İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalına həsr olunmuş konfrans keçirilib

Rate this item
(0 votes)


“Ölkəmizin mədəni həyatında Azərbaycan klassik vokalçılar festivalı bir bayrama çevrilib. Festival ilk dəfə 2019-cu ildə Azərbaycan Vokalçılar Festivalı adı ilə təşkil olunub. Dövlətimizin dəstəyi ilə baş tutan budəfəki festival artıq beynəlxalq statusu alıb. Bu, o deməkdir ki, müstəqil Azərbaycanın klassik ifaçıları artıq dünyanın tanınmış musiqiçiləri ilə eyni səhnəni bölüşəcəklər.”
AzərTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Sarayının rəhbəri, Əməkdar artist Ramil Qasımov oktyabrın 15-də Heydər Əliyev Sarayında II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalına həsr olunmuş konfransda deyib.
Bildirib ki, ölkəmizdə keçirilən irimiqyaslı festivallar, müsabiqələr dövlətimizin diqqət və qayğısı sayəsində gerçəkləşir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Şəki İpək Yolu Festivalı ilə yanaşı, digər festivalların hər biri klassik musiqimizin təbliğinə xidmət edir. İnanıram ki, beynəlxalq vokalçılar festivalı da neçə-neçə istedadlı gəncin üzə çıxmasına və bu janra məhəbbətin daha da artmasına xidmət edəcək.
Festivalın proqramı barədə məlumat verən Ramil Qasımov bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində Rəşid Behbudovun repertuarından mahnılar dinləniləcək, Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında klassiklərimizin musiqiləri səslənəcək, Dövlət Xor Kapellasının çıxışı olacaq. Festivalda bir neçə mədəniyyət ocağının iştirak edəcəyini bildirən Əməkdar artist bağlanış mərasiminin Heydər Əliyev Sarayında keçiriləcəyini söyləyib.
Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sənətşünasıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova “Azərbaycan vokal sənətinin inkişaf mərhələləri” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanda vokal ifaçılıq sənəti XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. O zamanlar Bakıda Rusiya və digər ölkələrdən gələn truppalar çıxış edirdi. Onların çıxışları Azərbaycanda vokal sənətinə də marağı artırırdı. Azərbaycan Opera və Balet Teatrının fəaliyyəti sonradan vokal sənətinin inkişafına səbəb olub. Yeni-yeni vokalçıların meydana gəlməsinə təsir edib. Bunun nəticəsində Azərbaycanda bəstəkarlıq məktəbi formalaşmağa başlayıb, opera tamaşaları səhnəyə qoyulub. Bu səbəbdə də Şərqdə ilk opera tamaşası məhz Azərbaycanda yaranıb.
Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Bülbül Azərbaycan vokal sənətinin banisidir” mövzusunda çıxış edib. Bildirib ki, böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçib və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyub. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Bülbülün böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi olduğunu deyən S.Təhmirazqızı bildirib ki, onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva Rəşid Behbudov yaradıcılığına toxunub. Onun xalq mahnılarının mahir ifaçısı olduğunu söyləyib.
Konfrans məruzələrlə davam edib.