Vaqif Əliyev: “Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir.” Featured

Rate this item
(0 votes)

 

Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda təntənə ilə qeyd olundu. 

Bu münasibətlə tanınmış şəxslərin söylədikləri fikirləri “Ədəbiyyat və incəsənət” portalı olaraq dərc etməkdəyik.

Bu dəfə növbə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevindir:

-Fikrət Əmirovun 100 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət səviyyəsində qeyd olunur. İlin əvvəlindən Azərbaycanda və ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu sırada Fikrət Əmirova həsr olunmuş beynəlxalq bəstəkarlıq müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun buraxılması və UNESCO-da gerçəkləşən yubiley konsertini xüsusilə qeyd etmək olar.

Diqqətə çatdırım ki, 12-23 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş musiqi festivalı keçirilib. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Uzun illərdən sonra ilk dəfə Fikrət Əmirovun “Sevil” operası onun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub.

Günümüzdə Azərbaycanın musiqi incilərindən danışarkən Fikrət Əmirovun yaradıcılığı ilk olaraq xatırlananlar sırasındadır. Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Azərbaycan və dünya musiqisinə bəxş etdiyi simfonik muğamlar bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir.

Ötən əsrin 50-ci illərində, sovetlər dövründə, ABŞ-dakı “Karnegie Hall”da “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin böyük uğuru olduğunu xüsusən vurğulamaq istəyirəm.  Bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegie Hall”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirin keçirildiyini qeyd etməliyəm. 

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)