Super User

Super User

 

Varisin 11-20 avqustun təqvimi yazısından seçmələr

 

 

 

14 avqust. Pakistanın Müstəqillik Günü

 

44 günlük müharibə zamanı hamının əlində Azərbaycan və Türkiyənin bayrağından başqa həm də Pakistanın bayrağını görmək olardı. Niyə? Çünki Pakistan siyasi, geosiyası, strateji baxımdan Azərbaycana Türkiyədən sonra ikinci ən yaxın olan ölkədir. Pakistanlılarda Azərbaycana müdhiş bir sevgi var. Bu sevgi bilirsinizmi haradan qaynaqlanır? Ötən əsrin əvvəllərində bir yandan müstəmləkəçilik, bir yandan yoluxucu xəstəliklər yoxsul Pakistanı tam əldən salanda, əhali kütləvi qırılanda azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev müsəlman qardaşlarının köməyinə yetib, onlara böyük miqdarda maddi köməklik göstərib. Bax bunun əvəzidir ki, yüz ildir pakistanlılar özlərini bizlərə borclu hesab edirlər. (Yeri gəlmişkən, hazırda milyardlar xərcləyib, kürü yedirdib lobbiləşdirmək istədiyimiz əcnəbilər isə kürünü həzm edib qurtaran kimi doxsan dərəcə əks tərəfə meyillənirlər).

 

1947-ci ilin 14 avqust günündə dost ölkə müstəqilliyini əldə edib. Ona kimi isə Pakistan Böyük Britaniyanın əsarəti altında idi. Bu ölkənin bəzi özəlliklərini qeyd edim. Pakistan nüvə silahına malik tək-tük ölkələrdən biridir. Dünyadakı futbol toplarının yarıdan çoxu bu ölkədə istehsal olunur. Pakistanlı qız Malala Yusufzay dünyada Nobel mükafatına layiq görülən ən gənc insandır. Pakistanlı vunderkinq Şofan Txobani 8 yaşından Microsoft korporasiyasının sertifikatlı mütəxəssi olmaqla dünyanın ən azyaşlı qulluqçusu hesab olunur. Dünyada ən hündürdə yerləşən avtomagistral da bu ölkənin ərazisindədir. Bu, Xuncerab aşırımından keçən Karakorum şossesidir. Onu qədim İpək Yolu marşrutunun üzərində salıblar.

 

Hazırda Pakistanda 187 milyon insan yaşayır. Pakistanlılar xoşbəxtdirlərmi? Əfsus ki yox. Ölkədə həyat səviyyəsi çox aşağıdır, yoxsulluq həddi yüksəkdir. Ölkə korrupsiyadan, terrorizmdən, narkotranzit mövqeyindən əziyyət çəkir. Büdcənin böyük əksəriyyəti xalqın rifahına deyil, lazımsız nüvə silahı xərclərinə yönəlib. Və sair və illaxır. Allah bu qardaş xalqa kömək olsun!

 

15 avqust. Görkəmli şotland yazıçısı Valter Skottun 250 illiyi

 

Kitab qurdları və ədəbiyyatçılar bir yana, digərləri ən azından, “Kventin Dorvard” romanının adını ki eşidiblər? Onu yazan Valter Skott 1771-ci il avqust ayının 15-də İngiltərənin Şotlandiya vilayətində anadan olmuşdur. 1785-ci ildə Edinburq kollecinə qəbul olunmuş, tələbəlik dövründən çoxlu mütaliə etmiş, antik dövrün ədəbiyyatı və Şotlandiya poeziyası, alman dili və alman yazıçılarının əsərləri ilə maraqlanmış, tələbə yoldaşları ilə birgə “Poetik cəmiyyət” dərnəyi təşkil etmişdir. 1792-ci ildə Edinburq Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. Yaradıcılığa XVIII əsrin 90-cı illərində poeziya ilə başlamış 1800-cü ildən etibarən bir neçə il ərzində Şotlandiyanın ucqar yerlərini gəzərək topladığı xalq nəğmələrini 1802-ci ildə “Şotlandiyanın sərhəd nəğmələri” adı ilə ikicilddə çap etdirmişdir. Bu topluya daxil edilmiş xalq şeirinin əsl nümunələrində Şotlandiya tarixinə aid çox zəngin materiallar vardır. Bu topludan sonra yazıçı dalbadal “Sonuncu menestrelin mahnısı”, “Marmion”, “Göl qızı”, “Rokbi” adlı romantik poemalarını yazmışdır. Xüsusən, “Sonuncu menestrelin mahnısı” (1805) əsəri qədim Şotlandiyanı çox gözəl təsvir etdiyinə görə müəllifə böyük şöhrət qazandırmışdır. Tarixi roman janrının yaradıcısı məhz Skottdur. O, otuzdan çox roman və povestin müəllifidir. Romanlarını gizli imzalarla dərc etdirmiş, müəllifliyini yalnız 1829-cu ildə, əsərlərinin tam külliyatının nəşri ilə əlaqədar açıq elan etmişdir. Mühüm sosial-tarixi konfliktlərin təsiri, xalqın və dövlətin taleyi, cəmiyyətin inkişafı, sosial ədalətsizlik, milli və sinfi mübarizə problemləri ilə bağlılıq Skottun tarixi romanlarının əsas xüsusiyyətləridir. “Ueverli” (ilk romanı, 1814), “Puritanlar” (1816), “Rob Roy” (1818), “Edinburq məhbəsi” (1818),“Ayvenqo” (1819), “Abbat” (1820), “Kenilvord” (1821), “Vudstok” (1826) və s. romanları İngiltərə, “Kventin Dorvard” (1823), “Parisli qraf Robert” (1832) və s. romanları Avropa ölkələrinin tarixindən bəhs edir. “Napoleon Bonapartın həyatı” (1827), “Şotlandiyanın tarixi” (1829- 1830), “Lord Bayronun ölümü” (1824), “Romançıların həyatı” (1821-1824) və s. tarixi-ədəbi əsərləri məşhurdur. Valter Skottun yaradıcılığı Avropa və Amerika ədəbiyyatında sosial roman janrının inkişafına güclü təsir göstərmiş, Stendal onu “bizim ümumi atamız” adlandırmış, Balzak, Puşkin, Belinski onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Valter Skott 1832-ci il sentyabr ayının 21-də Abbotsford şəhərində vəfat etmişdir. Xristianlara Allah rəhməti düşmürmü, düşür.

