Azərbaycanlı pianoçu Parisdə “Yeni ulduzlar” beynəlxalq müsabiqəsi laureatlarının konsertində çıxış edib

Rate this item
(0 votes)

 

Parisdə “Sainte Marie des Batignolles” kilsəsində “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsi laureatlarının konserti olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Paris müxbirinə istinadən xəbər verir ki, Azərbaycan konsertdə 15 yaşlı Səməd Əlizadə ilə təmsil olunub. Azərbaycanlı pianoçu “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsinin qala konsertində uğurla çıxış edib. 

2007-ci il fevralın 25-də anadan olmuş Səməd Əlizadə piano üzrə musiqi təhsilinə 2013-cü ildə Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbində başlayıb. Hazırda Bakı Avropa Liseyinin 10-cu sinfində oxuyan gənc istedad 2018-ci ildə "Virtuoz əsərlərinin ən yaxşı ifaçısı" mükafatına layiq görülüb. 2020-ci ildə Dünya İncəsənət Oyunları festivalında, eləcə də Avropa istedadlar müsabiqəsində birinci yeri tutub. 2020 və 2021-ci illərdə Ədilə Əliyeva adına 15-ci və 16-cı beynəlxalq musiqi müsabiqəsində üçüncü yerə sahib olub. 

Gənc pianoçu 2020-ci il "Sopravista" Beynəlxalq Festivalının 1-ci dərəcəli, 2021-ci ildə "Le Ciel de Paris" III Beynəlxalq Musiqi və İncəsənət Müsabiqəsinin II dərəcəli laureatı olub, "Üç alov" onlayn folklor, klassik və müasir festivalda Qran-Priyə layiq görülüb. 

2021-ci ildə ADA School MUN konfransında iştirak edərək "Ən yaxşı debütant" diplomunu alıb. “Sabahın alimləri” XI respublika müsabiqəsində isə “Qarabağ regionunun ekosisteminin innovativ üsullarla bərpası” elmi işinə görə birinci yeri tutub.

Gənc pianoçu 2022-ci ilin iyulun 10-da Parisdə “Saint Germain des Prés” kilsəsində ARTİMA Assosiasiyası tərəfindən təşkil edilmiş 6-cı “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsində iştirak edərək ilk pillədə qərarlaşıb. 

“Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsinin təşkilatçısı ARTİMA Assosiasiyası 2010-cu ildə yaradılıb. Assosiasiya gənc fransız və əcnəbi musiqiçiləri dəstəkləmək və təbliğ etmək üçün müsabiqələr, konsertlər və maarifləndirici aksiyalar təşkil edir.