Tarif şurası, Black Friday günü və Qodzilla adlı timsah Featured

Rate this item
(0 votes)

Həftənin təqvimi hər bazar ertəsi Varisin təqdimatında

 

22 noyabr. Beynəlxalq oğul günü

2014-cü ildə Guardian nəşri təşəbbüs göstərdi ki, Beynəlxalq kişi günü keçirilirsə, qoy oğul günü də keçirilsin. İnternational Son Day belə yarandı. Günün ilkin anlamı ailəsindən müvəqqəti, yaxud daimi ayrı yaşamağa məcbur olmuş oğulların ailələri ilə görüşməsinə vəsilə olmaq idi. Öncə bu günü ingilisdilli ölkələr qeyd edirdilər. Amma artıq digər ölkələr, hətta bizim postsovet məkanından Ukrayna, Rusiya da qeyd etməyə başlayıb.

Məmməd Araz demişkən, “Vətən mənə oğul desə, nə dərdim. Mamır olub qayasında bitərdim”. Ata-anaya oğul olmaq bir ayrıdır, vətənə oğul olmaq bir ayrı. O, vətəni çapıb talayanlar, onun sərvətini qamarlayanlar deyil onun əsil oğulları, əsil oğullar vətənçün canlarını verənlərdir, vətənin zillətini görənlərdir. Beynəlxalq oğul günündə öz oğulluq funksiyalarını yerinə yetirdiyini səmimiyyətlə düşünən hər kəsə təbrik düşür.

 

22 noyabr. Beynəlxalq kimçi günü

Özünün nəhəng assosiasiyası olan, iki elmi-tədqiqat institutu, muzeyi olan, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınan kimçi nədir axı? İnanmazsınız, yemək növüdür, vətəni də Koreyadır. Tək naharda və şamda deyil, səhər də yeyilən kimçi koreyalılar üçün adı qida deyil, bir həyat tərzidir. Və həqiqətən də hər xalqın hünəri deyil ki, öz adi yeməyini dünyaya bu cür tanıtdırıb onu sevdirə bilsin. Əlbəttə, sual ediləcək ki, bu yeməyin tərkibi nədən ibarətdir? Pekin kələminin sarımsaqla, qırmızı istiotla, yaşıl soğanla, müxtəlif tərəvəzlərlə (badımcan, bibər, pomidor, kök, xiyar və s.), göyərtilərlə və bol ədva ilə qarışdırılan çox acılı şorabasıdır. Təsəvvür edin ki, kimçinin 122 növü vardır. Kimçi piyəridəndir deyə dietik yemək hesab edilir, vitaminlə boldur, üstəlik, soyuqdəyməyə qarşı da güclü təsirə malikdir.

Və çox maraqlı bir qeyd. O ki bizim ana-nənələrimiz payızda çəlləkdə, iri qazanlarda kələm şorabası qoyurlar e, vaxtı yetişəndə onu üzə çıxarırlar, məhz 22 noyabr günü kimçi qoyanda o daha dadlı-ləzzətli çıxır sən demə. Mən bilmirəm, Koreyaya gedib gələn həmyerlilərimiz ondan dadıbmı, yaxud Koreya ilə bizim dostluq cəmiyyətindəkilər kimçi barədə bilgiyə malikdirlərmi, amma mən məmnuniyyətlə ondan dadmaq istədim. YouTube-da hazır reseptlər var, nə deyirsiniz, bəlkə kimçi hazırlamağa cəhd edək?

 

22 noyabr. Avtomobillə seyrəçıxma günü

Bu günü təqvimə daxil edənlər onu əsas götürüblər ki, soyuq və bomboz payız günündə avtomobilin asta sürətində şüşədən sarı-qəhvəyi yarpaqları, tələsən insanları, küləyin uçurduğu kağızları, narın yağış damcılarını seyr etməklə bu payız gözəlliklərini duymaq bir ayrı həzzdir. Deyək, kimçiyə əlimiz yetmir, avtomobillə seyrə ki çıxa bilərik?

 

22 noyabr. Humanist cəmiyyət günü

Hansı dövlət, hansı xalq humanist cəmiyyətə malikdirsə ona zaval yoxdur. Biz “humanizm” sözünü çox eşidirik, onu işlətməyə də bir növ adətkarıq. Amma əksərən bunu “yaxşılıq” sözünün sinonimi kimi qəbul edirik. Humanizm sözü latın sözüdür, kökü “insan” anlamı verən “homo”dur, dəqiq tərcüməsi “insanlıq”dır. Ensiklopediyada humanizmə belə tərif verirlər: “Humanizm - insanın öz həyatının məzmununu və formasını müəyyən etmək hüququna və öhdəliyinə malik olduğunu iddia edən demoktarik və etik həyat mövqeyidir.”

Humanizm insan bərabərliyinə söykənir, hətta ali canlı olan insanın digər canlılardan uca tutulmasını da təqdir etmir, adi quşun, böcəyin belə yaşamaq haqqını qəbul edir. Dilimizdəki “alim olmaq asandır, insan olmaq çətin” deyimi var, bu deyim xalqımızın insaniyyətə necə böyük dəyər verdiyini bildirir.

Əlbəttə, humanizm gözəl şeydir, yetər ki, onun haqqında qeyri-demokratik və qeyri-etik həyat mövqeyi sərgiləyənlər gen-bol danışmasınlar.

 

22 noyabr. Stolıpinin tarif şurası

Bu gün müxtəlif xalqlar müxtəlif bayramlar qeyd edirlər, düşündürücü və əyləndirici bayramlar. Ondan başlayaq ki, Azərbaycanda Ədliyyə işçilərinin peşə bayramıdır, içlərində olan ədalətli, vicdanlı olanları, heç kəsin haqqını taptalamayanları gəlin səmimi qəlbdən təbrik edək. Mətbəx bayramlarına alüdə olan amerikalılarda bu gün Milli giləmeyvə günüdür. Nuşi can. Yaponlardakı bayramın adı ər və arvad günü deyil əsla, o bayramın adı yaxşı ər və yaxşı arvad günüdür. Venesuelada psixoloq, Qırğızıstanda prokurorluq, Kosta-Rikada müəllim, Albaniyada əlifba, Virgin adalarında ağacəkmə günüdür. Banklarının hamısına sidqi-ürəkdən bankrotluq arzuladığım Ermənistanda isə bu gün bank işçisi günüdür.