 

15 avqust. Lixtenşteyn Krallığının Milli Günü

 

Cırtdan ölkələrə kim həsəd aparmır ki? Barmaqhesabı əhalisi olan, bu başından o başına yarım saata gedə biləcəyin bax bu Farerlərdə, Vatikanlarda, Andorralarda, San-Marinolarda, Lüksemburqlarda, Lixtenşteynlərdə həyat səviyyəsi o qədər yüksəkdir, insan faktoru o qədər dəyərlidir ki, həsəd aparmayıb neynəyəsən?

 

1940-cı ildən  Şahzadə II Frans İosifin doğum günü -15 avqust milli gün kimi Lixtenşteyndə qeyd edilir. Həmin gün atəşfəşanlıq olur, yarmarkalar, kütləvi şənliklər keçirilir. İnanmazsınız, ölkə başçısı - Şahzadə II-ci Hans-Adams və onun oğlu əhaliyə paytaxt Vadusun qəsrində pivə qonaqlığı verirlər.

 

Cəmi 62 kvadrat kilometrlik ərazidə cəmi 37 min əhalisi ilə mövcud olan Lixtenşteynin paytaxtı Vadusda 5425 adam yaşayır, bizim məhəlləmizdəkindən azı 2 dəfə az. Amma bu cırtdan ölkədə inkişaf etmiş iqtisadiyyat da var (söhbət kağız üzərindəki yalançı inkişafdan getmir). Məsələn, Şaan şəhərindəki diş protezləri kombinatı bu siqmentdə dünyada liderdir, belə ki, bütün dünyada istehsal olunan diş protezlərinin 20 faizi bu kombinatın payına düşür. Hər il burada 60 milyon komplekt protez istehsal olunur. Tək elə bu protezin gəliri ilə ölkə əhalisinə adambaşı ayda 3 min dollar əməkhaqqı vermək olar. (Sağ əlləri zəngin ehtiyatları olan, böyük əraziləri və insan resursları olan, amma əhalisinə gün ağlamayan ölkələrin başına).

 

Demək, dünyada ən az cinayət hadisəsi qeydə alınan ölkələr siyahısındadır Lixtenşteyn. Burada son qətl hadisəsi uzaq 1997-ci ildə qeydə alınıb. Oğurluq yoxdur deyə insanlar qapılarını belə bağlamırlar. Bu ölkədə çox maraqlı və təkrarsız qanunlar var. Əhaliyə böyük azadlıqlar verilsə də ölkənin rəsmi nahar fasiləsi vaxtında – saat 12-dən 13.30-dək, bir də axşam yuxusuna dalma müddətində - saat 23-dən səhər 6-yadək səs-küy, qışqır-bağır salmaq rəsmən qadağandır. Daha bir qadağa qazon üzərinə çıxmağadır. Qardaş, həmin vaxtlar səs salma, bir də qazonun üstünə çıxma, yaşa da özün üçün. İşləməsən belə ayda 4-5 min avro paranı al, şellən. İşləsən milyonçu ol. İstedadlısansa, tutalım, mədəniyyət, idman, elm sahələrində fırtına qopara bilirsənsə, dünyaya səs sala bilirsənsə onda sənə ümumiyyətlə zaval yoxdur, möhtərəm  Hans-Adams cənabları səni ovcunun içində saxlayacaq. Daha nə lazımdır ki, xoşbəxt olmaq üçün?

