“Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

 

Musiqi axşamında Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. 

Gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) Fikrət Əmirovun Azərbaycan kapriççiosu və Kürd-Ovşarı simfonik muğamından fraqmentlər səsləndiriblər. 

Solistlər Hacı Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli konserti və kamança və orkestr üçün konserti dinləyicilərə təqdim ediblər. 

Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Bu barədə Mədəniyyət Nazirliyi mediaya açıqlama verib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)