2004-cü ilin bu günündə Ukraynada Narıncı inqilab başlayıb. 1990-cı ilin bu günündə Marqaret Tetçer istefa verib. 1963-cü ilin bu günündə Dallasda əsrin qətli baş verib: Osvald adlı birisi ABŞ prezidenti Con Kennedini güllələyib. 1933-cü ilin bu günündə Şəkidə kinorejissor Rasim Ocaqov dünyaya gəlib, Azərbaycan kino sənətinə “Tütək səsi”, “İstintaq”, “Ad günü”,“Təhminə” kimi şedevrlər bəxş edib o. 1922-ci ilin bu günündə Gəncədə dünyaya bir uşaq gəlib ki, sonradan öz ecazkar musiqisi ilə bütün dünyanı valeh edib. Böyük bəstəkar Fikrət Əmirovdan söhbət gedir. 1916-ci ilin bu günündə məşhur Amerika yazıçısı Cek London dünyadan köçüb. 1906-cı ildə Azərbaycanımızın da daxil olduğu Çar Rusiyasında Stolıpin islahatları başlayıb. Varlıların varidatını qorumaq şərti ilə kəndlilərin əməyi sayəsində aqrar sektorun dirçəldilməsinə hesablanmış bu islahat hardasa bizim Tarif Şurasının kasıb zümrənin istismarı hesabına büdcə doldurmaq üçün ildə üç-dörd dəfə qiymətləri qaldırmasına çox bənzəyir. 1890-cı ildə şöhrətli fransız sərkərdəsi və prezidenti Şarl de Qoll dünyaya gəlib. 1675-ci ilin bu günündə Ole Ryemer Paris akademiyasına işığın sürətini ölçə bilmək barədə kəşfini təqdim edib.

 

23 noyabr. Türk dünyasının böyük sərkərdəsi Ənvər Paşanın 140 illiyi

Azərbaycanın taleyində əhəmiyyətli rolu olan Ənvər Hacı Ahmet oğlu (İsmail Enver) 1881-ci il noyabr ayının 23-də İstanbulda anadan olub. 34 yaşında ikən polkovnik və bir qədər sonra general-mayor, 1916-cı idə isə general-leytenant rütbəsi alan bu şəxs 1914-cü ildə Osmanlı ordusunun Baş qərargah rəisi, 1916-cı ildə Osmanlı sultanının xüsusi yavəri, 1917-ci ildə hərbi nazir təyin edilib. “İttihad və tərəqqi” partiyasının liderlərindən biri, türk xalqlarının mənəvi-siyasi birliyi ideyasının - turançılığın fəal tərəfdarlarından olub. Rusiya müstəmləkəçiliyindən inləyən Azərbaycandakı və Dağıstandakı milli azadlıq hərəkatını dəstəkləmək üçün Qafqaz İslam Ordusunun yaradılması qərarını o verib, ordunun komandanı vəzifəsini qardaşı Nuru Paşaya etibar edib. 1918-ci il iyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilədən sonra Ənvər Paşa Azərbaycana hərbi qüvvələr göndərilməsinə dair göstəriş verib, bu tarixi unutmayaq.

Antanta müttəfiqləri tərəfindən 1-ci dünya müharibəsində məğlub edilmiş Osmanlı dövləti üçün təslim aktı olan Mudros barışığı (1918) imzalanandan sonra Ənvər Paşanın həyatına təhlükə yaranmışdı və o, 1918- ci il noyabrın 8-də hökumətin bir neçə üzvü ilə birlikdə Azərbaycana gəlmək üçün gizlicə Türkiyəni tərk etdi. Alman gəmisi ilə Krıma gələn Ənvər paşa Şimali Qafqazda hərbi şəraitin kəskinləşməsi üzündən Azərbaycana gələ bilmədi və Moskvaya gedəsi oldu. Orada “İslam ihtilal cəmiyyətləri ittihadı”nı yaratdı, bu cəmiyyətin nümayəndəsi kimi 1920-ci il sentyabrın 1-də Bakıya hər halda gələ bildi, orada keçirilən Şərq xalqlarının qurultayında iştirak etdi. Bolşevik hökuməti ilə əməkdaşlığın onun əqidəsinə zidd olduğunu anlayan Paşa 1922-ci ildə Tacikistana keçdi, sovet-bolşevik işğalçılarına qarşı azadlıq mübarizəsinə qoşuldu. Mərd komandan 1922-ci il avqust ayının 4-də Tacikistan ərazisində, Abi-Dərya çayı kənarında bolşevik qüvvələrinə qarşı döyüşdə şəhid oldu. XX əsrin 90-cı illərində onun nəşi İstanbula gətirilərək torpağa tapşırıldı. Ruhu şad olsun!

 

23 noyabr. Fibonaççi günü

Bu gün orta əsrlər Avropasının ilk məşhur riyazıyyatçısı Leonardo Pizanskinin şərəfinə elan edilib, odur ki, bu günün qeyri-rəsmi adı riyazıyyatçılar günüdür, bizə də o qalır ki, riyaziyyatçıları təbrik edək. Psixologiya belə izah edir ki, bu dəqiq elmə alüdə olan adamlar duyğusallıqdan, sentimentallıqdan tam uzaqda olurlar. Amma riyaziyyatçılar unutmasınlar ki, Leonardo müəllim özü əsl sentimental biri olub, çox hissə qapılmış, çox kövrəkmiş rəhmətlik.