 

 

 

Rusiyada, o cümlədən bizim ölkədə də məşhur olan “Maşa və ayı” multserialı növbəti seriyasını Azərbaycana həsr edib.
“Animakkord” studiyasının istehsalı olan cizgi filminin növbəti seriyasında Maşa oyuncaqlarına Azərbaycan nağıllarının qəhrəmanı Cırtdanın sərgüzəştlərindən söhbət açır. Cizgi filmində hadisələr Qobustanda baş verir. Maşa filmdə həm də oyuncaqlarına Azərbaycan şirniyyatı – paxlava və şəkərbura “yedirdir”.
Bu barədə AzərTAC-ın Moskva müxbiri məlumat verir.
“Maşa və ayı” cizgi filmi uşaqlar arasında çox sevilir. Hazırda serial “Parrot Analytics” uşaq şouları dünya reytinqində birinci yerdədir.
Cizgi filminə serialın yutub kanalında aşağıdakı linkə daxil olaraq baxmaq mümkündür: (https://www.youtube.com/channel/UCRv76wLBC73jiP7LX4C3l8Q).

Müğənni vurğuladı ki, musiqi onun üçün hər şeydir!

Dünya incəsənətində bəzən elə hadisələr baş verir ki, sərhədləri aşır, əhəmiyyətinə görə lap başda dayanır. Ötən gün dünya opera sənətində olduqca möhtəşəm bir hadisə baş verdi, özü də İtaliyada, bu sənətin Məkkəsində!
Tanınmış ispan tenoru Plasido Dominqo "Bellini d 'oro" ("Qızıl  Bellini") adlanan nüfuzlu Opera mükafatına layiq görüldü. Müğənninin mətbuat xidmətinə istinadən bu xəbəri cümə axşamı TASS agentliyi yaydı.
Xəbərdə qeyd edilir ki, mükafatlandırma İtaliya bəstəkarının vətəni Siciliyada, Dominqonun Cüzeppe Verdinin “Riqoletto”suna dirijorluq etdiyi Taormində keçirilib.
"Mən bu etimad üçün minnətdaram. Mükafat Vincenzo Bellininin adınadır ki, o da inanılmaz nüfuzedici musiqi yaradırdı və bir çox böyük bəstəkarlara, xüsusilə Verdiyə yol açdı", deyə Dominqo bildirdi.
O, həmçinin 80 ilində hələ də gücünü hiss etdiyini və səsinin onu tərk etmədiyini dilə gətirdi. "İndi bəlkə soruşduğum hər şeyi etmirəm, amma işə davam etmək üçün səsim hələ var. 70 faiz oxuyuram, 30 faiz dirijorluq edirəm. Bəlkə də gələcəkdə daha çox və daha az dirijorluq edəcəyəm, amma hələ ki, səsim məni tərk etmir və mən xoşbəxtəm", - deyə ifaçı bildirdi və etiraf etdi ki, musiqi onun üçün hər şeydir. "Bu su və qida kimidir, musiqi olmadan yaşaya bilmərəm" dedi Dominqo.
Bildirək ki, Bellini mükafatı 1968-ci ildə dahi bəstəkarın doğma şəhəri olan Kataniyada musiqi Dostları Cəmiyyəti tərəfindən təsis edilmişdir. Müxtəlif illərdə Dominqonun dostları Rikkardo Muti və Luçano Pavarotti də bu mükafa layiq görülmüşlər. Corriere della Sera qəzetinə verdiyi müsahibədə İspan tenoru Pavarotti ilə dost, həmkar, eyni zamanda rəqib  olduğunu etiraf etdi. "Mən ona heyran idim, amma rəqabət də var idi. Biz əməkdaşlıqdan həzz alırdıq və indi onun yeri görünür", - deyə Dominqo kədərlə bildirdi.

