“Bir könül sındırmışam…”

Rate this item
(0 votes)

 Bu gün bəstəkar Ramiz Mirişlinin anım günüdür

 

“Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”… Bu mahnılar musiqimizin qızıl fondunu təşkil edir. Və bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 8 il ötür.

 “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ramiz Mirişli 89 il bundan əvvəl Naxçıvan şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirib.

Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.

Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.

Son dərəcə sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.

Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın "Oxu tar" (sözləri M.Müşfiqindir.), "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmazdır. Ruhu şad olsun! 

Məşhur mahnıda “Bir könül sındırmışam” deyilir. Gəlin heç vaxt könül sındırmayaq! 

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(17.04.2023)