“Yaşa prezidentim, yaşa!” mahnısı 24 ildən sonra yeni versiyada təqdim edilib

Rate this item
(0 votes)

İctimai Televiziyanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşa prezidentim, yaşa!” mahnısının yeni versiyası və klipi 24 ildən sonra yenidən və daha təkmil formada çəkilərək, tamaşaçılara təqdim olunub.

 

İTV-dən verilən xəbərə görə, çəkilişlər Heydər Əliyev Mərkəzində aparılıb. 

Bu gündən efir vasitəsilə geniş ictimaiyyətə təqdim edilən və sosial şəbəkələrdə yayılan mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqisi “Rast” qrupunun rəhbəri, Əməkdar artist Rəşad Haşımova məxsusdur. Mahnının ərsəyə gəlməsində Xalq artistləri Samir Cəfərov, Teyyub Aslanov, Əməkdar artistlər Rəşad Haşımov, Lamiyə Haşımova, Xəyyam Nisanov, Fərid Əliyev, müğənnilər Zamiq Hüseynov, Mehin Hümbətova, Cəmilə Həşımova, Dilarə Kazımova iştirak ediblər. Təqdim olunan klipi qeyd olunan link https://www.youtube.com/watch?v=vjdsPzBJwYc vasitəsilə izləmək mümkündür.

Xatırladaq ki, vaxtilə Fikrət Qoca ölümlə üz-üzə qalarkən Ulu Öndər Heydər Əliyev ona köməklik etmiş, şairin təbirincə desək, ikinci həyat bəxş etmişdi. Heydər Əliyevin səhhətində problem yaranan zaman mərhum şair “Yaşa prezidentim, yaşa” şeirini yazmaqla, Ümummilli Liderə dayaq olmağa, dua etməyə çalışmışdı. Sonradan 1999-cu ildə mərhum Milli Məclisin deputatı, ictimai xadim Anar Məmmədxanovun ideyası ilə “Yaşa prezidentim, yaşa” mahnısı ərsəyə gətirildi. Ulu Öndər sağlığında bu mahnıdan çox məmnun olduğunu bildirmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)