YouTube platformasında Shorts qısa paylaşımlar guşəsində azərbaycanlı Elçin Mürsəlov adlı birisinin paylaşımı trenddədir, qısa müddətdə 365 min baxış, 11 min  “like” toplayıb. “Azərbaycanlı olduğunu demədən göstər” adlanan süjetdə qiz sinəsinin ətir qoxusunu oğlana qoxuladır. Sonra oğlan sinəsini qıza tərəf tutur ki, bu dəfə qız qoxulasın. Qız gözünü yumub qoxulayanda oğlan sinəsini çəkib qolunun altını qızın burnuna tutur. Kəsif qoxudan gözünü açan qız qəzəblə oğlana təpik atır. Bu da, guya ki, izləyicidə gülüş doğurmağa hesablanıb.
Nə demək istəyir süjet müəllifi? Bunu bir zarafat sanır, bir yumor sanır yəqin ki. Amma kökündən yanılır. “Azərbaycanlı olduğunu demədən göstərmək” məhz qıza qoltuğunun altını ilətdirmək kimi tərbiyəsizliyi, murdarlığı, qanacaqsızlığı, ləyaqətsizliyi özündə ehtiva edirsə, demək, bizim xalqın aparıcı xüsusiyyətləri bunlardır?
İndi sosial şəbəkələrdə hər cür savadsız, hətta anlaqsız insan görmək olar. Belələri düşük və şit, bəzən vulqar və pozğun tərzdə özlərinə izləyici yığır, “like” sevdasına çıxır. Zövqsüzlük aşılayırlar, cəhənməmə, bir təhər dözmək olar. Tərbiyəsizlik aşılayırlar, yenə cəhənnəmə, zəmanə pozulub deyərək buna da birtəhər dözmək olar. Amma xalqı bu cür təhqir etmək satqınlıqdır, xainlikdir, cinayət məsuliyyətidir.
Mental xüsusiyyətinə görə dünyanın ən tərbiyəvi xalqlarından biri sayılan, adət-ənənələrinə, böyüklə kiçik arasındakı, kişiylə qadın arasındakı qarşılıqlı hörmətə digər xalqların həsəd apardığı  Azərbaycan xalqına  bu cür ləkə yaxmaq olarmı? Özü də bunu hansısa Jirinovski, hansısa Petrosyan eləmir, bunu öz azərbaycanlımız eləyir. Hanı bəs ən azı ictimai qınaq?
Bu cür hallara dərhal son qoymaq, xalqın mənliyinin keşiyində durmaq lazımdır.
Dərhal!

 

Varisin “11-20 avqustun təqvimi” yazısından bu gün üçün seçmələr

 

 

 

13 avqust. Ümumdünya Solaxaylar Günü

 

İnternational Left-handers. Planetdəki insanların 10-11 faizi solaxaydır. Ehtimal olunur ki, aparıcı əlin müəyyənləşdirilməsində 40 gen rol oynayır. BBC-nin yazdığına görə, Belfast Universitetindən tədqiqatçı Piter Hepper səs şüası ilə uşağın ana bətnində hərəkətlərini izləyib, müəyyənləşdirib ki, hər 10 embriondan 9-u sağ əlinin böyük baş barmağını ağzına soxmağa vərdiş edir. Doğulandan sonra həmin o yerdə qalan bir körpə solaxay olur. Nə gizlədim, uşaqlıqda mən də solaxay idim, sol əllə rəsmlər çəkir, yazı yazırdım. Evdə anam, məktəbdə ibtidai sinif müəllimim biri nəzakətlə, digəri xətkeşlə məni sol əllə yazmaqdan çəkindirdilər.

 

Yaxşı, solaxaylıq göz önündə olan şeydir, bu barədə hamı məlumatlıdır, demək, insanların 10-11 faizi soləllidir. Bəs siz bilirsinizmi, başqa bilmədiyimiz, əhəmiyyət vermədiyimiz nüanslar da var? Solayaqlılıq, solqulaqlılıq və solgözlülük. Bəli, bəli. Necə ki, sağ əl sola nisbətən dominantdır, ayaqda, gözdə, qulaqda da eynəndir. Amma onlarda da istisnalar olur. Özü də daha böyük miqyasda. Demək, insanların 40 faizi solqulaqlı, 30 faizi solgözlü, 20 faizi isə solayaqlıdır. Bəli, eynən beləcə.

 

13 avqust. Xalq Artisti Elmira Rəhimovanın 80 illik yubileyi

 

İndi yaşına görə oxumur, gənclər də, yəqin ki, onu tanımazlar. Amma bir vaxtlar çox adam onu tanıyırdı, ölkəmizdə hind kinosu alüdəçiliyi dövrləri idi, hind kino musiqisinin heyranları yüz minlərləydi, Elmira Rəhimova da hind mahnıları oxuyaraq populyarlaşmışdı.

 

Elmira Allahverdi qızı Rəhimova 1941-ci il avqust ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildən Müslüm Maqomayev adına Mahnı və Rəqs ansamblının, 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 1965-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. Texnikumda Seyid Şuşinskidən dərs almışdır. 1970-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. 1957-ci ildə Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə getmiş, üç il orada klassik hind rəqs sənətini mənimsəmiş, hind mahnıları oxumağı öyrənmişdir. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış etmişdir. Onun ifasında xüsusilə “Tələbəlik illəri”, “Ana laylası”, “Mən anayam”, “Küsüb məndən”, “Sənin gülüşlərin” və digər mahnılar şöhrət qazanmışdır. Müğənni 1967-ci ildə Respublikanın “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olmuş, müxtəlif illərdə bir çox medal və yüksək səviyyəli fəxri fərmanlara layiq görülmüşdür. O, dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olmuşdur. Elmira Rəhimova 2002-ci il iyun ayının 11-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

13 avqust. Atatürkün Türkiyənin ilk prezidenti seçilməsinin ildönümü

 

Bu hadisə 1923-cü ildə baş verib. Böyük gündür, Türkiyəni parçalanmaqdan, imperialist Avropa ölkələrinin və Amerikanın arasında bölüşdürülməsindən xilas edən tarixi gündür. Bu gün böyük Mustafa Kamal Atatürkü anmamaq qəbahətdir. Atatürkün qurduğu dost, qardaş müasir Türkiyə biz azərbaycanlıların dünyada ən böyük dayağıdır.

