Polşanın Kaliş şəhərində dahi Azərbaycan şairi Nizaminin 880 illik yubileyi simfonik konsert proqramında anılıb

Rate this item
(0 votes)

Polşanın Kaliş şəhərində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Nizami Gəncəvinin 880 illiyinin qeyd edildiyi dövrdə dahi Azərbaycan şairinin xatirəsinin də anıldığı “Azərbaycan Notası - Simfonik Konsert” təşkil olunub.
AzərTAC xəbər verir ki, Kaliş Filarmoniyasının Simfonik Orkestri və solist, tanınmış viola ifaçısı, Qdansk Musiqi Akademiyasının dosenti Kşıştof Timendorfun ifasında keçirilmiş konsertin proqramın Polşada ilk dəfə olaraq səslənən dahi bəstəkarlarımız Fikrət Əmirovun “Nizami” və Qara Qarayevin “Yeddi gözəl” baletlərindən nümunələrlə yanaşı, E.Bloxun “Hebru” suitası, P.Çaykovskinin “Andante cantabile” və 6-cı “Patetik” simfonik əsərləri yer alıb.
Konserti təşkilati məsələlərdə yaxından iştirak etmiş Kaliş şəhərinin Vitse-prezidenti Qjeqoj Kulavenik və tanınmış polyak dirijoru Pavel Kotla, o cümlədən polşalı musiqisevərlər və Polşada yaşayan həmyerlilərimiz izləyib.
Tədbiri tanınmış polyak musiqişünas Vitold Paproçki açıq elan edərək səslənəcək musiqi parçaları barəsində ətraflı məlumat verib.
İlk olaraq çıxış edən Q.Kulavenik konsertdə iştirak edən bütün qonaqları salamlayaraq hazırkı konsert tədbirinin Kaliş şəhərində maraqla qarşılandığını və Polşada Azərbaycan musiqisinin səslənməsindən məmnunluğunu ifadə edib.
Daha sonra səfir Nərgiz Qurbanova tanınmış Azərbaycan dirijoru Ə.Quliyevin rəhbərliyi ilə Kaliş Simfonik Orkestrinin ifasında Azərbaycan musiqinin səslənəcəyi gecədə tədbir iştirakçılarını salamlayıb, dəstəyə görə Kaliş şəhərinin Vitse-prezidenti Q.Kulavenikə, tanınmış polyak dirijoru P.Kotlaya təşəkkürünü bildirib.
Səfir tədbir gecəsində bu il 880 illiyi qeyd edilən dünya ədəbiyyatına və bədii irsinə böyük töhfələri ilə tanınmış Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin motivlərinə əsaslanan musiqi əsərlərinin də yer aldığını qeyd edib.
N.Qurbanova 2022-ci ildə Azərbaycan-Polşa münasibətlərində 3 əlamətdar yubileyin qeyd ediləcəyini vurğulayıb, Azərbaycan ilə Polşa arasında strateji tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasının 5 illiyi, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi və Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin ilə Polşa kralı IV Kazimir Yaqellon arasında ilk tarixi yazışmanın aparılmasının 550-ci il dönümünün qeyd edildiyini bildirərək, sözügedən əlamətdar hadisələrin çətiri altında silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb, hazırkı konsert tədbirinin bu tədbirlərdən birincisi olduğunu qeyd edib.
Daha sonra Ə.Quliyevin dirijorluğu ilə Kaliş Filarmoniya Simfonik Orkestrinin ifasında nəzərdə tutulmuş simfonik musiqi parçalarından ibarət konsert ifa olunub. Konsert hər bir ifadan sonra tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Fasilə zamanı tədbir iştirakçıları Azərbaycanının milli şirniyyat və şərab nümunələrindən ibarət süfrəyə dəvət olunublar.