Tətil günlərinə “Cadenza” orkestri rəng qatdı

Rate this item
(0 votes)

Yeni il tətili günlərinə “Cadenza” orkestri Beynəlxalq Muğam Mərkəzində “Kiçik dəniz küçəsi” adlı konsert proqramı ilə rəng qatıb. 

Konsertdə Tahir İbişovun “Halqa” (solist Zakir Əsədov), “Şəkil dəftərindən təsvirlər” (solist İslama Abdullayeva), Səid Qəninin “Adajio” (solist Fəqan Həsənli), “Proyeksiyalar”, Ayaz Qəmbərlinin “İlğım”, “Kiçik dəniz küçəsi” və Türkər Qasımzadənin “Zikr” (solist Humay Qasımzadə), “G.Richterin üç foto-rəsmi üçün musiqi” (violin Qleb Xoxlov) adlı əsərləri səsləndirilib. 

Solo piano üçün yazılmış əsərlər Humay Qasımzadə, Fəqan Həsənli, Zakir Əsədovun ifasında dinləyicilərə təqdim olunub. Konsertdə ilk dəfə səslənən “Şəkil dəftərindən təsvirlər” əsəri bəstəkar Tahir İbişov tərəfindən şair Səlim Babullaoğlunun türkiyəli fotoqraf İlyas Göçmənin fotosuna yazdığı “Təsvirə ithaf” şeri əsasında bəstələnib. İlk dəfə səslənməsinə baxmayaraq, əsər solist İslama Abdullayevanın ifasında xüsusi maraqla qarşılanıb. Proqramda yer alan “Halqa”, “Adajio” (ilk ifa) əsərlərinin həsr olunduğu pianoçular - Zakir Əsədov, Fəqan Həsənlinin ifasında səslənməsi və pianoçu Humay Qasımzadənin elektron vasitə ilə birlikdə yüksək peşəkarlıqla ifa etdiyi “Zikr” əsəri həm də müasir musiqi ifaçılığının müxtəlif istiqamətlərini ehtiva edib. 

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)