 

Ayrıca bu nəhs gün barədə nə demək olar? Bəlkə onu deyək ki, 1990-cı ilin bu günündə SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov 1920-50-ci illərdə repressiyaya uğrayanların hüquqlarının bərpası barədə qərar imzalamışdır? Bu qərardan sonra bizim Azərbaycanda da arxivlər açılmış, xüsusən 1937-ci il qurbanı olan məşhur ziyalıların taleyinə işıq salınmışdır. (Təkcə 1937-ci ildə Azərbaycanda “troyka” deyilən 3 alçaq insandan ibarət cəza aparatı 2792 nəfəri güllələtmiş, 4425 nəfəri isə həbs və sürgün etdirmişdir). Siyahıda elə isimlər var ki, adam onların ruhu qarşısında baş əyməyə bilmir: Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümtaz, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, daha kimlər, daha kimlər...

 

1964-cü ilin bu günündə Böyük Briyaniyada son ölüm cəzası həyata keçirilib, 1966-ci ildə Tunisdə qıza, qadına gödək ətək geyinmək yasaq edilib. 1947-ci ildə Laxorda qəzəbli kütlə Mxatma Qandinin evini daşa basıb. 1945-ci ildə Ümumdünya Sionist Konqresi milyon yəhudinin Fələstinə köçməsinə razılıq ala bilib. 1946-ci ilin bu günündə - tam 75 il əvvəl məşhur ingilis fantastı Herbert Uells dünyadan köçüb. 1932-ci ildə Romada Quqlielmo Markone ilk qısadalğalı radionu işə salıb. 1912-ci ildə fransalı həkim Q.Odin xərçəng virusunu kəşf edib. 1907-ci ildə Nyu-Yorkda ilk taksilər peyda olublar. 1899-cu ildə amerikalı ixtiraçı Uilyam Qree telefon-avtomatı patentləşdirib. 1822-ci ildə rus imperatoru 1-ci Aleksandr masson lojasının fəaliyyətinə qadağa qoyub. Və ən nəhayət, siz bu nəhs günə niyə elə-belə baxırsınız ki, baxmayın. Mayya hindu təqviminə görə məhz eramızdan əvvəl 3113-cü ilin 13 avqust günündə dünya təşəkkül tapıb.

 

 

 


Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul etdi.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən məlumat verir ki, Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirdi və qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.
Görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini dedi.
Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlətimizin başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirdi, Heydər Əliyevin Oljas Süleymenova həm istedadı, həm də ictimai fəaliyyətinə görə hörmət bəslədiyini qeyd etdi.
Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını dedi.
Dövlətimizin başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırlatdı, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirdi və ordeni görkəmli qazax şairinə təqdim etdi.
Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını məmnunluqla vurğuladı və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd etdi. Görkəmli qazax şairi bildirdi ki, bu Qələbə bütün türk dünyasının çox böyük növbəti uğurudur və o, tarixdə qalacaq.
Oljas Süleymenov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini də məmnunluqla vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi.


Türkiyənin “Net Kitaplık” nəşriyyatında gənc musiqişünas Ecem Tuğçe Akbulutun “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyası türk dilində nəşr olunub.
Kitab gənc tədqiqatçının eyni mövzuya həsr olunmuş İstanbul Universiteti Humanitar Elmlər İnstitutunda uğurla müdafiə etdiyi magistratura dissertasiyası işi əsasında hazırlanıb.
AzərTAC-ın məlumatına görə, zəngin mənbələr və sənədlər əsasında yazılmış və üç fəsildən ibarət olan bu monoqrafiyanın birinci fəsli “Mədəni diplomatiya anlayışı və SSRİ dövründə Türkiyə-Azərbaycan mədəni münasibətləri”nə həsr edilib. Bu fəsildə mədəni diplomatiyanın nəzəri –konseptual əsasları tədqiq olunur, keçmiş sovet dövründə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin əhəmiyyətli məqamları çoxsaylı mənbələr əsasında tədqiq edilir.
Niyazinin həyat və yaradıcılığına həsr olunmuş ikinci fəsildə maestronun uşaqlıq və gənclik illəri, yaradıcılıq dövrü, dirijorluq sənətinə aparan yol nəzərdən keçirilir. Həmçinin Niyazinin bir sənətkar kimi yetişməsində ölkənin musiqi elitasına məxsus ailəsinin yaratdığı sənət mühitinin əhəmiyyətli rolu, xüsusilə əmisi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin rolu bir yarımfəsildə ayrıca olaraq araşdırılır. Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyətinin musiqişünaslıq nöqteyi- nəzərdən geniş şəkildə tədqiq olunduğu bu fəsildə, həm də Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin dahi sənətkarın musiqi mirasına və xatirəsinə verdiyi əməli qiymət konkret faktlarla xüsusi olaraq nəzərə çatdırılır.
Monoqrafiyanın üçüncü fəsli Niyazinin 1960 və 1980-ci illər arasında Türkiyədə yaradıcılıq fəaliyyətinə həsr olunub. Bu fəsildə Niyazinin Türkiyədə çalışdığı dövr ərzində dirijorluq etdiyi musiqi əsərləri haqqında məlumat verilir, onun Nazim Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey, İdil Biret kimi türk ziyalıları və incəsənət xadimləri ilə münasibətləri xüsusi şəkildə təhlil edilir. Müəllif tərəfindən Niyazinin Türkiyədəki yaradıcılığı həm türk simfonik musiqisinin inkişafı kontekstində, həm də ideoloji buxovların hakim olduğu sovet dövründə Azərbaycan-Türkiyə mədəni münasibətlərində oynadığı əhəmiyyətli rol baxımından dəyərləndirilir.
192 səhifədən ibarət kitabın sonunda tədqiqatın mahiyyətini ifadə edən geniş nəticə, ədəbiyyat siyahısı və Niyazinin Türkiyədəki fəaliyyət dövrünü əks etdirən fotosalnamə oxuculara təqdim edilir.

