Bu gün unudulmaz xanəndə Sabir Mirzəyevin xatirəsi anılacaq

Rate this item
(0 votes)

Bu gün - mayın 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, unudulmaz xanəndə Sabir Mirzəyevin xatirə gecəsi təşkil olunacaq.

 

Tədbiri tarzən Rövşən Qurbanovun müşayiəti ilə ansambl idarə edəcək. Eyni zamanda, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, eləcə də Mirələm Mirələmov, Rəvanə Qurbanova, Səbuhi İbayevin ifaları səslənəcək. 

Qeyd edək ki, Azərbaycanın görkəmli xanəndəsi, “Çahargah” muğamının mahir ifaçısı Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri var. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamış və 40 il ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Sabir Mirzəyevin eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizin daha da inkişaf etdirilməsi istiqamətində böyük əməyi olub. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2023)