Filarmoniyanın Kamera və Orqan Musiqisi zalında fortepiano musiqisi axşamı olacaq

Rate this item
(0 votes)

 

Amma indi yox. Noyabrın 10-da. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Filarmoniyanın “Gənclərə dəstək” layihəsi çərçivəsində fortepiano musiqisi axşamı keçiriləcək. 

 

Musiqi axşamında respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Firuzə Bəylərova “Günümüzün gəncləri” adlı konsertdə solo konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Firuzə Bəylərova 2001-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasında fortepiano ixtisası üzrə Nərgiz Mansurovanın sinfinə daxil olub.

Firuzə Bəylərova musiqi məktəbində oxuyarkən istedadı, qeyri-adi ifası, çalışqanlığı, musiqiyə və musiqi ədəbiyyatına marağı ilə dərhal müəllimlərin və rəhbərliyin diqqətini cəlb edib. Onun fərqləndirici xüsusiyyətlərinə məqsədyönlülük, yeni öyrənilən hər bir musiqi əsərinə maraq, həmçinin çalışqanlıq aiddir.

O, təhsilini Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun sinfində davam etdirib.

Firuzə Bəylərova ölkəmizdə və xaricdə keçirilən festival və müsabiqələrin fəal iştirakçısı olub. O, Bolqarıstan, Türkiyə, Almaniya, İtaliya, ABŞ-da keçirilən müsabiqələrdə uğurlu çıxışlar edərək ölkəmizi təmsil edib.

2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Firuzə Bəylərova Prezident təqaüdünə layiq görülüb və adı Azərbaycanın “Qızıl kitabı”na daxil edilib. 

İfaçı bir çox diplom və mükafatlara layiq görülüb.