Özbəkistanda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova həsr olunmuş konsert keçirilib

Rate this item
(0 votes)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Dövlət Konservatoriyasının böyük zalında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, dünyaşöhrətli bəstəkar Fikrət Əmirova həsr olunmuş “Sevgimizin səması” adlı simfonik konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə konsertin rejissoru Özbəkistanın Əməkdar incəsənət xadimi Andrey Slonim Fikrət Əmirovun yaradıcılığından danışıb, onun irsinin musiqi sənəti üçün milli sərvət olduğunu qeyd edib. O, dahi bəstəkarın sənətə və insanlara fədakar xidmətini, yaratdığı misilsiz əsərlərin musiqi irsinin zəngin xəzinəsini bəzədiyini vurğulayıb. Rejissor Fikrət Əmirovun simfonik muğam janrının əsasını qoyduğunu, bütün dünyada şöhrət qazanmış unudulmaz musiqi əsərləri yaratdığını vurğulayaraq, Azərbaycan Mədəniyyət Mərkəzinə konsertinin keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Konsert Fikrət Əmirovun məşhur "Şur" simfonik muğamı ilə başlayıb. Beynəlxalq müsabiqələr laureatı Bobomurod Xudoykulovun rəhbərliyi ilə Özbəkistan Dövlət Konservatoriyasının nəzdindəki teatr — studiyasının simfonik orkestrinin ifasında Fikrət Əmirova şöhrət gətirən əsərlər ifa olunub.

Gecənin əsas kompozisiyasını solo hissəni Özbəkistanın Əməkdar artisti Adiba Şaripovanın ifa etdiyi ərəb mövzularında fortepiano və orkestr üçün konsert təşkil edib. Adiba Şaripova ifaçılıq palitrasının bütün müxtəlifliyindən istifadə edərək orkestrlə birlikdə Şərqin böyük mədəniyyətinin rəngarəngliyini və çox tərəfliliyini əks etdirən güclü, möhtəşəm əsər təqdim edib.

Qeyd edək ki, tamaşaçılara ifa olunan hər bir musiqi əsərinə uyğun səhnələrdən ibarət videoçarxlar təqdim olunub. Konsertə maraq böyük olub və görkəmli bəstəkarın təkrarsız əsərləri ifa olunduqca tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)