“Ədəbiyyat və incəsənət” portalı Vogue nəşrinə istinadən qarşıdan gələn payız-qış mövsümünün əsas trendlərini təqdim edir. Öncəliklə isə, oxucularımıza ümumən 2021-ci ilin dəb trendlərini xatırlatmaq istəyərdik:
1 - rahat trikotaj
Uzun qollu hörmə paltarlara nəzər salın - onlar bütün il boyu aktual olacaq, sonradan onlara trikotaj  pantalonlar, 1960-cı illərin ruhunda kiçik platyalar və polo top-ları da əlavə olunacaq.
2 - seplər
Moda nümayişlərinin əhəmiyyətli tendensiyalarından biri metaldan kütləsi böyük seplərdir. Onlar hər yerdə olacaq — geyim və aksessuarların dekorunda, qolda, boyunda, kəmərlərdə.
İndi isə vəd etdiyimiz payız-qış mövsümünün trendlərinə keçək.
1 - alidən ibtidaiyə
Biz uzun müddətdir ki, kətan, ipək  üslubunda, yüngül platyalara  alışmışıq, qış paltolarında da bu xammallara yun əlavəsi ilə (məsələn, kaşemir) üstünlük verilir, lakin bu qış dizaynerlər bizə alternativini təklif edirlər - sırıqlı paltarlar, kürklər, plaşlar və uşaq adyallarına bənzər paltolar seçmək. Bu qış bütün dünya bu tərzdə geyməyə üstünlük verəcək.
2 - Ofis dress kodu
İşə ciddi yun pencəyinizi dəri kəmərlə geyin, bir də dizdən aşağı,  ətəyi yüksək yan kəsiklə ətək geyinin. Dəbdirsə, demək, soyuq olmayacaq.
3 - Parıltılı “heykəllər"
Qış ziyafətləri üçün ən yaxşı material — maksimum qapalı paltardır, lakin bu paltar tamamilə zərli xırda fiqurlarla səpələnməlidir. Gözqamaşdırıcı parıltı ilə birləşən təvazökarlıq - əsl moda silahıdır.
4 - Ağlasığmaz qış uyğunluğu
Aktuallığın zirvəsində1980-ci illərin başgicəllədən rəngləri cövlan edəcək: zümrüd rəngi ilə badımcan rəngi, yəsamən rəngi ilə karamel rəngi və qəhvəyi rənglə bənövşəyi rəng.
5 - Başgicəlləndirici printlər
Seçiminiz mürəkkəb incəsənət izləri ilə zəngin olmalıdır, böyük damalı dama-dama paltar, psixodelik “qaz pəncələri”, təzadlı, əksli kompozisiya. Geyim əsl incəsənət əsəri olmalıdır.

 

Varisin “11-20 avqustun təqvimi” yazısından bu gün üçün seçmələr

 

 

 

12 avqust.Bеynəlxalq Gənclər Günü

 

1998-ci ilin 8-12 avqust tarixində Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında Beynəlxalq Gənclər Gününün keçirilməsi barədə razılığa gəlindi, BMT-nin Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 12 avqust tarixinin Gənclər günü kimi qeyd olunması qərara alındı. Hazırda dünya əhalisinin təqribən 3 milyard nəfəri yaşı 25-ədək olan gənclərdir. Onların tən yarısı - yarım milyarddan çoxu kasıbçılıq həddində yaşayır. 100 milyondan artıq uşaq məktəbə gedə bilmir. Hər gün 30 min uşaq aclıqdan ölür. BMT-nin Baş katibi bax bu Gənclər Gününü keçirməklə dünya birliyini gənclərin problemlərini həll etməyə çağırır.

