Braziliyada Azərbaycanın Müstəqillik Günü münasibətilə caz konserti təşkil edilib

Rate this item
(0 votes)

Braziliyanın paytaxt şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə diplomatik ziyafət, həmçinin Xalq artisti, ustad musiqiçi Ənvər Sadıxov ilə pianoçu bəstəkar, Əməkdar artist Emil Əfrasiyabın iştirakı ilə konsert təşkil olunub.

 

Azərbaycanın Braziliyadakı səfirliyindən AzərTAC-a bildirilib ki, tədbir Braziliyanın milli ordusunun orkestrinin təntənəli ifasında hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. 

Çıxış edən səfir Rəşad Novruz ölkəmizin qədim adət-ənənələrə, zəngin təbii və insan sərvətlərinə, əzəmətli tarixə və möhkəm müstəqillik təməlinə malik olduğu barədə tədbir iştirakçılarına məlumat verib. Bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyevin praqmatik xarici siyasəti və şəffaf dövlət idarəçiliyi nəticəsində ölkənin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, cəmiyyətinin ildən-ilə gücləndiyini bildirən səfir bu müdrik siyasi xəttin təməlində bir güclü iradənin, bir tarixi şəxsiyyətin durduğunu qeyd edib. O, bu xüsusda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq səviyyədə mövqeyinin tanınması və xalqımızın rifahının təmin edilməsində əvəzsiz rol oynadığını vurğulayıb.

Daha sonra Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri senator Nelsinyo Trace və Braziliya Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmisi çıxış ediblər. Onlar öz çıxışlarında Azərbaycanın Braziliya üçün regionda əhəmiyyətli tərəfdaş olduğunu, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün kifayət qədər siyasi iradə, resurs və imkanların olduğunu qeyd ediblər. Hər iki natiq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını ölkəmizin ilk müstəqillik addımı kimi dilə gətirib. Azərbaycan ilə bütün sahələrdə müsbət dinamikanın qorunmasının və xüsusilə parlamentlər arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir Azərbaycanın ən gözəl caz ənənələri ilə davam edib. İfaçılarımız tərəfindən “Yenilməz batalyon”, “İki dünya”, “Əhməd haradadır - popurri”, “Uzundərə rəqsi”, “Şərq və Qərb”, “Nueva” və Ulu Öndərin əbədi adı şərəfinə “Ataya məktub - ithaf” əsərləri ifa olunub. Əməkdar artist Emil Əfrasiyab “Ataya məktub” musiqisinin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu əsəri Ulu Öndər Heydər Əliyevin şanlı xatirəsinə həsr etdiyini vurğulayıb.

Musiqiçilərin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Tədbirdə Prezident Lula da Silvanın nazir səlahiyyətli müşaviri, Braziliya Hökumətindən iki nazir müavini, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, federal və bəzi ştatların yerli hökumət nümayəndələri, senatorlar və federal deputatlar, KİV nümayəndələri və tələbələr iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)