El gözəli”, “Ala gözlüm”, “Yeddi qardaş”, “Səhər nəğməsi”, “Azərbaycanım” və s.), 128-ə qədər qoşmanın müəllifi olub, onun “Saz və söz”, “Sözlərimi saxla yadda”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitabı işıq üzü görüb. Аşıq Pənаh kеçmiş SSRİ-nin müхtəlif şəhərlərində, Finlandiya, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Hindistan kimi xarici ölkələrdə Azərbaycan mədəniyyətini, aşıq sənətini təbliğ edib, mədəniyyətimizin inkişafı sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1978-ci il аvqust ayının 26-da vəfаt еdən aşığın adını Salyanda bir küçə, 1 lisey və Salyan rayon Yenikənd Folklor Evi daşıyır. 2007-ci ildə haqqında film də çəkilib.


12 dekabr. Üçlərin vəfatı
Və ən nəhayət, 12 dekabrda üç tanınmış Azərbaycan ədibi dünyasını dəyişib. Xalq şairi Cabir Novruz, xalq yazıçısı Hüseyn Abbaszadə, habelə istedadlı istiqlalçı şair Ağamalı Sadiq. İndi Cabir Novruzdan “Gecikmiş məhəbbət” şeirini əzbər deyərəm, amma bilirəm ki, onu çoxunuz bilirsiniz. Odur ki, vaxtsız aramızdan gedən böyük şair Ağamalı Sadıq Əfəndidən bir-iki bənd demək istədim həftəyə yekun olaraq:
Bu dünyanın axırına inandım,
Əzəlini gülə-gülə yaşadım.
Yaş keçdikcə daşa dəydi inadım,
Korun-korun, gilə-gilə yaşadım.
Sən əylənmə, aylı dağda qar azdı,
Mənim yolum Həkəridi, Arazdı
Görən yazan taleyimə nə yazdı?
Göz yaşımı silə-silə yaşadım.