 

Respublikamızda Bеynəlxalq Gənclər Günü ilk dəfə 2000-ci il avqust ayının 12-də qeyd edilib. Ayrıca, 2 fevral tarixi 1996-cı ildən etibarən Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Onu da qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Bu gün Azərbaycanda Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondu bilavasitə gəncliklə bağlı fəaliyyət aparır. Azərbaycan gəncliyi işgüzardır, savadlıdır, istedadlıdır, böyük potensiala malikdir. Üstəlik, mərddir, cəsurdur. Torpaqlarımızı işğaldan azad edən ordumuzun gənc əsgər və zabitlərinin timsalında bunu əminliklə deyə bilərik. Yetər ki, Azərbaycan gəncliyi daim diqqət və qayğı ilə əhatə olunsun, gəncləri bürokratik əngəllər, işsizlik, maddi problemlər qayğılandırmasın.

 

12 avqust. Uşaq yazıçısı Ələviyyə Bbabayevanın 100 illik yubileyi

 

Ələviyyə Babayeva Azərbaycan Sovet nəsrinin oxunan imzalarından biri olub. O, 1921-ci il avqust ayının 12-də Bakıda anadan olub. BDU-nun filologiya fakültəsini bitirib, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor olub. 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvlük edib. Ələviyyə xanım bədii yaradıcılığa 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb. Onun kiçikyaşlı uşaqlar üçün “Mənim müəllimim”, “Kənd yolları”, “Yenə baharda”, “Sehrli pillələr” hekayə kitabları çap edilib. Uşaq yazıçısı kimi uzun illər kiçik hekayələr yazıb, uşaqların, yeniyetmə və gənclərin mənəvi dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda tərbiyələnmələrinə xidmət edib. “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”, “Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”, “Hardasan dost, harada”, “Anadil ağlayırdı”, “Yanar su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu mövzuya həsr edib. Xanım yazar 25-dən artıq kitabın müəllifidir. Bir sıra əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb. 1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2011-ci ilin avqust ayında 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunub. Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib. Ruhu şad olsun!

 

12 avqust. Xalq Şairi Qabilin 95 illiyi.

 

Qabilin adı gələndə nədənsə dərhal yadımıza məşhur bir KVN səhnəsi gəlir. Heydər Əliyev obrazını canlandıran Murad Dadaşov Novruz bayramı şənliyində “Paravoz” şeirini deyə-deyə əsib-coşan Qabil obrazını canlandıran Bəhram Bağırzadədən təmkinlə soruşur ki, “Sənin neçə yaşın var, ay Qabil”.

 

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakıda anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. “Gəl, baharım!” adlı ilk şeiri 1944-cü il aprelin 2-də “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. 1948-1951-ci illərdə M.F.Axundov adına Yardımlı rayon orta məktəbində müəllimlik etmiş, sonra isə Bakıdakı 40 saylı fəhlə-gənclər orta məktəbində dərs hissə müdiri, APİ-nin Azərbaycan ədəbiyyatı kafedrasında laborant kimi çalışmışdır. 1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olunmuşdur. 1951-1954-cü illərdə “Azərbaycan müəllimi”, “Kommunist” qəzeti redaksiyalarında əməkdaşlıq etmişdir. 1954-1956-cı illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. 1957-ci ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında Poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalının redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1977-ci ildə İtaliyada keçirilən Azərbaycan günlərində, 1990-cı ildə Qeysəriyyədə Millətlərarası Böyük Azərbaycan konqresində, 1992-ci ildə Tehranda Şəhriyar poeziya günlərində iştirak etmiş, 1994-cü ildə Azərbaycan Prezidenti nümayəndə heyəti tərkibində Çində səfərdə olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir.

 

 Qabil 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1984- cü ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə isə Azərbaycanın “Xalq şairi” fəxri adlarına layiq görülmüşdür. 1980-ci ildə “Əmək igidliyinə görə” medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1996-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri və anadan olmasının 70 illiyi münasibətilə “Şöhrət” ordeninə, 1998-ci ildə Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüş, 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Qabil 2007-ci il aprel ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!

 

12 avqust, Ümumdünya Fillər Günü

 

Mən dəqiq bilmirəm, xalq şairimiz Qabil fillər barədə də şeir yazıbmı, amma bu gün fillərin bayramıdır. Ümumdünya Fillər Günü (World Elephant Day) 2012-ci ildən qeyd edilir. İdeya Kanada kinematoqrafçıları Patrisiya Sims və Maykl Klarka, habelə fillərin Tailanddakı reproduksiya fondunun başçısı Kimsə Kimsəyevə (adını-soyadını tapa bilmədim) məxsusdur. Çoxunuz bəlkə də canlı fil görməmisiniz, amma çoxunuz hind kinematoqrafının ən uğurlu işlərindən biri olan “Fillər mənim dostumdur” filminə baxmısınız. Odur ki, bu gün fillərə qayğı və ehtiram nümayiş etdirməyə dəyər.

