BİR DİREKTOR, BİR ŞAGİRD - Elmira Bayramova və Aida Musayeva Featured

Rate this item
(1 Vote)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız hələ ki Qusarda  qonaqdır. 4 nömrəli tam orta məktəbdəyik. Direktor Elmira Bayramova və öncül şagird Aida Musayeva ilə görüşürük. 

 

DİREKTOR

Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramova. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini 1986-cı ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 

Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.

 

ŞAGİRD

Mən- Aida Musayeva Rasim qızı 6 sentyabr 2009-cu il Qusar şəhərində anadan olmuşam. Qusar şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Arzum Tibb Universitetinə qəbul olmaqdır. Kitab oxumağı çox sevirəm, bu vaxta qədər çoxlu kitablar oxumuşam. F.Dostoyevski, Vilyam Şekspir kimi dahi yazıçıların əsərlərini mütaliə etməyi sevirəm.

 

ESSE

“Özünüz olun, daha çoxu olmağa çalışsanız, heç bir şey olmayacaqsınız." (Vilyam Şekspir)

Günümüzdə bir çox insanların uğur qazanması bəzilərinin sevincinə səbəb olsa belə, bəzilərinin paxıllığına səbəb olur. Bəzi insanlar isə uğur qazanmaq üçün başqa insanlara bənzəməyə çalışırlar. Əslində bu doğru deyil. Uğur qazanmaq istəyən şəxs əvvəlcə özü olmaldır, başqası yox. Öz fərqli düşüncələri, müxtəlif tərzdə tamamilə özünəməxsus ideyaları ilə seçilməlidir. Uğura gedən yolda sən sadəcə özünü necə yaxşı, necə mükəmməl görürsənsə, həmçinin elə olmalısan. Başqa insanların ideyalarını oğurlamaqla onlar kimi düşünməklə, onlar kimi yaşamaqla biz nə orijinal ola bilərik, nə də həyatda uğur qazana bilərik. İcazə verin siz başqalarına yox, başqaları sizə bənzəməyə çalışsın, başqaları sizi nümunə götürsün. İnsan mütləq özünü sevməlidir. Özünə hörmət etməlidir. İnsan ilk öncə özünə hörmət etməlidir ki, başqalarının da hörmətini qazansın. Hal-hazırda bir çox insan bənzəməyə çalışdığı insandakı xüsusiyyətlər özündə yoxdur deyə özünü pis hiss edir, lakin bu belə olmamalıdır. Biz öz xüsusiyyətlərimiz ilə fərqlənməliyik. Başqa insanlarla özümüzü müqayisə etməməliyik. Bir insan özünü nə qədər sevirsə onda o qədər də özünəgüvən hissi yaranır. Özgüvənli bir insan isə daima irəli gedir. Əgər bir insan özündəki xüsusiyyətləri bəyənmirsə və uğur qazanacağına inanmırsa, həmin insan daim başqalarına bənzəməyə çalışacaq. Başqalarına bənzəməyə çalışan insan isə heç bir uğur əldə edə bilməyəcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)