MUSİQİ BƏLƏDÇİSİ - İnsanlar xoş duyğulardan, sevgidən acdırlar… Featured

Rate this item
(7 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət” 

 

Uşaq yaşlarında hər birimiz müxtəlif sahələrə can atırıq. Mənim uşaqlığım bir qələmim, bir də piano notlarıyla oynayaraq keçib getdi. Ən sevdiyim səs idi, pianoda "Çalıquşu" mahnısını ifa etdikdən sonra eşitdiyim alqış səsləri...

 

Həyat təməlləri atıldığı gündən bu yana insanlar daim axtarışdadır. Toxluğun, hüzurun, xoşbəxtliyin, maddiyyatın və mənəviyyatın axtarışında... 

Musiqi həyatımızda elə bir yer tutur ki, əsrlər əvvəl də, indi də sual veriləndə onun insanlara nəfəs, ruh ola biləcəyi deyilir. S.Ə.Şirvaninin "Guş qıl" əsəri, M.Füzulinin "Həft cəm" əsəri və başqa bir çox əsərlərdə olduqca dəyərli sözlər oxuyuruq. Məsələn, S.Ə.Şirvani musiqini insana ruh üfürən olaraq dəyərləndirmişdi. Bu bənzətməni də ancaq bir ədəbiyyatçı, bir mədəniyyətçi edə bilərdi onsuz...

Son zamanlar mənəviyyat adlandırdığımız ünsürlər inkişaf etsə də, insanlar öz mənəviyyatlarına yetərincə diqqət etmirlər. Sənətin hər növü ustalıqdır, təbii. Bir işdə ki zəhmət var, xəyal var, o iş hər zaman qalibiyyətə gedən yolda bir addımdır. 

Müasir dövrdə musiqinin bir çox növləri inkişaf edib. Hər zövq, hər janr fərqlidir və hər birinin öz qüsursuz rəngi, öz izləyicisi vardır. Düşünürəm ki, son zamanlar lirik musiqilər daha çox dinlənilir. İnsanlar xoş duyğulardan, sevgidən ac, hislərini ifadə etməkdən əlil vəziyyətə gəlib çıxıb əfsus ki. Buna görə də əksəriyyət ya öz hislərini ifadə edə biləcək mahnılar axtarır, ya da "sanki məndən danışır" deyəcəyi musiqi sözləri.

İçərişəhərin ən gözəl küçələrindən birində bir piano var, yəqin ki, çoxumuz bir dəfə belə olsa onun yanından keçmişik, ya da orada nə isə bir mahnı ifa edən kimisə görmüşük. Mən deyərdim ki, sənət elə məhz onların əlində daha çox inkişaf edir. Azərbaycanın istedadlı gəncləri metrolarda, küçələrdə müxtəlif bacarıqlarını hər gün göz önünə sərir, lakin bir çoxumuz əksər hallarda onları görməzdən gəlirik. Bir dəfəsində yenə o pianoyla üzbəüz skamyalarda oturmuş, 3 gəncimizin sırayla ifa etdiyi mahnıları dinləyirdim. Və bir melodiya səsləndi. Elə bir melodiya ki, dinləyərkən gözlərim yumuldu, və qaralmış gözbəbəklərimin önündə 18 illik  bir albom canlandı. Və budur! Mənə görə hər kəsin həyatında elə bir musiqi, elə bir kitab, elə bir əsər olur ki, həyatının dönüm nöqtəsini gözlərin önünə sərir. Baxdıqca, dinlədikcə, "Hə, bax, bu odur!" deyirsən. Mən o melodiyanı artıq tapmışdım. "Jane Maryam"... İndi də, nə zaman qələmimi alsam əlimə, nə zaman bir hekayə yazmaq istəsəm, ya da öz gələcəyim, keçmişimlə bağlı düşüncələrə qapılsam hər zaman bu melodiya səslənir arxa planda. 

Əziz oxucu! Əgər həyatını qaydaya salmaq, özündə nələrisə dəyişdirmək istəyirsənsə, öncə doğru mənəviyyata çatdığını hiss etməlisən. Hüzur bəlkə də notlarda gizlidir. Əgər sən bir ədəbiyyat portalını izləyirsənsə, demək onsuz da sən mədəniyyətin bir parçasını tapmısan. Mənəviyyatını və özünü çoxluca qoru. 

Hörmətlə: Mən.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)