“Min rəng verir bahar hər bir çiçəyə…” Featured

Rate this item
(0 votes)

Rübabə Muradovanın 90 illiyi münasibəti ilə 

 

 

Onun mahnıları heç vaxt unudulmayacaq. Cənub həsrətini daim özündə gəzdirən Rübabə Muradova səsindəki nisgili və kədəri əsla gizlədə bilmirdi. Çünki ikiyə bölünmüş Azərbaycanın taleyini özündə daşımışdı. Cənubda doğulub şimalda yaşamışdı. 50 yaşında şimalda da həyatla vidalaşdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, martın 22-də görkəmli müğənni, Xalq artisti Rübabə Muradovanın 90 illiyidir. 

Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sonra ailə Sovet Azərbaycanına köçüb. Gənc Rübabə Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görüb və Bakıya Filarmoniyada işləməyə dəvət edib. O dönəmdə Rübabə musiqi təhsili də alıb. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil almaqla tezliklə - 1954-cü ildən ta ki ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Tamamilə fərqli və güclü səsə sahib olan bu xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti olduğu illərdə müxtəlif rollar oynamağa imkan verib. "Leyli və Məcnun”da Leyli, "Əsli və Kərəm”də Əsli, "Şah İsmayıl”da Ərəbzəngi, "Aşıq Qərib”də Şahsənəm, "Koroğlu”da Xanəndə qız, "Gəlin qayası”nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın sevgisini qazanıb.

Rübabə Muradova 1983-cü il avqustun 28-də cəmi 50 yaşında dünyasını dəyişib. Ruhu şad olsun! 

Onun ən unudulmaz mahnısını bu gün dinləyəkmi? 

 

Ayrı düşdük, aylar ötdü, il oldu,

Eşqim sənsiz bir çağlayan sel oldu.

Bağça saldım, çiçək açdı, gül oldu,

Neyçün səni bəs unuda bilmirəm?

Unuda bilmirəm...

 

Min rəng verir bahar hər bir çiçəyə,

Ruh gətirir hər qəlbə, hər ürəyə.

Mən çatıram min arzuya, diləyə,

Neyçün səni bəs unuda bilmirəm?

Unuda bilmirəm...

 

Deyirlər ki, yoxdur sevgi, məhəbbət,

Bir-birinə qız-oğlan edir adət.

Doğrudanda, yoxdur əgər məhəbbət,

Neyçün səni bəs unuda bilmirəm?

Unuda bilmirəm...

 

Bəli, Rübabə xanımın bu mahnısını heç vaxt unutmayacaq, dönə-dönə dinləyəcəyik. Çünki unutmaq mümkün də deyil.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)