BİR DİREKTOR, BİR ŞAGİRD - Zaur Yusifov və Aydan Həsənova Featured

Rate this item
(6 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Aydan Həsənova ilə görüşürük. 

 

DİREKTOR

Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə  Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.

 

ŞAGİRD

Mən, Həsənova Aydan Ceyhun qızı 2007-ci ildə Bakı şəhərində doğulmuşam. Bakı şəhəri, Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Klassik ədəbiyyatı  xoşlayıram. Hekayələr oxumağı sevir və boş zamanlarımda esse yazmaqla özümü çox gözəl hiss edirəm. 3-cü qrupa hazırlaşıram.

  

ESSE

Müharibə, çarəsiz insanlar, fəryad çığırışları, ana naləsi, atəş səsləri, sahibsiz oyuncaqlar, torpaqdakı qan ləkələri və Azərbaycan tarixi...

Azərbaycanın tarix xəritəsinə baxdığımızda qanlı izlər görünür, ana naləsi, atəş səsləri eşidilir.

Tarix boyu nə qədər faciələr yaşandı bu torpaqda. Dost dediyimizlər bizi əvvəldən istəməyən, bizi içdən-içə bitirməyə çalışan bir düşmən çıxdılar. Hər qonşumuzda bir parçamız əsir qaldı. Hər zaman bizi ayırmağa, bir- birimizə həsrət qoymağa çalışdılar. Bizim "Azadlıq məşəli"mizi söndürməyə çalışdılar. Bu yaşlı torpaqdan kimlər gəldi, kimlər keçdi...

Bizim xalqımız neçə-neçə faciələrə sinə gəldi. Bizə qarşı törədilən faciələrdə kimisinin körpəsi, övladı qətlə yetirildi, gözlərinin önündə. Neçə uşaq anasız, atasız qaldı. Neçə-neçə uşaqların gözlərinin önündə anası, atası can verdi. Nə qədər oyuncaq sahibsiz qaldı. Hər tərəfdə atəş səsləri eşidilirdi. Bəziləri canı yarım halda fəryad edirdi, yerdəki qan ləkələri, izləri insanı dəhşətə gətirirdi. Bu hadisələr hər kəsin kabusuna çevrildi. Günahsız insanlar hər dəfə yuxularında ailələ üzvlərinin necə öldüklərini görürdülər.

20 Yanvar, Xocalı faciəsi, Mart soyqrımı, Qarabağ müharibəsi və başqaları...

Bunların hər biri dəhşətdir. İnsanlığa ziddir. Bəzən bütün bunlar nə üçün Azərbaycanın-xalqımızın başına gəlir? -deyə düşünürük. Bəlkə də, xalq, millət olaraq, çox ürəyiaçıq, hər kəsi özünə dost bilən olduğumuz üçündür?! Bəzən gözlərimizlə baxdıqlarımız görmədiklərimizin sənət əsəridir.

Azərbaycan oğulları tökülən qanı yerdə qoymadılar və qoymayacaqlar da. 

Müzəffər Ali Baş komandanımız və torpağımız üçün hər an canını fəda etməyə hazır olan igid, qəhrəman ordumuzun sayəsində "44 günlük Qarabağ müharibəsi"ndən alnıaçıq, üzüağ şəkildə  çıxıb bütün dünyaya: "Qarabağ Azərbaycandır", söylədik. 

Vətən torpağı qanla sulananda Vətən olur.  Torpağımız bizimdir, bizim olacaq!

Şəhidlər ölməz, Vətən bölünməz!

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)