Bir mahnının tarixçəsi - “Şair, sorma vətən nədən yaxşıdır?” Featured

Rate this item
(12 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum,

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar başımda duman göründü. 

 

Bir gün qəzəlxan Əliağa Vahid gəmi ilə Terek çayında səfər edərkən, qəfil vətən üçün darıxır və darıxmağın verdiyi hisslərin təsiri ilə Vətən yaxşıdır şeirinin sözlərini qələmə alır.

Daha sonra 1960-cı ildə xanəndə Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir və oradakı Terek sözünü Xəzər sözü ilə əvəz edir.

Şur ladında bəstələnmiş bu təsnif Sovet dövründə elə "Şur təsnifi" adı ilə təqdim olunur.

Təsnif müxtəlif illərdə  Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib.

Lakin 2-ci Qarabağ müharibəsi dövründə bu təsnifin sədası  tamami ilə yeni bir ifaçının səsində Qarabağdan xanəndələr diyarından bütün Azərbaycana yayıldı.  

 

Xəzər Dənizi tək eşqinlə coşdum,

Xülyalar içində sanki bihuşdum,

Vətən arzusu ilə nəğmələr qoşdum,

Tufanlar qarşımda dastana döndü. 

 

Azərbaycan respublikası silahlı qüvvələrinin giziri Xudayar Yusifzadə döyüş öncəsi dostları üçün ifa etdiyi bu təsniflə əbədi yaddaşlara həkk olunarkən, döyüşlərdə göstərdiyi şücaətlə şəhidlik zirvəsinə ucalaraq vətənin, xalqın tarixində böyük bir dastana döndü. 

Və Xudayarın şəhadətindən sonra təsnifin adı da onun əziz xatirəsinə ithafən Xudayar təsnifi olaraq dəyişdirildi.

Təsnifin muəllifi və ilk ifaçısı Əlibaba Məmmədov Xudayarın ifası haqqında bu sözləri deyib:

“Mən yüzlərlə bu cür vətənpərvər musiqinin müəllifiyəm. O təsnifi böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən təsnifin dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!”

 

Könüllər cəlb edən bu xoş mənzərə,

Şövqümü artırdı şerə qəzələ,

Çarpdıqca vətənim, elim nəzərə,

Təbiət də mənə heyran göründü. 

 

Və elə bu yerdə mən eyni yazıda bir rubrikadan - “Bir mahnının tarixçəsi”ndən digər rubrikaya - “Şəhidlərimizi tanıyaq”a keçid etmək istəyirəm. 

Yusifzadə Xudayar Müslüm oğlu 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur.

Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir.

Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır.

2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmiş, daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı və Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.

Xudayar Yusifzadənin şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib. 

 

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar vətən yaxşıdır,

Şair sorma vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan göründü.

 

Oxu, qardaşım, oxu!

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)