BİR DİREKTOR VƏ BİR MƏKTƏBLİdə 39 nömrəli məktəbdən növbəti şagird: Rəsul Əsgərov Featured

Rate this item
(18 votes)

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

Vəd etdiyimiz kimi, hər məktəbdən 4 şagird təqdim edəcəyik. Bu gün 39 nömrəli məktəbin 2-ci şagirdi təqdim ediləcək. 

 

DİREKTOR

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 39 nömrəli məktəbin direktoru Milli Qəhrəman Şahlar Şükürovun  bacısı- Tahirə Şükürovadır. O, 09.09.1961-ci ilə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 01.09.1984-cü ildə Zülfüqarlı kənd orta məktəbində İngilis dili müəllimi və direktor müavini işləyib. 1993-cu ildən Kəlbəcər rayonu 17 nömrəli məktəbdə direktor müavini, 1996-cı ildən Bakı şəhəri 47 nömrəli məktəbdə İngilis dili müəllimi və direktor müavini kimi fəaliyyət göstərib. 2011-ci ildən isə 39 nömrəli məktəbdə direktor vəzifəsində çalışır. Tahirə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür.

Daxili dünyasının zənginliyinə görə müəllim, şagird və valideynlərin rəğbətini  qazanıb.

 

ŞAGİRD

Mən Əsgərov Rəsul, 

2010-cu ilin 7 mart tarixində Bakı şəhərində dünyaya göz açmışam.

Nərimanov rayonu 39 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm.

Mənim ədəbiyyata sevgim ilk öncə vətənə olan sevgimdən başladı. Sonradan özümdə şeir, inşa yazmaq kimi bacarığın olduğunu görüb daha da Ədəbiyyata qəlbdən bağlandım. Gələcəkdə özümü hüquqşünas kimi görmək istərdim və təbii ki, yaradıcı kimi də sevilmək arzusundayam.

Bu isə mənim yazılarımdan biridir.

 

ZƏFƏR GÜNÜ

Zəfər qazandığımız gün  bizim üçün əvəzolunmaz bir gündür. Bu günü bizə bəxş edən qəhrəman oğullarımızın hünərini sözlə ifadə etmək isə çox çətindir. 30 illik bir həsrətimiz vardı. Yad əllərdə qalan doğma Qarabağımızı azad görmək hər birimiz üçün sonsuz bir istək idi.

Mənfur düşmənin hücumları nəticəsində çox bəlalar gördük; çoxlu sayda körpə, uşaq, gənc, qoca həyatını itirdi. Qanı yerdə qalan igidlərimizin ruhu bizi narahat edirdi. Nə gecəmiz, nə də gündüzümüz var idi.

Nəhayət vaxt gəldi. Düşmənə layiqli dərs vermək zamanı idi. 2020-ci il 27 sentyabrda şanlı ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında döyüşə başladı. 44 gün çəkdi bu müharibə. 44 günə yazıldı bu şanlı tarix. Cəsur oğullarımız Vətənə "Ana" deyib döyüşə atıldılar. O günü biz yenidən doğulduq. Yenidən var olduq, bir olduq.

Bu gün Qənimətlər parkına baxsaq, tarixin izlərini görərik. Düşmənə qan uddurdu cəsur ordumuz. Dəmir yumruq kimi birləşən ordumuzun, xalqımızın gücünü  bütün dünya gördü. Budur şanlı ordu, budur qələbə. Biz bu günümüz üçün şəhid oğullarımıza, onları böyüdən ana-atalara borcluyuq. Yurdumuzu azad görmək, torpaqlarımızı bütöv görmək bizim üçün əsl xoşbəxtlikdir.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik, əzmlə vuruşan cəsarətli igidlərimizə: " Vətənin havası, suyu sizə halal olsun"- söyləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)