AzTV Üzeyir Hacıbəyliyə həsr olunmuş filmin təqdimatını keçirib

Rate this item
(0 votes)

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş bədii-sənədli filmin təqdimat mərasimini keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinə istinadən xəbər verir ki, premyerası Azərbaycan Dövlət Film Fondunda keçirilmiş film-tamaşa “Üzeyir Hacıbəyli: bir portretin ştrixləri” adlanır.

Təqdimat mərasimində filmin yaradıcı heyəti, QSC rəsmiləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

QSC-nin “Sabah” Yaradıcılıq Studiyasında hazırlanan “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır, bəstəkarın 18 il heç nə qələmə almamasının əsl səbəbləri işıqlandırılır.

Filmin yaradıcı heyəti bu film-tamaşanı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ərsəyə gətiriləcək iriçaplı bədii filmin başlanğıcı hesab edir. Filmi ərsəyə gətirənlə Üzeyir bəylə bağlı ekran əsərinin ardının olacağını, yeni bir filmin tamaşaçıları gözlədiyini bildiriblər.

“Üzeyir Hacıbəyli: bir portretin ştrixləri” film-tamaşasının quruluşçu rejissoru Adil Azay, ssenari müəllifi Afaq Vasifqızı, Üzeyir Hacıbəylini canlandıran aktyor isə Ədalət Əbdülsəmədovdur.

Qeyd edək ki, “Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

 

Bədii-sənədli film bu gün saat 16:15-də AzTV-də yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)