Görkəmli bəstəkarın 100 illiyi bölgələrdə də qeyd edilir

Rate this item
(0 votes)

 

Bu il görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə ilidir, il boyu müxtəlif tədbirlər keçirilib. Sevindirici haldır ki, bölgələr də bu sayaq tədbirlərə qucaq açırlar. Növbəti ünvan Şəki olub. 

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki şəhər Uşaq İncəsənət Məktəbi ilə birgə yubileyə həsr edilmiş "Azərbaycan ətirli bəstəkar" adlı tədbir keçirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən mediaya verilən məlumata görə, məktəbin müəllimi, musiqişünas Nərgiz Kərimova tədbir boyunca Fikrət Əmirovun yaradıcılığını işıqlandıraraq, bəstəkarın sehrli musiqi dünyasından söhbət açıb. 

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri, “Zirvə” folklor instrumental ansamblı (bədii rəhbər Şəki şəhər Uşaq İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov) və Şəki şəhər Uşaq İncəsənət məktəbinin orkestri tərəfindən səsləndirilən bir-birindən gözəl ifalar dinləyicilərə musiqi bayramı yaşadıb. 

Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə və Şəki şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbova, eyni zamanda bütün tədbir iştirakçılarına belə bir möhtəşəm konsertə görə öz minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)