Sərxan Sərxan 70 yaşında da gənclik şövqü ilə oxudu

Rate this item
(0 votes)

 

 “Ay gecikən məhəbbətim” mahnısı ilə bir vaxtlar minlərlə gənc pərəstişkarının ruhunu oxşayan müğənni 70 yaşında da həmin mahnını şövqlə oxudu…

 

3 illik fasilədən sonra Xalq artisti, klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Sərxan Sərxan Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov çıxış edərək Sərxan Sərxanı klassik estrada sənətimizin canlı korifeyi adlandırıb və ona yeni uğurlar arzulayıb. 

Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnıları ilə tamaşaçıların qarşısına çıxıb.

Böyük alqışlarla qarşılanan müğənni tamaşaçıları “Salam, Bakı şəhərim” ifası ilə salamlayıb. Xalq şairləri Nəbi Xəzrinin şeirinə “Nə dedim”, Nəriman Həsənzadənin sözlərinə “Kinoda” və Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın sözlərinə bəstələdiyi “Ay gecikən məhəbbətim” mahnıları isə zala xüsusi ovqat bəxş edib. Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Xalq artisti hər bir mahnısı haqqında məlumat verərək həm də öz təəssüratlarını bölüşüb. 

Anşlaqla keçən konsert tamaşaçıların gur alqışları ilə yekunlaşıb. 

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)