Tallinndə Azərbaycan Milli Musiqi Günü qeyd edilib

Rate this item
(0 votes)

Estoniyanın paytaxtı Tallinn şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü münasibətilə 18 sentyabr - Azərbaycanın Milli Musiqi Gününə həsr edilmiş tədbir təşkil olunub.
Fondun məlumatına görə, Tallinndə fəaliyyət göstərən Azərbaycan Evində təşkil olunmuş konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin musiqiləri səsləndirilib.
Tədbirdə ölkəmizin və Türkiyənin Estoniyadakı səfirləri, eston ictimaiyyətinin rəsmi və tanınmış simaları, diaspor nümayəndələrimiz və Estoniyada təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.
Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə və Nərgiz Əskərovanın ifasında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından müqəddimə, “Cəngi”, böyük mütəfəkkir və şair Nizami Gəncəvinin əsərlərindəki obrazlara uyğun olaraq bəstələnən “Sənsiz” musiqiləri səsləndirib. Bununla yanaşı dahi Azərbaycan bəstəkarları Tofiq Quliyevin, Şəfiqə Axundovanın, Qara Qarayevin, Cahangir Cahangirovun, Vaqif Musatafazadənin əsərləri dinləyicilərə təqdim olunub. Eston musiqiçi Mari Liis Uibonun, türkiyəli musiqiçi Faris Hekarenin iştirakı və azərbaycanlı musiqiçilərlə birgə ifaları tədbiri daha da rəngarəng edib.
Tədbir zamanı Estoniyada Azərbaycan diasporunun dəstəyi ilə Türkiyə-Estoniya Mədəniyyət Mərkəzinin də fəaliyyətə başlaması da ayrıca qeyd olunub.