Saturday, 04 December 2021 10:57

YARAT Müasir İncəsənət Məkanının yaradılmasının 10 illiyi qeyd olunacaq

Written by 
Rate this item
(0 votes)



YARAT Müasir İncəsənət Məkanı yaradılmasının 10 illiyini qeyd edir. Bu münasibətlə YARAT-ın 10 il ərzində təşkil etdiyi ən əhəmiyyətli layihələri – sərgi, performans, teatr və film nümayişləri, konsert, ustad dərsləri, ədəbiyyat axşamı 1 həftə boyunca təqdim olunacaq.
YARAT-dan AzərTAC-a bildirilib ki, tədbirlər həftəsinin ilk günündə Daş Salnamə Muzeyində YARAT-ın yubileyinə həsr olunmuş “Ön söz – On söz” sərgisinin açılışı, audiovizual performansın nümayişi və İsfar Sarabskinin solo konserti baş tutacaq. Tədbirlər həftəsinin bağlanış mərasimi YARAT haqqında çəkilmiş filmin təqdimatı ilə tamamlanacaq.
2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyi, Azərbaycanda müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq məqsədilə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 2015-ci ildə açılmış YARAT İncəsnət Mərkəzində ölkənin ən aparıcı müasir rəssamları Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov, Aida Mahmudova ilə yanaşı, dünyaca məşhur Şirin Neşat, Oskar Murillo, Şilpa Qupta, Mikelancelo Pistoletto, Taus Maxaçeva kimi rəssamların fərdi və qrup sərgiləri təşkil edilib. ARTIM Layihə Məkanı gənc rəssamlar üçün eksperimental platforma qismində çıxış edərək, Azərbaycanın müasir incəsənətini yeni adlarla zənginləşdirməyə davam edir. 2018-ci ildən YARAT-ın nəzdində olan XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin sərgi proqramı, görkəmli modernist və avanqard rəssamların fəaliyyətini araşdıraraq, onların yaradıcılığını gözlənilməz rakurslarda təqdim edib.
YARAT-ın, 55-ci və 56-cı Venesiya Biennaleləri, Art Dubay Beynəlxalq İncəsənət Yarmarkası, Viennafair Müasir İncəsənət Yarmarkası, Cosmoscow Müasir İncəsənət Yarmarkası və digər irimiqyaslı incəsənət tədbirlərində iştirakı, müasir Azərbaycan incəsənətinin dünyada tanınmasında mühüm rol oynamışdır. Yarandığı gündən YARAT bir çox sərgilərlə yanaşı, ictimai və təhsil proqramları, fotoqrafiya və teatr festivalları təşkil edərək geniş auditoriyanı özünə cəlb etməyi bacarıb.
YARAT Müasir İncəsənət Məkanının fəaliyyət dövründə yerli və beynəlxalq miqyasda 194 sərgi, 2000-ə yaxın təhsil və ictimai proqramlar həyata keçirilib.
Bu 10 il ərzində YARAT incəsənət əsərlərindən özünün unikal kolleksiyasını toplayıb. YARAT-ın kolleksiyasında Azərbaycanın yeni incəsənəti Rəşad Ələkbərov, Rəşad Babayev, Orxan Hüseynov, Aida Mahmudova, Sənan Ələsgərov, Mahmud Rüstəmov, Zamir Süleymanov və digər aparıcı çağdaş rəssamların əsərləri ilə təmsil olunur. Bununla yanaşı, həm də xarici rəssamların əsərlərindən ibarət kolleksiyaya – Oskar Murillo, Şirin Neşat, İdris Xan, Afruz Amigi, Taus Maxaçeva, Koka Ramişvili, Nilbar Güreş kimi dünya şöhrətli rəssamların əsərləri daxildir. YARAT-ın kolleksiyası, Azərbaycanda ilk və yeganə müasir incəsənət kolleksiyası olmaqla yanaşı, həm də təşkilatın 10 il ərzində müasir incəsənətin inkişafında oynadığı rolun bariz nümunəsidir. Kolleksiya və 10 il ərzində müxtəlif sərgilər üçün YARAT-ın sifarişi ilə hazırlanmış əsərlər “Ön söz–On söz” adlı yubiley ekspozisiyasında sərgilənəcək.

Read 394 times