Bir gecədə üç əfsanə Featured

Rate this item
(0 votes)

 

Avropanın musiqi qibləsi hesab edilən Milandakı La Skala teatrında pandemiya fasiləsindən sonra əsl fırtına qopmaqdadır. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, iyun ayının 17-dən etibarən burada Rikardo Muti tərəfindən idarə olunan Vyana Filarmonik Orkestri alman romantizmi şedevrlərini tamaşaçılara təqdim etməkdədir.

 

Ev salonu Müzikferayn konsert zalı olan Vyana orkestrinin (adətən orada Yeni İl konserti keçirilir) illərdir ki, arzusu Milan musiqi məbədində çıxış etmək idi, budur, arzularına çatdılar.

 

 

 

Konsertlər zamanı tamaşaçılar həm çalğı alətlərini sehirkarcasına səsləndirən musiqiçiləri, həm də əlində dirijor çubuğu olan, tibbi maskasını belə çıxarmayan 80 yaşlı dirijoru alqışlayırlar. Bu, Rikardo Mutidir. 2021-ci il Rikardo Muti üçün xüsusi ildir, onun Vyana Filarmoniyasına (1971-ci ildə Zalsburq Festivalında ilk dəfə o, bədii rəhbər kimi debüt etmişdi) rəhbərliyinin 50 illiyi bu il tamam olur, iyulun sonunda Muti öz 80 illik yubileyini də qeyd edəcək. Elə əslində qocaman musiqiçini öz dəstəsi ilə La Skalaya məhz yubileylərə görə dəvət ediblər, axı bu mötəbər səhnədə ən virtuoz musiqiçilərə belə çıxış etmək həmişə qismət olmur.

 

 

 

“Mən onu bir səbəbdən bu konsertin dirijoru olmağa dəvət etdim: onu yenidən Opera Teatrında xoşbəxt görmək istəyirdim”. Bu sözlər Dominik Meyerindir,  La Skalanın direktorunun.

 

Mendelson, Şuman, Brams! Bu konsertlər üçün Muti sırf alman proqramı seçib, orkestr bu dünyaşöhrətli bəstəkarlardan əsərlər ifa etməkdədir. Orkestrin baş meneceri Mikael Broderer isə söyləyir:

 

-Mən La Skalada daha çox italyan musiqisi səsləndirəcəyimizi gözləyirdim, amma Muti alman musiqisinə qərar verdi. Və bu, sadəcə təəccüblüdür, çünki alman musiqisi bizim orkestrin adi repertuarıdır. La Skalada ifa etdiyimiz Bramsın 2-ci simfoniyasının premyerası məhz 30 dekabr 1877-ci ildə Vyana Filarmoniyasında keçirilib. Bu musiqi əsərləri orkestrimizin bir hissəsidir.

 

Mixail Bladererin sözlərinə görə, Mutinin proqramında "Elə məqamlar olur ki, sanki adamın dərisi ilə qarışqalar qaçır. Şumanın Simfoniyasında 3-cü və 4-cü hissələr arasında keçid var. Mənim üçün bu keçid, əlbəttə ki, bütün musiqi tarixində mövcud olan ən romantik bir parçadır. Mən həmişə bu anı səbirsizliklə gözləyirəm, çünki o, o  qədər inanılmazdır, möhtəşəmdir ki və onu burada oynamaq imkanı əsil bir imtiyazdır, xoşbəxtlikdir".

 

80 yaşlı Mutinin də elə istədiyi məhz bu deyilmi? İtalyanlara adət etdikləri italyan musiqisini verməkdənsə elə alman musiqisi ilə onları təəccübləndirmək məgər azdır?

 

Yeri gəlmişkən, material hazırladıqdan sonra “Ədəbiyyat və incəsənət” portalı komandası olaraq Şumanın sözügedən Simfoniyasındakı həmin keçidi dinlədik. Söz tapıb demək belə mümkünsüzdür.