Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü

Rate this item
(0 votes)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə daha bir sanballı töhfə hazırlayıb.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, bölmə tərəfindən Əməkdar müəllim, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyevanın “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü” adlı kitabı nəşr olunub.
Monoqrafiyada Nizami Gəncəvinin əsərlərinə yazılmış 30-a yaxın musiqi əsəri təhlil edilərək, onların ümumi cəhətləri qeyd olunub. Tədqiqat işində Azərbaycan bəstəkarlarının vokal əsərləri ilə Nizami Gəncəvinin şeirlərinin milli xarakterinin vəhdət təşkil etməsi özünü göstərir.
Kitabda Nizami Gəncəvinin poetik irsini Azərbaycan bəstəkarlarının yaradıcılığında əks etdirən əsərlər haqqında məlumatlar göstərilməklə (bəstəkarları, janrları və yazılma tarixləri) təxmini siyahısı da yer alıb. Bundan əlavə, son zamanlar Nizami Gəncəvi irsi və musiqinin vəhdəti mövzusunda nəşr olunan bir sıra kitabların adları qeyd edilib. Monoqrafiyada musiqiçilərin diqqətinə səbəb olacaq daha bir cəhət isə not nümunələrinin göstərilməsidir.