Heydər Əliyev Fondu “Məhəbbət əfsanəsi” baletini yenidən səhnəyə qaytarır Featured

Rate this item
(1 Vote)

Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur. Belə ki, sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. “Məhəbbət əfsanəsi” möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.

 

Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfasanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması heç də təsadüfi deyil. 2023-cü il həm dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, həm də görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyidir. 

Ümummilli Lider Heydər Əliyev Arif Məlikovu bir sənətkar və insan kimi həmişə olduqca yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirdi  və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunmuşdu. 

 

“Məhəbbət əfsanəsi”nin tarixi təqdimatı üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb. 

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini görkəmli türk şairi Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Arif Məlikov 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib. 

“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 

1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

“Məhəbbət əfsanəsi” baleti bu günədək dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb. 

 

“Məhəbbət əfsanəsi”nin 18-19 sentyabr nümayişinin biletləri tezliklə şəhərin kassaları və iTicket.az saytında satışda olacaq.

Anşlaq olacağı dəqiqdir!

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2023)