Bakı Musiqi Akademiyasında Qazaxıstan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə konsert təşkil olunub

Rate this item
(0 votes)

 

Noyabrın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kiçik zalında təntənəli konsert təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı BMA-nın mətbuat xidmətindən məlumat alan AzərTAC-a istinadən xəbər verir ki, konsert Bakı Musiqi Akademiyasının və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələrinin birgə iştirakı ilə keçirilib.

Əvvəlcə Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə BMA-da ixtisasartırma keçən və konsertdə iştirak edən Qazaxıstan Milli Konservatoriyasının tələbələrinə təhsil illərində uğurlar diləyib.

BMA-nın dosenti Nərgiz Hüseynova da tələbələrə xoş arzularını bildirərək, belə tədbirlərin önəmindən danışıb.

Konsertdə Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri və BMA-nın tələbələri məharətlə çıxış ediblər. Zəngin konsert proqramında Qara Qarayevin "Yeddi gözəl" baletindən “Adajio”, Tofiq Bakıxanovun "İmprovizə", Emil Əfrasiyabın Üzeyir Hacıbəyli əsərlərinə "Parafraz", Adil Bestıbayevin "Skertso", Yevgeni Brusilovskinin "Kozı Karpeş-Bayan sulu" baletindən solo, "Boz-Ayqır süitası" finalı, James Burkenin "Danza Allegre" və Bela Kovaskın "Macar mövzularına variasiyalar" əsərləri tamaşaçılara təqdim olunub. 

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Sonda Qazaxıstan Konservatoriyasının tələbələrinə sertifikatlar təqdim olunub. Tələbələr təşkil olunan konsertdən, keçdikləri ixtisasartırma dərslərindən məmnun qaldıqlarını və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli başda olmaqla, bütün BMA kollektivinə dərin təşəkkürlərini bildiriblər.