Ter-Gevondyan Üzeyir bəydən qisas almaq üçün qızını araya saldı… Featured

Rate this item
(0 votes)

Aida Eyvazlı “Şuşam - qalamdır mənim” adlı layihəsini təqdim edir

 

Başa çatmaqda olan 2022-ci il tarixdə Şuşa ili kimi qaldı. Bu, Şuşanın və Şuşanı bizə yenidən qaytaranların haqqıdır.

İlimiz Şuşa adı ilə bağlı olduğundan Vətənimizin  göz-bəbəyi olan Şuşa haqqında lap qədim tarixlərdən xəbər vermək, addım-addım, səhifə-səhifə, ilmə -ilmə, çiçək-çiçək Şuşanı bir də tanıtmaqdır məqsədimiz.

 

“Şuşam - qalamdır mənim” adlı layihəmizdə Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən, tanınmış şəxsiyyətlərindən danışmaüda davam edirik. Dünyalarca tanınmış məşhur Üzeyir Hacıbəylinin  əsərlərini ermənilərin öz adlarına çıxmaları barədə söhbətimizi davam edirik. Yenə də Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun ermənilərin  mədəni irsimizdən, eləcə də Üzeyir Hacıbəylidən oğurladıqları musiqilərimiz haqqında topladığı xatirələri səsləndiririk:  

                                

...1938-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunduqda, ondan əvvəl bu vəzifədə çalışan Anuşavan Ter-Qevondyan bunu qısqanclıqla qarşıladı. Üzdə özünü dost kimi göstərən, çox zaman həmkar kimi bir yerdə çalışan Ter Qevondyan qəlbində Üzeyir bəyə həsəd, kin bəsləyirdi. Tezliklə Mərkəzi Komitəyə Üzeyir bəyin konservatoriyada "yarıtmaz fəaliyyəti" barədə anonim məktublar axışmağa başlayır. Ancaq Üzeyir bəyi sevən, ona inanan rəhbər işçilər, bu naməlum şikayətçini tam aşkar etmək üçün gizli bir komissiya yaradır.  Üzeyir bəyin özü də bu komissiyaya daxil idi. Yazılan məktublardakı xəttlərin kimə aid olmasını yoxlayırlar. Bir müddət sonra anonoim şikayətçi aşkar olunur. Bu, Avanes Ter-Qevondyanın o zaman tələbə olan qızı imiş. Elə ilk sorğu-sualda qız bu işləri atasının təkidi və göstərişi ilə etdiyini bildirir. A.Ter-Qevondyan isə Üzeyir bəyin ayaqlarına düşüb and-aman edərək bağışlanmasını xahiş edir. Xahiş edir ki, Üzeyir bəy onun məsuliyyətə cəlb olunmasına yol verməsin, o isə biryolluq Bakını tərk edib Üzeyir bəyin gözünə görünməyəcək. Üzeyir bəyin humanizmi yenə bir şərəfsizi ədalət məhkəməsindən qurtarır. T.Qevondyan tezliklə Yerevana köçür.

Növbəti fakta keçək. 

1939-cu ildə Moskvada milli musiqi alətlərində çalan ifaçıların I Ümumittifaq baxış-müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə bu tədbirə münsiflər heyətinin sədri kimi Ü.Hacıbəyov rəhbərlik etməli idi. Böyük ilhamla, həvəslə bu işə girişən Ü.Hacıbəyov SSRİ-nin bütün respublikalarından, bütün millətlərdən, xalqlardan olan hər bir iştirakçıya qarşı qayğı və diqqətini əsirgəmirdi. Bununla belə, bir qrup erməni Kremlə teleqram vurub Üzeyir bəyi qərəzli mövqe tutmasında ittiham edərək, onun münsiflər heyətindən çıxarılmasını tələb etmişdilər. Qəribədir ki, həmin teleqrama Stalin dərkənar qoyaraq "Özünüz bildiyiniz kimi həll edin" sözləri ilə birbaşa Üzeyir bəyin özünə bu məsələni həll etməyi həvalə etmişdi.

Ancaq Üzeyir bəy burda da o alçaq insanların səviyyəsinə enməmiş, onları cəzalandırmamış, təkcə təcili Moskvanı tərk etmələrini tələb etmişdi. Əslində teleqramı vuranlar II tura keçməyən naşı musiqiçilər idi. Halbuki müsabiqənin sonunda qaliblər arasında nə qədər erməni millətinin də nümayəndəsi vardı.

Ü.Hacıbəyovun tez-tez işlətdiyi bir qədim atalar sözü vardı: "Düşmən səni daşnan, sən onu aşnan". Doğrudan da öz aşkar düşmənlərinə qarşı belə, Üzeyir bəy həmişə təmkinli, alicənab olmuşdur.

Bizim xalqımızın hədsiz humanizmindən irəli gəlir bu.

 

“Ədəbiyyat və incəsənət” 

(08.12.2022)