 

23 noyabr. Dramaturq Aqşin Babayevin 75 illiyi

Onu çoxlarımız Milli Məslisdən tanıyırıq. Aqşin  Babayev hələ uşaqlığından yazı-pozuya meyilli olub, 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı”, “Göyərçinlər öpüşür” və s. kitabların müəllifidir o, ümumilikdə onun 40 kitabı nəşr olunub. Televiziyada uzun illər çalışıb, 1975-1990-cı illərdə AzTV-də sədr müavini vəzifəsini daşıyıb. 1996-cı ildən filologiya elmləri doktoru elmi adını, 1998-ci ildən professor elmi rütbəsini alıb. Onun “Yaralar”, “Cəza”, “Tufan”, “Düşmən”, “Bir parça həyat” əsərləri tamaşaya qoyulub, ssenarisi əsasında telefilmlər çəkilib. 1986-cı ildə “Kişilər az yaşadı” povest və hekayələr toplusu Moskvada rus dilində kütləvi tirajla nəşr olunub. 1969-1979-cu illərdə ingilis, fransız, ərəb və ispan dillərində çap olunan “Moskow news” qəzetində Azərbaycan üzrə xüsusi müxbirlik də edib. 1991-2006-cı illərdə o, Milli Məclisinin Mətbuat xidməti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xidmətlərinə görə Aqşin müəllim 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı, 1980-ci ildə “SSRİ televiziya və radio əlaçısı” nişanı, 1986-cı ildə “Əmək Veteranı” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə tətif edilib. 1987-ci ildə Azərbaycanın “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona II dərəcəli Dövlət müşaviri rütbəsi verilib. Aqşin Babayev 2020-ci il iyun ayının 10-da Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin!

 

23 noyabr. Xose Orosko və Klod Loppen

Gürcülərdə Qiorqoba günüdür, dini bayramdır. Yunanıstanda Heredot günüdür, elmi bayramdır. Meksikada donanma, Litvada döyüşçü günüdür, hərbi bayramlardır. ABŞ-da isə Milli espresso günüdür, həm də Milli keşyu qozu günüdür, təbii ki mətbəx bayramlarıdır.

2003-cü ilin bu günündə Gürcüstanda Qızılgül inqilabı baş verib, Şevardnadze istefaya getməli olub. 1996-cı ildə 6000 rus əsgərinin ərazidən çıxarılması ilə Çeçen müharibəsinə rəsmən son qoyulub. 1898-ci ilin bu günündə Böyük Vətən Müharibəsinin ən yaxşı tankı olan T-34-ün konsrtuktoru Mixail Koşkin doğulub. Həmin gün SSRİ-nin daha bir məşhur hərbi xadimi – marşal Rodion Malinovski də doğulub. 1883-cü ildə 20-ci əsr təsviri sənətinin ən əsas novatoru sayılan meksikalı rəssam Xose Orosko dünyaya gəlib. 1682-ci ildə isə başqa bir məşhur rəssam – barokko epoxasının ən böyük peyzajçısı, fransız Klod Loppen dünyadan köçüb.

 

23 noyabr. Vahid Əziz günü

Bu gün Azərbaycanın Xalq Şairi Vahid Əziz ömrünün 76-cı baharına qədəm qoyacaq. Yeniyetməliyimin sevgi şairi Nüsrət Kəsəmənli olduğu kimi gəncliyimin də sevgi şairi Vahid Əziz olub. Onun şeirləri o qədər qəlbimi oxşayıb ki, bir oxumaqla əzbər bilmişəm, bəzən gözüm tutan qızlara ardıcıl söyləyəndə bu qədər şeir bilməyimə təəccübləniblər.

Dünyanın yollarına daha göz qoymuram mən,

Dünyada hər bir yolun öz həsrətli gözü var,

Hər açıq pəncərənin bir ümidli səhəri.

Gəlsən qapımı döymə, dəli edərsən məni

 

24 noyabr. Beynəlxalq təkamül günü

1859-cu ilin bu günündə Çarlz Darvin “Növlərin əmələ gəlməsi” adlı əsərini çap etdirdi, bununla da dünya elminin bel sütunu sayılan Təkamül nəzəriyyəsi ortaya çıxmış oldu, hər bir canlının ibtidaidən aliyə inkişafının əsaslarını ortaya qoyan bu təlim hazırda hər bir sahədə öz inikasını ortaya qoymaqdadır. Eləcə də empirik sahədə.

Təkamülü əqillə, beyinlə əlaqələndirən dünya təmayülündən fərqli olaraq bizdə təkamülün səbəbini maddi sərvətlər bolluğu ilə hazırkı ölçmə tendensiyası isə kökündən yanlışdır.

 

24 noyabr. Dost qazanma günü

Niyə belə bir gün? Ona görə ki, bu gün Deyl Karneginin anadan olduğu gündür. 1888-ci ilin bu günündə Missuri ştatının Merivil fermasında dünyaya gələn, hədsiz yoxsulluq içərisində yaşaya-yaşaya Dövlət Pedaqoji Kollecində əla təhsil almağa müvəffəq olan bu şəxs nimdaş geyimi, normal qidalana bilməməsi müqabilində nədəsə fərqlənməyi, nədəsə nümunə olmağı qarşısına məqsəd qoymuşdu, müvəffəqiyyətli təhsili ilə kollecdə hamını qabaqlamış, üstəlik, əla natiqlik qabiliyyəti ilə böyük auditoriyaları ələ ala bilmiş, zaman keçdikdən sonra isə bir psixoloq, kouç, motivasiya spikeri kimi bütün dünyaya uğur qazanmağın, karyera qurmağın, xoşbəxt olmağın sirlərini açıqlayaraq məşhurlar məşhuruna çevrilmişdi.

Şəxsən mən hansı auditoriyada gənclərlə görüşürəmsə əksəriyyəti imkansızlıqdan şikayətlənib bədbinliklərini, ruhdandüşmə səbəblərini bununla izah edirlər. Budur, Deyl Karneginin həyatı hamı üçün örnək olmalıdır. İnsana nimçədə xoçbəxtliyi heç kəs vermir, onu gərək özün öz səyin, məqsədyönlülüyün sayəsində əldə edəsən.

Karneginin doğulduğu günün “dost qazanma günü” adı altında qeyd edilməsinin səbəbi isə dünyaşöhrətli kouşun ən məşhur təlimlərindən biridir - “Dostları necə qazanmalı”.

