MUSİQİ BƏLƏDÇİSİ - Həyat... bir musiqi qədər həzin, bir saniyə qədər qısadır

Rate this item
(1 Vote)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

“Musiqi mənə dərin fikirlər təlqin edir. Onu dinləyərkən məndə yaratmaq eşqi baş qaldırır”. E.Delakrua

 

Bir zamanlar kitablar kimi musiqi də əlçatmaz idi. Yalnız və yalnız kübar cəmiyyətlər onun sehrindən faydalana bilərdi. Dahi bəstəkarların şedevr əsərlərindən məhrum olanlar nələri itirdiklərindən bir o qədər də agah deyildilər... Təbii ki, əsas məqsədim keçmişin qaranlıq çağlarını xatırlatmaq deyil. Bütün bunları onsuz da hər kəs bilməkdədir. Əsas məqsədim...

 

“Texnologiya o qədər ucuz və asan əlçatan olacaq ki, zəngin və kasıb arasındakı uçurumu bağlayacaq”.

                                  Den Braun “Başlanğıc”

 

Və şükür ki, o zaman yetişdi və ya yetişməkdədir...

Bütün dövrlərdə sənət onu anlayanlar və ya anlamayanlar tərəfindən heç də birmənalı qarşılanmamışdır. Hər bir sənət sahəsi kimi musiqi də çoxşaxəlidir və hər kəs öz zövqünə uyğun musiqi dinləməkdədir. Bəzən tez-tez belə ifadələr eşitməkdəyik: “Bu çox müasir musiqidir”. Ancaq unutmayaq ki, bütün dövrlərin musiqisi öz dövrünün müasiridir, necə ki, bütün dövrlərin gəncləri də öz dövrünün müasiridir. Əsl əsərlər nəinki öz dövrünə, bütün zamanlara xitab etməkdədir. Necə ki, Bethovenlər, Şopenlər, Baxlar, Hacıbəyovlar və digərləri bütün çağlarda öz dəyərlərini qorumaqdadırlar, eləcə də mahnılar...

Kim deyə bilər ki, “Sarı gəlin”, “Küçələrə su səpmişəm” və s. mahnılar müasir dövrlə səsləşmir? İnsan duyğularının məhv olmayacağı ana qədər heç bir şedevr öz gücünü itirməyəcəkdir...

O ki qaldı mənə... Hər bir ruhu, ürəyi olan insan kimi mən də musiqini çox sevirəm, məftunuyam musiqinin... Musiqi sədaları altında çalışmaq o qədər ruh verir ki, mənə... Bəzən yazarkən düşüncələrimin yaranmasında musiqinin əvəzedilməz xidmətləri olur. Bütün musiqi janrlarına üstünlük verirəm, hər birinin öz gözəlliyi vardır və biz bu gözəlliklər içərisində fərqli, əsrarəngiz dünyalara səhayət etməkdəyik. Amma xüsusi olaraq seçim edəsi olsam, klassik musiqilərə daha çox üstünlük verdiyimi qeyd etməliyəm.

 

Həyat... bir şer qədər möhtəşəm, bir musiqi qədər həzin, bir saniyə qədər qısa, bir qadın qədər gözəlsən

                                                        Habil Yaşar

 

Və xatırlatmaq istərdim ki, uşaqlıqda musiqi ilə məşğul olsam da (3 il qarmon dərnəyinə getmişəm-müəllimim isə Məmmədbağır Bağırzadənin dəstəsindəki Baxşəli müəllim olub) çox təəssüf ki, bu sənəti sonadək davam etdirməmişəm. Bu gün də dinləməklə yanaşı ara-sıra qarmon ifa eləməkdə, ruhumu qidalandırmaqdayam...

 

“Musiqi – gözəl səslərə çevrilən düşüncədir” 

İvan Turgenev

                            

 “Ədəbiyyat və incəsənət”

(14.09.2023)