Vaşinqtonda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş konsert keçirilib

Rate this item
(0 votes)


Vaşinqtondakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş konsert proqramı təqdim edilib və ziyafət verilib.
AzərTAC xəbər verir ki, tədbirə ABŞ dövlət qurumlarının, ictimai dairələrinin təmsilçiləri, diplomatik korpusun üzvləri, düşüncə mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılıblar. Tədbirdə yüksək səviyyəli qonaq qismində ABŞ dövlət katibinin müavini Kerin Donfrid, dövlət katibinin köməkçisinin müavini Erika Olson iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Xəzər İbrahim 18 oktyabrın ölkəmiz üçün əlamətdar gün olmasını, Prezident İlham Əliyevin müvafiq göstərişi ilə bundan sonra bu tarixin Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəyini diqqətə çatdırıb. İlk dəfə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası olaraq əldə edilən müstəqilliyimizin 18 oktyabr 1991-ci ildə bərpa olunduğunu bildirib. Müsəlman Şərqində ilk demokratik respublika olan ADR-in regionda böyük təsiri olduğunu vurğulayıb, ilk parlament, opera, universitetin burada təsis edildiyini, demokratik hüquqlar, qadın hüquqlarının təmin edildiyini qeyd edib.
Tədbirin keçirildiyi məkanın - Qadınların Milli Demokratik Klubunun təsadüfi seçilmədiyini, məhz qadın haqlarına istər ADR dövründə, istərsə də hazırda ölkəmizdə verilən dəyərlə əlaqələndirib. Bildirib ki, Nizami Gəncəvinin 880 illik yubileyinin Azərbaycanın müstəqilliyinin bərpası ilə eyni gündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və ABŞ 30 illik diplomatik münasibətləri tarixində sülh, sabitlik, enerji təhlükəsizliyi, mədəniyyətlər arasında körpü yaradılmasında çiyin-çiyinə əməkdaşlıq edir. Nizami Gəncəvinin yaradıcılığının böyük bir hissəsini də məhz sülhün aşılanması, insanların sülhə dəvət edilməsi təşkil edir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda sülh və əməkdaşlıq üçün gözəl imkanlar yaranmışdır və ölkəmiz müstəqillik əldə etdikdən sonra hər zaman sülhün və sabitliyin əldə edilməsində qərarlıdır.
Daha sonra ABŞ dövlət katibinin müavini Kerin Donfrid qonaqları Azərbaycan dilində salamlayaraq, Azərbaycanın Müstəqilliyinin Bərpası və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbirin onun təmsil etdiyi vəzifədə qatıldığı ilk tədbir olduğunu xüsusi vurğulayıb. O bildirib ki, Cənubi Qafqazda sülhü və tərəqqini təmin etmək üçün gözəl imkanlar var və ABŞ bu yolda Azərbaycanı dəstəkləməyə hazırdır. Azərbaycanın müstəqillik əldə etməsindən keçən 30 il müddətində ABŞ iqtisadiyyat, enerji, təhlükəsizlik, insan hüquqları, korrupsiya ilə mübarizə sahələrində ölkəmizi dəstəkləyib. ABŞ, həmçinin 20 il müddətində Əfqanıstanda NATO missiyasına və terrorizmlə mübarizə sahəsində göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır. Qeyd edib ki, 2021-ci ilin avqust ayında Azərbaycan Əfqanıstanda olan xarici vətəndaşların təhlükəsiz təxliyəsində vacib rol oynayıb və buna görə də Azərbaycan hökumətinə öz minnətdarlığını bildirib.
Tədbirin digər təşkilatçısı olan Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının rəhbəri Şato Qardecki çıxış edərək ölkəmizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib və Azərbaycan tərəfi ilə mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Daha sonra Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub. Konsertdə amerikalı musiqiçi, Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının üzvü professor Frank Kanlon, hazırda ABŞ-da yaşayan Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov dünya və Azərbaycan klassik musiqisindən əsərlər səsləndirib. Nizami Gəncəvinin şeirləri əsasında bəstələnmiş “Sənsiz” romansı və “Yeddi gözəl” musiqi parçası qonaqlar tərəfindən xüsusi olaraq bəyənilib.
Daha sonra keçirilən ziyafət zamanı qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.