 

24 noyabr. Sənin unikal istedadının günü

Dünyada yaşayan milyardlarla insan var ki, hər kəsə doğulanda genlə müəyyən istedad ötürülür. Çox təəssüf ki, əksərən insanlar öz istedadlarından bixəbər yaşayıb adi ömür sürürlər, fərqlənmək şanslarını itirirlər. Ona görə də insanın ilk növbədə özünü tanımağı bacarması böyük xoşbəxtlikdir. Mən məmnuniyyətlə sizə bir əhvalat danışmaq istəyirəm. 1872-ci ildə Polşada doğulan yəhudi Morris Xirşfild on səkkiz yaşında ABŞ-a mühacirət edibmiş. Sadə peşə nümayəndəsi imiş, dərzi və çəkməçi kimi çalışırmış. 1935-ci ildə 63 yaşında o, təqaüdə çıxıb, amma işsiz-gücsüz darıxıb. Başını qatmaq üçün o, çox şeyə əl atıb, nəhayət, boya və fırça götürüb, kətan üzərində rəsmlər çəkməyə başlayıb. Heç bir təlim almayan Morris, təbii ki, avanqardizmdən uzaq, tam realist rəsmlər çəkməyə başlayıb, naşılığı, təcrübəsizliyi onun çəkdiyi qadın, pişik, pələng rəsmlərini adətən uşaqlar çəkən rəsmlərə bənzədib. Bununla belə, bu rəsmlərdə o qədər isti işıq, rəng koloriti, o qədər cazibə olub ki, mütəxəssislər onlarda orta əsr incəsənətinin heraldika obrazlarını sezməyə başlayıblar. Beləcə, Morrisin rəsmlərinə diqqət yaranıb, artıq iki il sonra -- 1937-ci ildə Nyu-York Müasir İncəsənət Muzeyi bu rəsmləri yaxşı qiymətə Morrisdən alaraq öz eksponatına çevirib, onun fərdi sərgisini təşkil edib. Onun “İtlə qız” rəsmini isə şəxsi kolleksiyalardan birinin sahibi o dövr üçün astronomik qiymətə -- beş yüz on milyon dollara alıb. Beləcə, başını qatmaq üçün rəsm çəkməsi içində rəssamlıq istedadı gizlənən qoca dərzini məşhur rəssama çevirib.

 

24 noyabr. Repressiya qurbanı olan tanınmış tənqidçi Əli Nazimin 115 illiyi

Əliəkbər Mahmud oğlu Mahmudzadə (Əli Nazim) 1906-cı il noyabr ayının 24-də Təbriz şəhərində anadan olub. Tezliklə ailəsi Rusiya imperiyasına aid olan Batum şəhərinə köçüb. Orada rus dilini mükəmməl öyrənən Əli Nazim Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda təhsil alıb. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb, qiymətli dərsliklər yazıb. Ədəbi tənqid sahəsində parlaması 1932-1936-cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” jurnalı haqqında “Realist, satirik və sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Nəsrəddin haqqında bir neçə söz” kimi maraqlı əsərlər yazıb dərc etdirməsi sayəsində olub. Əli Nazim 20-30-cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən idi. O, Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri ilə Azərbaycan ədəbiyyatını layiqincə təblig edirdi. Çox təəssüf ki, 1937-ci ilin repressiyası onu da qurbana çevirib. Əli Nazim SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 oktyabr 1937-ci il tariхində keçirdiyi 15 dəqiqəlik məhkəmə iclasında 10 il müddətinə azadlıqdan məhrum edilib, 23 avqust 1941-ci ildə həbsxanada vəfat edib. Düzdür, ölümündən sonra SSRİ Ali Məhkəməsinin qərarı ilə ona bəraət verilib, amma daldan atılan daş topuğa dəyər.  

 

24 noyabr. Arktika ölkələrində suiti günü

Yadıma uşaq vaxtlarımda Sumqayıtın Xəzər sahilində dəfələrlə suiti cəsədlərinə rast gəlməyim düşdü. O vaxt çirkab suların, kimya zavodlarının zəhərli tullantılarının dənizə axıdılması nəticəsində bu həssas heyvanlar sürətlə qırılırdı. Yəqin ki qırılıb qurtardılar da. İndi Arktika ölkələri ictimaiyyətinin suiti gününü qeyd etməklə bu momont və dinozavr dövrü canlılarına bənzər unikal canlıların mühafizəsini vacib hesab etdikləri məqamda heç bilmirəm də niyə mənim yadıma özümüz kimi aciz və köməksiz olan öz suitilərimiz düşdü.

 

24 noyabr. Dahi Barux Spinoza anılacaq

Qardaş Türkiyədə müəllim, Portuqaliyada elmi mədəniyyət, Hindistanda Teq Bahadur əzabkeşləri (bizim Aşura gününə bənzər bir gün) günüdür, ABŞ-da isə bu gün mətbəxdə siyənək balığının bir növü sayılan sardin balığı hökmranlıq edəcək, çünki onlarda milli sardin günüdür.

Bu gün dünyaşöhrətli filosof Barux Spinozanın da doğum günüdür. 1632-ci ildə dünyaya gələn bu ən böyük panteistin o qədər mükəmməl fikirləri var ki. Məsələn, bu: İnsanın əldə edə biləcəyi ən əhəmiyyətli fəaliyyət anlamağı öyrənməkdir, çünki başa düşmək azad olmaqdır. Yaxud bu: Xurafatı meydana gətirən, qoruyan və bəsləyən səbəb qorxudur. Yaxud bunlar: Etdiklərindən peşman olan ikiqat bədbəxtdir; Keçmişi təkrarlamaq istəmirsinizsə, onu öyrənin. Bu isə, əsl şedevr deyilmi? Dövlət tərəfindən akademiyalar ağılları inkişaf etdirmək üçün deyil, onları cilovlamaq üçün qurulur.

 

25 noyabr. Kəlbəcərin de yure azadlığı günü

Kəlbəcər rayonunun sahəsi 3054 km2-dir, bu nəhəng ərazili rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardır. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. Rayonunun əhalisinin sayı 85,5 min (01.04.2013) nəfərdir. Əhalisinin 98 % azərbaycanlılardan, 2 % ruslardan, İrandan gəlmə kürdlərdən və digər millətlərdən təşkil olunub. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir.

Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunu başdan-başa gülüstan adlandırmaq olar. 30 000-dən artıq bulağı olan rayon əsl təbiət muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaq var. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti dünyanı gəzir, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murov və Dəlidağ əsl məğrurluq və gözəllik rəmzi sayılır.  Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca təbiəti seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.

Kəlbəcər rayonu ərazisində Azərbaycanın qədim xristianlıq dövrünə aid çoxlu tarixi abidələr var, Xaçın knyaz sarayı, Gəncəsər, Havaptux, Müqəddəs Tanrı anası monastırları, Mamakan xatun, Müqəddəs Stepanos və Xilaskar kilsələri bu qəbildəndir.

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu. 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 32 ambulatoriya və aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşmışdı. Ötən il sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan müzəffər Azərbaycan ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Düzdür, hazırda rus sülhməramlılarının “niyyətləri” Azərbaycanın ərazi bütövlüyünə maneçilik törədir, amma hər şeyin yaxşı olacağına ümidimiz böyükdür.

 

25 noyabr. Şükranlıq günü

Bu gün xristian dünyası insanları Allaha onlara verdiyi ömür, nazu-nemətlər üçün minnətdarlıq bildirəcəklər. Şükranlıq günü qədirbilməz, daim narazı insanları tərbiyələndirəcək bir gündür. Yaxşı olar ki, müsəlman dünyası da bu ənənəyə qoşulsun. Çünki şükranlıq etmək Quranda da buyrulub.

 

25 noyabr. Beynəlxalq qadınlara qarşı zorakılığın ləğv edilməsi günü

Bu günün qeyd edilməsini BMT Baş Assambleyası 2000-ci ildə lazım bilib, beynəlxalq təşkilatları, qeyri-hökumət orqanlarını mövcud problemə ictimaiyyətin diqqətini cəlb etmək üçün tədbirlər keçirməyə dəvət edib. Bəs niyə 25 noyabr? Çünki 1961-ci ilin həmin günündə Dominikan Respublikasında padşah Truxilyonun əmri ilə 3 siyasi fəal - Mirabal bacıları vəhşicəsinə qətlə yetiriliblər.

“Zərif və zəif cinsin nümayəndələri olan qadınlara qarşı zorakılıq cəmiyyəti və ailələri iflic vəziyyətinə salır, buna yol vermək olmaz” söyləyir BMT qətnaməsi. Əlbəttə ki, düz buyurur. Mən bu yerdə ölkəmizlə bağlı cəmi bir neqativ fakta toxunmağı özümə borc bilirəm. Xüsusən Cənub bölgələrimizdə 13-14 yaşlı kiçik qızların ərə verilməsi cinayətdir, bununla hələ də yetərli mübarizə aparılmır.

 

25 noyabr. Gorasöymə günü

Təqvimdə 25 noyabra düşən maraqlı qeydetmələr var, məsələn Ev mətbəxi günü. Deyilir ki, kafe-restoran qidası nə qədər dadlı olsa belə ev mətbəxinin yerini verə bilməz. Yaxud, Alış-verişi xatırlama günü. Son dönəmdə aldıqlarının siyahısını tutub əmin ol ki, onların nə qədəri boşunadır, pulunu yelə vermisən. Amerikalıların isə bu gün qeyd etdikləri gün Milli dostunla ye günüdür, yəni, bu gün boğazından tək çörək keçirmə, dostunla nuşi-can elə.

1889-cu ilin bu günündə İstanbulda dünyaya Rəşad Nuri Güntəkin gəlib. Əsərləri dillər əzbəri olan bu yazıçının “Çalı quşu” romanı xüsusən məşhurdur, kitabı yüz minlər oxuyub, serialına isə yüz milyonlar baxıb. 1562-ci ilin bu günündə Madriddə də məşhur ispan dramaturqu, əsərləri günü bu gün də aktuallığını itirməyərək teatr repertuarlarına daxil edilən Löpe de Veqa doğulub.

Bu gün dünya doğum günü bu günə təsadüf edən Çili hərbi xunta yaradıcısı Auqusto Pinaçetin – bəşəriyyətin ən qanlı diktatorlardan birinin goruna söyəcək, biz azərbaycanlılar da gəlin bu gün doğulan, sovet diktaturasının ən bariz nümayəndəsi, xalqımıza zillətlər yaşatmış erməni Anatas Mikoyanın göruna söyək. Rusiyadakı həmyerlilərimizdən də xahiş edək ki, nə olar, milli qürur nümayiş etdirin, o köpək oğlunun adına olan kolbasa kombinatının kolbasa-sosislərini alıb yeməyin.

 

26 noyabr. Ümumdünya informasiya günü

İnformasiyanın insanlığa təsirinin masştabı hələ də dəqiq öyrənilməyib. Hər halda, bəşəriyyətin inkişafı üçün informasiya ən vacib detallardan biridir, informasiyasızlıq hardasa elmsizlik anlamı qədərdir. Hazırda BMT-nin tərkibində ayrıca Beynəlxalq İnformasiya Akademiyası fəaliyyət göstərir, böyük elmi-praktik işlər aparılır, qlobal forumlar, diskussiyalar, konfranslar, dəyirmi masalar təşkil olunur. İnformasiyanın inkişafı aparıcı təsisatlar üçün vacibdir, bununla tərəqqi səviyyəsi ölçülür. İnformasiya texnologiyalarının sürətli inkişafı da məhz elə cəmiyyətlərin informasiyalaşmasına xidmət edir. Ayrıca söhbətin mövzusudur ki, bəzi avtoritar rejimlər informasiyasızlıq mühiti yaratmaqda maraqlıdırlar.Bir baxın, Sovetlər dönəmində dövlət informasiya siyasətinə necə diqqət ayırırdı, KİV böyük terrorlar, cinayətlər, millətlərarası toqquşmalar, korrupsiya və nöqsanlar barədə bütün məlumatları əhalidən gizləyirdi, əhali tam məlumatsız idi. 20 yanvarı bir xatırlayın. Sovet qoşunları Bakıya soxulanda ilk olaraq Televiziyanın enerji blokunu sıradan çıxarmışdılar ki, əhaliyə informasiya çatdırılmasın. Ayrıca, KQB-nin şayiəgəzdirmə siyasəti də var idi, hər hansı yanlış bir informasiya çuğulçular vasitəsi ilə insanların arasında yayılırdı.

