“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir Featured

Rate this item
(0 votes)

BU GÜN 3-CÜ İŞ GÜNÜDÜR

 

 Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalına start verilib. 

İyunun 25-dək davam edəcək Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmaqdayıq. 

 

18 İYUN

 

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

 

19 İYUN

Ötən gün festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.

İyunun 19-da, həmçinin festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi start götürüb. 

 

20 İYUN

“Muğam aləmi” festivalı çərçivəsində növbəti ifalar iyunun 20-də Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinləniləcək. Həmin məkanlarda Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin çıxışları olacaq.

 

21 İYUN

Festivalın növbəti günü – iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları gözlənilir.

 

22 İYUN

Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.

 

24 İYUN

İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

 

25 İYUN

Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.

 

Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)