 

12 avqust. İlk personal kompüter -  IBM PC kömpüteri nümayişə çıxarılıb

 

Həmin tarix 1981-ci ilə təsadüf edir. Ən böyük İKT sıçrayışı, məişəti, şüuru dəyişən ən böyük mədəni inqilab. IBM 5150 modelli bu kompüterin vətəni isə ABŞ-ın Florida ştatıdır, kiçik Boka-Raton şəhəridir. İlk personal kompüteri amerikalı alimlər bir il üzərində işlədikdən sonra ərsəyə gətirmişdilər. Bir neçə konfiqurasiyada kompüter satışa çıxarılmışdı. Ən bahalı konfiqurasiya intel 8088 prosessorlu, 64 kbayt yaddaşlı versiya idi ki, onun da qiyməti 3005 Amerika dollarına bərabər idi. Artıq ilk ildə 130000 kompüter satılmışdı, satışın 99 faizi daxili bazarda reallaşmışdı. Sonradan bu yeni ixtira bütün dünyaya ayaq açmağa başladı. Bizim yaşadığımız sovetlər birliyinə personal kompüterlər xeyli gec gəlib çıxdı, təxminən 85-ci illərdə. Və təsəvvür edin ki, hazırda dünyada onların sayı milyardlarla ölçülür, hər il orta hesabla 150 milyon kompüter satılır.

 

12 avqust. Daha nələr...

 

Ən əhəmiyyətlisi – macar əsilli Amerika milyarderi, treyderi, maliyyəçisi, filantropu, dünyanı dəyişməyə qadir olan Corc Sorosun doğum günüdür, ağsaqqalın düz 91 yaşı tamam olur. Özü də hələ canı suludur, deyir, azı 100 il yaşamalıyam. Dünya üzrə humanitar aksiyalar keçirən, qarınları doyduran, xəstələrə əlac edən Sorosun əslinin macar olması onun bir köynək bizə yaxın olmasından xəbər vermirmi, verir. Axı macarlar hunların törəməsidirlər, hunlar isə göytürk əsillidirlər. Yəni, əcdadlarımız eynidir.

 

Yeri gəlmişkən, bu şəxs narıncı inqilablarla avtoritar rejimləri devirməklə dünya siyasətində də möhkəm qərarlaşıb, ona görə də onun adı gələndə məzlumlar sevinər, tiranlar həyəcanlanar.

 

Ədəbiyyatsevərlər deyəcək ki, bu günün ən əlamətdar hadisəsi 1824-cü ilin bu günündə Puşkinin Mixaylovskoye kəndinə sürgün edilməsidir. Ensiklopediya-vikipediyaçılar deyəcək, yox, siz nə danışırsınız, bu gün “Ginnesin rekordlar kitabı”nin yaradıcıları olan ekiz qardaşların – Norris və Rost Makuirterlərin doğum günüdür. Kinoşünaslar qeyzə gələcəklər ki, susun, bu gün iki “Oskar” qazanmış Sessil Qde Millin – Amerika kinorejissorunun doğum günüdür, o şəxsin ki, indi hamımız gecə-gündüz filmlərini izlədiyimiz “Paramaunt Pikçers” kinokompaniyasını yaradıb.

 

Bir vaxtlar dəbdə olan, tarixin inkişafı ilə arxiv statusuna keçən vinil plastinkalar günüdür bu gün həm də. Yaponiyada milli himn, Qırğızıstanda cinayət-axtarış, Gürcüstanda Didqoroba bayramı (bizim əksimizə olan bir bayramdır, gürcülər 1121-ci ildə Didqor döyüşündə səlcuq türklərini məğlub ediblər), Böyük Britaniyada Möhtəşəm Oniki günü (karallığın ərazisində quş ovlamağa icazə verilən gün), Hindistanda milli kitabxana günü və əlbəttə ki, ABŞ-da qızardılmış ət parçası günüdür.

 

Bir dəqiqə. Necə? Qonşum Seyidəhməddir. Dəllaldır. Deyir, ay qonşu, hər boş-boş şeyləri qeyd etdin, bu günə ən əsas olanı isə qeyd etmədin. Nədir o qeyd etmədiyim, ay Seyidəhməd? Deməzsənmiş, 1851-ci ilin bu günündə amerikalı İsaak Merrit Zinger qızıl tərkibli bıçaqlı “Zinger” paltartikən maşınına patent alıb. Bu həmin o “Zinger” maşınıdır ki, indi əntiq əşya sayılır, Seyidəhməd müəllim və onunkimilər şəhər-şəhər, kənd-kənd düşüb avam insanlardan onu ucuz qiymətə alır, sonra on qat-yüz qat qiymətinə beynəlxalq alverçilərə, hərrac işçilərinə satırlar.

 

 

 

Sentyabrın 22-dən 26-dək Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) keçiriləcək. Sərgi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. Sərginin təşkilində məqsəd kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
AzərTAC xəbər verir ki, sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.
“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.
Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.
Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir. Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla təmin ediləcək.
“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000,  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. .