Qazaxıstanda keçirilən beynəlxalq festival Azərbaycanın “Sarı gəlin” mahnısı ilə bağlanıb

Rate this item
(0 votes)

 

Qazaxıstanın Aktau şəhərində keçirilən “II Abiş Alemi Teatr Festivalı” Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısı ilə bağlanıb. Mahnı Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova tərəfindən ifa edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-ın müxbiri Günel Məlikovaya müsahibə verən Məlahət Abbasova ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib. 

Məlahət Abbasova deyib: “Orada səhnəyə çıxıb sadəcə mahnını monoloq şəklində söyləyəcəkdim. Lakin son anda olduğu kimi ifa etmək istədim. Mən müğənni deyiləm, amma buna baxmayaraq, tamaşaçılar tərəfindən çox gözəl qarşılandım. Bu, mənim üçün böyük və çox yaddaqalan bir hadisə oldu. Təbii ki, bir azərbaycanlı olaraq bu mənə çox böyük fəxr hissi yaşatdı”.

Qeyd edək ki, türkdilli ölkələrlə yanaşı, Rusiya, Gürcüstan kimi dövlətlərin də iştirak etdikləri festivala Məlahət Abbasova Türkiyə tərəfindən fəxri qonaq qismində dəvət edilib. 

Festivalın bağlanış mərasimində iştirakçı ölkələrin rəsmi şəxsləri və Qazaxıstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.