İndi də sosial media ayrı-ayrı avtoritar hakimiyyətlərin əsl başağrısına çevrilib, çünki indi hər bir kəs həm informasiya alandır, həm də informasiya yayan. Sosial mediada insanların təqib edilməsinə belə əl atan bu rejimlər BMT-nin xoş məramı ilə dabandabana zidd siyasət yürüdürlər.

 

26 noyabr. Qara cümə - Black Friday

Bu ənənə 1952-ci ildən başlayıb, vətəni ABŞ-dır – qara cümə günündə misligörünməmiş ticarət endirimləri etmək dünya mağazalarının dövriyyəsini xeyli artırır, insanlar böyük izdihamla mağazalara yüyürürlər. Təsəvvür edin ki, kişilərin böyük əksəriyyəti necəsə həzz almaq barədə düşündükləri zamanda qadınların 74 faizinin fikrini məhz alış-veriş məşğul edir, odur ki, endirimlər hətta 80 faizə çatan qara cümə günü qadınların əsl bayramıdır.

ABŞ-da 2013-cü ilin qara cümə günündə 61,4 milyard dollarlıq mal satılıb. Tək elə bu fakt qara cümə anlamının nə qədər populyar olduğuna bir işarədir.

 

26 noyabr. Heç nə almamaq günü

Buy Nothing Day-in təşəbbüskarı reklamçı Ted Deyvdir, o, cəmiyyətə aşılamağa çalışır ki, hər gün nəsə almaq bizi xoşbəxt edə bilməz, dünyada pulla satılmayan həzzlər də var, təbiətin qoynuna çıxmaq, özünü idmana, incəsənətə həsr etmək, dostlarla ünsiyyətdə olmaq və s. Bu günün başqa bir anlamı da insanların ildə bircə gün bərabərləşməsidir, imkanlıların hər gün hətta lazımsız şeylərə belə milyonlar xərclədiyi, kasıbınsa bir kömbə çörəyə pul tapmadığı ədalətsiz cəmiyyətdə bir gün hamını eyni – sıfır büdcəsində saxlamaq da az iş deyil.

Təqvimə görə bu gün hər il noyabrın sonuncu cümə günündə qeyd edilir, bu da gəlib Black Friday günü ilə üst-üstə düşür. Bəli bu məhz Black Fridey-in əksinə yönəli bir təbliğatdır. Deyv reklama aldanıb insanları pullarını yelə verməməyə çağırır.

 

26 noyabr. Beynəlxalq piylənmə ilə mübarizə günü

Qarnını irəli verib üzərində dumbul çalan kişilər, irəli çıxın, sizin gününüzdür, artıq çəkiyə görə depressiyaya düşsələr belə bir oturuma bütov bir tortu aşıran kök qadınlar, sizin gününüzdür. Bir gün iradəyə təslim olub artıq kalori yığmasanız nə olar ki? Sonra daha bir gün, daha bir gün, bir də görərsiniz ki, əməlli-başlı arıqlamısınız.

Ürək-damar sisteminin, hipertoniyanın, diabet xəstəliyinin səbəbkarı olan piylənmə ilə niyə axı yoldaşlıq edəsiniz ki?

 

26 noyabr. ANS günü

Yox, təqvimdə belə bir gün yoxdur. Amma insanların qəlbində var. 1991-ci ilin bu günündə - düz 30 il əvvəl SSRİ məkanında ilk özəl telekompaniya yarandı – ANS. Partokratik televiziyaya öyrəşmiş xalq ilk dəfə azad fikrə, azad sözə şahidlik etdi. ANS bir məktəb oldu, dəqiq, qərəzsiz xəbərin ünvanı oldu. İndi bu cür tam müstəqil ideologiyası olan, bəzək-düzəksiz xəbər çatdıran televiziyanı ancaq arzulamaq olar. Ad gününüz mübarək, ANS-çilər! Hazırda çoxunuz yüksək kürsülərdə oturmusunuz, bəziləriniz itib-batmısınız. Amma pulunuzun və imtiyazınızın miqdarından, hansı cəbhədə dayanmanızdan asılı olmayaraq siz hamınız eyni şineldən çıxmısınız, bu gün 24 saatlıq həmin şinelə qayıtmağınız mütləqdir.

 

26 noyabr. Xalq rəssamı Fərhad Xəlilovun 75 illiyi

1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədri olan Fərhad Xəlilovun yaradıcılığında Avropa və rus rəssamlıq ənənələri Şərq mədəniyyəti ilə vəhdət təşkil edir. Əsərlərində Abşeron motivləri əhəmiyyətli yer tutur: çimərliklər, dəniz görüntüləri, yarımadanın kəndləri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan... Onun əsərləri üçün rənglərin və fəzanın real vəhdəti xarakterikdir. Təsvirləri mücərrəd minimalizmə yaxındır və əsasən cənub təbiətindən gələn təəssüratların obrazlı şəkildə ifadəsidir. Əsərləri dəfələrlə keçmiş SSRİ-də, Avropada, dünyanın müxtəlif qalereya və sərgilərində nümayiş etdirilib. Çox əlamətdar bir tarix: 2008-ci ildə Moskvada, məşhur Dövlət Tretyakov Qalereyasında Fərhad Xəlilovun fərdi sərgisinin təntənəli açılışı mərasim keçirilib, yaradıcılığının 30 ildən artıq dövrünü əhatə edən retrospektiv sərgidə 80-nə yaxın rəsm əsəri nümayiş etdirilib. O cümlədən ən yaxşı sayılan “Görüş”, “Xatirə”, “Torpaq naxışları”, “1984-cü ilin baharı”, “Axşamın gec saatları” əsərləri.

Fərhad Xəlilov 2008-ci ildə Rusiya Bədaye Akademiyasının həqiqi üzvü, 2016-cı ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru seçilib, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafat­landırılıb. İncəsənətimizin inkişafındakı xidmətlərinə görə o, 2002-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2009-cu il tarixli Sərəncamı ilə fərdi Prezident təqaüdçüsüdür. Xalq rəssamımızı təbrik edir, ona cansağlığı və yeni-yeni əsərlər arzulayırıq.

