Anar Kərimov: “Müslüm Maqomayevin “Mavi əbədiyyət” kimi mahnıları bu gün də milyonların qəlbini riqqətə gətirir” Featured

Rate this item
(0 votes)

 

Heç vaxt unudulmayacaq müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 80 illiyi münasibətlə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə “Əziz Müslüm” adlı yubiley gecəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Heydər Əliyev Sarayının foyesində əfsanəvi müğənninin həyat və yaradıcılığının müəyyən dövrlərini əhatə edən fotosərgi təşkil olunub. Bundan əlavə, Azərbaycan Milli Kitabxanasının fondundan müğənniyə həsr olunan nəşrlərdən ibarət sərgi nümayiş etdirilib. Foyenin mərkəzində isə sənətkarın bu ilin avqustunda Bakı bulvarında qoyulan heykəlinin ilkin variantı – maketi də qoyulub.

 

Gecədə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları və iştirakçıları salamlayaraq deyib: “Bu gün biz Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli müğənni, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsinə toplaşmışıq. Müslüm Maqomayev haqqında danışmaq böyük fəxarətdir. Çünki o, XX əsr Azərbaycan və sovet estradasının əzəmətli sütunlarından biri olub. Onun bənzərsiz səsi və ölməz əsərləri milyonların qəlbində yaşayır...”.

Nazir vurğulayıb ki, gözəl və gur tembrli səsə, parlaq aktyorluq istedadına, mükəmməl səhnə görünüşünə malik vokalçı gənc yaşlarından diqqəti cəlb edib: “Müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarla estrada mahnısı xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanıb. Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənniyə Parisin məşhur “Olimpiya” zalında solo konsertlə çıxış etmək nəsib olub”.

Nazir qeyd edib ki, M.Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və digər ölkələrdə böyük uğurla çıxış edib. O, həm Azərbaycanda, həm də keçmiş ittifaqın digər respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlər, mədəniyyət günləri, qurultay və plenumlar çərçivəsində təşkil edilən konsertlərin iştirakçısı olub.

M.Maqomayev haqqında bir neçə film çəkilib, müğənni özü isə “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin yaddaqalan obrazını yaradıb. O bir sıra populyar mahnıların müəllifi kimi də tanınıb. “Azərbaycan”, “Mavi əbədiyyət” və s. mahnıları bu gün də milyonların qəlbini riqqətə gətirir.       

Anar Kərimov diqqətə çatdırıb ki, 2002-ci ildə Bakıda M.Maqomayevin 60 illik yubileyi Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yüksək səviyyədə qeyd olunub. 2008-ci ildə dünyasını dəyişən sənətkarın adı Prezident İlham Əliyevin sərəncamı ilə əbədiləşdirilib. Paytaxtımızdakı 26 nömrəli onbirillik Musiqi məktəbinə müğənninin adı verilib, Bakı şəhərində yaşadığı evə xatirə lövhəsi vurulub, habelə Fəxri xiyabanda və Moskvada sənətkarın abidəsi ucaldılıb. Dövlət başçısının sərəncamı ilə bu il sənətkarın Bakı bulvarında heykəlinin açılışı keçirilib. Prezident İlham Əliyevin sərəncamları ilə 2012 və 2017-ci illərdə müğənninin 70 və 75 illik yubileyləri böyük təntənə ilə qeyd olunub. 2010-cu ildən başlayaraq iki ildən bir Moskvada Vokalçıların M.Maqomayev adına beynəlxalq müsabiqəsi təşkil edilir.

 

*

 

Yubiley konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun idarəsi ilə M.Maqomayevin möhtəşəm “Azərbaycan” əsəri ilə başlayıb. Daha sonra sənətkara həsr edilmiş filmlərdən kadrlar və müxtəlif illərdə müğənninin çıxış etdiyi SSRİ və dünya səhnələrindəki ifalarının kadrları təqdim edilib. Ulu öndər Heydər Əliyevin M.Maqomayev haqqında vaxtilə səsləndirdiyi fikirlərin yer aldığı tarixi kadrlar alqışlarla qarşılanıb.

 

Gecənin aparıcıları – Əməkdar artist Nərgiz Cəlilova və Oleq Əmirbəyov M.Maqomayev yaradıcılığından söz açıb, konsertin təşkilatçılarına təşəkkür ediblər.

 

Gecə boyu müğənninin həyatının müxtəlif dövrlərini əks etdirən videokadrlar və müsahibələrindən fraqmentlər təqdim olunub.

 

Tədbir Xalq artistləri Azər Zeynalov, Fidan Hacıyeva, Faiq Ağayev, Tünzalə Ağayeva, Miri Yusif, Emin Ağalarov, Ukraynada yaşayan istedadlı müğənni Vaqif Nağıyev, rusiyalı müğənni Astemir Apanasovun ifaları və Müslüm Maqomayev haqqında uşaqlıq, gənclik və yaradıcılıq xatirələrini bölüşən Xalq artistləri Oqtay Mir Qasım, Faiq Sücəddinov, Fərhad Bədəlbəyli və Xalq rəssamı Fərhad Xəlilovun xatirə çıxışları ilə davam edib.

 

Yubiley konserti Prezident İlham Əliyevin 17 avqust 2022-ci il tarixində Bakı bulvarında M.Maqomayevin heykəlinin açılış mərasimindəki nitqinin lent yazısından parça və sənətçilərin səhnədə “Azərbaycan” mahnısını birgə ifa etməsi ilə başa çatıb.