 

26 noyabr. Digər əlamətdar hadisələr

Qadınlar üçün daha bir özəl gün: Beynəlxalq qadınların hüquqlarının müdafiəsi günü. Tarqovıya feministlər axışacaqmı görən? Polisin qorxusundan çətin axışalar.

Monqollar Respublika, hindistanlılar konstitusiya, ukraynalılar logist gününü qeyd edirlər. Amerikalılarda isə bu gün milli tort günüdür.

1970-ci ilin bu günündə Qvadelupada yağan leysan tarixə rekordçu kimi düşüb, 1 dəqiqəyə 38,10 mm yağıntı! 1890-cı ildə bizim neftdən xalq olaraq götürdüyümüz gəlirlə müqayisə olunacaq dərəcədə sudan gəlir götürən gürcülər böyük bayram yaşayıblar – “Borjomi” mineral su yatağı aşkara çıxarılıb. 1939-cu ildə sevilən amerikalı rok müğənni Tina Tyorner dünyaya gəlib. 1894-cü ildə kibernetikanı yaradan amerikalı riyaziyyatçı Norbert Vinner doğulub. 1607-ci ildə ingilis missioneri Con Harvard doğulub ki, məşhur universitet məhz onun adınadır. 1516-cı ildə də məşhur italyan rəssamı Covanni Bellini dünyasını dəyişib.

 

27 noyabr. İynə və sap günü

Nədir bu günün anlamı, dərzilərləmi bağlıdır? Dərhal deyim ki, yox. İynə və sap – bir-birini tamamlama günüdür. Sapsız iynənin, iynəsiz də sapın bir dəyəri olmadığı üçün onlar vəhdətin simvoludurlar. İnsanların da, bildiyiniz kimi həyatda ikinci yarısı, onunla vəhdət təşkil edəcək tərəf-müqabili olur. Bu iynə və sap günündə hamıya öz vəhdət yarısını düz tapmağı, səhv etməməyi arzulayıram.

 

27 noyabr. Ukraynada milli matəm günü

Bu gün qardaş Ukrayana xalqı Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 1932-33-cü illərdə ukraynalıların kütləvi olaraq aclıqdan qırılması faktı mövcuddur. 13 milyon insanını həyatını itirdiyi o dəhşətli hadisənin səbəbini uzun illər Sovet rejimi dövrün çətinlikləri, taxıl ehtiyatlarının tükənməsi, quraqlıq, eyni zamanda əksinqilabi ünsürlərin törətdikləri sobotajlarla izah edib. Amma perestroykanın aşkarlıq siyasəti sovetlərin müdhiş cinayətinin üstünü açıb. Sən demə, 30-cu illərdə Ukraynanı bürüyən milli-azadlıq hərəkatının, Ukrayna xalqının sovet imperiyasından qopma tələblərinin müqabilində Kreml süni aclıq yaradaraq xalqı cəzalandırıbmış.

 

27 noyabr. Nüfuzlu alim Zakir Qarayevin 80 illiyi

Gəlin qocaman alimimizi təbrik edək və haqqında bəzi bilgilər əldə edək. 2001-2004-cü illərdə İstanbul Universitetinin Tibb fakültəsi, Mikrobiologiya və immuno­logiya kafedrasında professor vəzifələ­rində çalışan, 2004-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasına müdirlik edən Zakir Qarayev müxtəlif mikroorqanizmlər, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infeksiyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olan görkəmli alimimizdir. (Üstünə düşsə, covid əleyhinə vaksin də hazırlaya bilər). O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Z.Qarayevin yazdığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında qələmə alınan yeganə əsərdir. Onun rəhbərliyi altında 69 fəlsəfə doktoru, 20 elmlər doktoru hazırlanıb. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqres təşkil edib, 2009-cu ildə Bakıda 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin prezidenti kimi konqresin təşkilatçısı olub. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur. O, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

27 noyabr. Karandaş yadınıza düşürmü?

Hərb sevgili ruslar dəniz piyadası gününü bayram edəcəklər. Braziliyada əmək təhlükəsizliyi, İspaniyada müəllim, Britaniyada Lankaşir, Tailandda sağlamlığı möhkəmləndirmə günüdür. ABŞ isə bu dəfə Milli kremli Bavariya tortu gününü qeyd edəcək.

2010-cu ilin bu günündə amerikalı rejissor, “Ulduz müharibələri” və “Heç vaxt heç vaxt demə” kimi məşhur filmlərin rejissoru İrvin Kerşner dünyasını dəyişib. 1940-cı ildə xüsusən uşaqların çox sevdiyi, filmlərinə baxmaqdan doymadıqları, kinematoqrafiyanın savaş filmləri janrının ən görkəmli nümayəndəsi, Çin əsilli Amerika aktyoru Bryus Li doğulub.

1901-ci ildə Mixail Rumyantsev – məşhur sovet klounu dünyaya gəlib. Uşaqkən bir dəfə atam məni Bakı Sirkinə aparmışdı, Karandaşın məzhəkəsinə. Bax Karandaş həmin Rumyantsevin təxəllüsüydü. Nə qədər gülmüşdümsə başımdan ağrı qalxmışdı. Sonradan – gərək ki, 83-cü ildə onun vəfat etməsi xəbərindən çox sarsılmışdım, xatırlayıram. O vaxtın yumoru, məzhəkəsi indiki kimi bayağı deyildi, hər bir ştrix hansısa anlamı ifadə edirdi. Həm gülürdün, həm düşünürdün.

1895-ci ildə isveçli Alfred Nobel Bakı neftindən qazandığı milyonlarının vəsiyyətnamə yazaraq Nobel fonduna köçürülməsini təmin edib. 1701-ci ilin bu günündə başqa bir məşhur isveşlinin – astronom, geoloq və meteroloq Anders Selsinin (temperaturun dərəcə ölçüsü onun adıyladır) doğum günüdür. 1095-ci ildə Roma Papası 2-ci Urbanın qərarı ilə tarixdə ilk səlib yürüşü baş tutub. E.ə. 8-ci əsrdə isə antik dünya ədəbiyyatının tanınmış siması, şair Horatsiy dünyasını dəyişib.

 

28 noyabr. Xanuka günü

Bu gün qardaş yəhudi xalqının böyük bayramıdır, Xanukadır. Bu gün bütün Sinaqoqlarda möcüzənin şərəfinə şam yandırılacaq. Möcüzə isə eradan əvvəl 164 cü ildə Yehuda Makkaveyin ordusunun Çar Antiox üzərində qələbəsi şərəfinə məbədi şamlarla işıqlandırarkən baş verib, cansız aləm canlanıb.

Bayram 8 gün davam edəcək, işıq, sevinc, əylənmək, dadlı qida və şən oyunlar bayramı olan Xanuka hər bir yəhudinin ən sevdiyi bayramdır. Mütləq süfrəyə oladi şirniyyatı qoyulur və mütləq evlərdə şam yandırılır. İlk gün bir, hər gün artıra-artıra son gün də səkkiz şam yandırılır. Məktəblərdə tətil elan edilir, uşaqlara bol hədiyyələr vermək də bayramın atributudur. İsraildə yaşayan uşaqlar fırfıranı fırladıb sehirli “Böyük möcüzə burda olub” söyləyirlər, tarixi vətənlərində yaşamayanlar isə “burda” sözünü “orda” sözü ilə əvəz edirlər.

Gəlin səmimi qəlbdən yəhudiləri bayram münasibətilə təbrik edək!

 

28 noyabr. Yeni il mövludunun başlanğıcı

Bu bayramı isə xristianlar qeyd edirlər. Qırx gün davam edən mövludda əsas məqsəd xristianları qırx gün ərzində xristian kilsəsinin ən böyük bayramına – İsa peyğəmbərin doğum gününə hazırlamaqdır. Bu gündə bayram piroqu bişirmək, yumurta boyamaq adəti nəsildən nəslə keçir. Tolerant xalqıq, xaçpərəstləri də təbrik edirik.

 

28 noyabr. “Özünə əlavə baş düzəlt” günü

Darıxan insanların düşünüb təqvimə saldıqları bir gün. Hər cür maddi tələbatları ödənən insanlar darıxanda bundan da ağıllı bir şey tapmazlar ki. Özünə əlavə baş düzəlt. Palçıqdan, plastilindən, gipsdən, daha nədən. Ya da, düzəltməyə bir şey yoxdusa, əlavə başın şəklini çək. Bir başla yaşamaq yaxşıdır, iki başla isə daha yaxşıdır. Bir başın əzilsə belə digərinə güvənə biləcəksən.

 

28 noyabr. Con Lennon əfsanəsi

1974-cü ilin 28 noyabrında Nyu-Yorkun Medisson Skver Qarden konsert zalında dünyanın musiqi əfsanəsi Con Lennon son dəfə səhnəyə çıxdı. Sonradan tarixdə qalmaq naminə bir alçaq fanatı tərəfindən öldürülən Lennon hamının yadında elə o son konsertindəki xəfif təbəssümü ilə qaldı, Mişel oxudu, İməcn oxudu. Hər bir müğənni üçün ilk və son konserti həyatının ən əsas konserti olur. Əfsus ki, Con Lennon son konsertinə çıxanda bunun son olduğunu bilmədi. Bilsəydi, bəlkə də yüz milyonların sevgisinin müqabilində səhnədən heç çıxmazdı...

1970-ci ildə İtaliyada fəaliyyət göstərərək dünyanı qorxu altında saxlayan “Qırmızı briqada” sol terror dəstəsi Pirelli zavodunda partlayış törədərək ilk terror aktını həyata keçirmiş olub.1954-cü ildə İtaliya əsilli amerika fiziki, atom bombasının yaradıcılarından biri, Nobel mükafatı laureatı Enriko Fermi dünyasını dəyişib. 1943-cü ildə tarixin məşhur Tehran konfransı baş tutub, Ruzvelt, Çörçil və Stalin faşist Almaniyasının taleyini həll ediblər. 1918-ci ildə Sovet Rusiyası Estoniyanı işğal edib. 1880-ci ildə rus simvolist şair Aleksandr Blok dünyaya gəlib. 1820-ci ildə isə marksizmin banilərindən biri, alman filosofu Fridrix Engels doğulub.

 

28 noyabr. Öldür ki, abidə qoyasan

Ən nəhayət, sonuncu qeydlərim 2007-ci ildə baş vermiş bir hadisə ilə bağlıdır. Ukraynanın Mariupol şəhərindəki səyyar zooparkdan həmin ilin mayında Qodzilla adlı timsah qaçır. Düz altı aylıq axtarışdan sonra noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu Mariupol İstilik Elektrik Stansiyasının su blokunda tapırlar. Bu inanılmaz möcüzə idi. Ağıllı timsah yüz minlərlə insanın gözündən oğurlanaraq hardasa 7-8 kilometr məsafə qət etmiş, İES-də sığınacaq taparaq azadlığına qovuşmuşdu, orada da 6 ay müddətində gözə görünmədən yaşamaq hünərinə imza atmışdı. Dərhal xəbər hər yana yayılır. İnsanlarda Qodzillaya qarşı müdhiş simpatiya yaranır. Amma özünə azad həyat qurmuş xoşbəxt timsahı FHN əməkdaşları zorla İES ərazisindən çıxarıb FHN-in yanğındansöndürmə idarəsində saxlayırlar ki, sonradan zooparka qaytarsınlar. Zavallı heyvan oradaca canını tapşırır.

Bu hadisə 6 ay həyəcanda olan bütün şəhər əhalisini sarsıtmışdı, narazılıqlarına səbəb olmuşdu. Sonradan Mariupolda Qodzillaya abidə də qoyuldu. Öldür ki, sonradan abidə qoyasan! Təzada bir bax. Əksərən çox ağıllı insanları da ya çartladıb, ya da güllələyib öldürürlər ki, sonradan onlara uzun-uzadı nekroloqlar yazsınlar, qəbirlərinə çox bahalı əklillər qoysunlar, dövlət təltiflərinə layiq görsünlər, abidə ucaltsınlar. Abidələr əksərən səmimiyyətə deyil, məkrə xidmət edirmiş.

Bax belə.