Cabbar Qaryağdıoğlu “Cənnətim Qarabağ” layihəsində

Rate this item
(0 votes)

 

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı layihə davam edir. Muzeyin yaydığı açıqlamaya istinadən “Ədəbiyyat və incəsənət” portalı bildirir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, adı musiqi tariximizə qızıl hərflərlə yazılmış Cabbar Qaryağdıoğluna həsr olunub. 

 

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və milli musiqimizin inkişafında böyük rol oynayan sənətkarlardan biridir. O, 1861-ci il mart ayının 31- də Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın Seyidli məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl ailəsini dolandırmaqdan ötrü kənddə boyaqçılıq edirdi. Özü yoxsulluğun çətinliklərinə bələd olduğu üçün oğlunun bir peşəyə yiyələnməsinə xüsusi diqqət yetirir, öz sənətini ona öyrətməyə çalışırdı. Lakin Şuşanın zəngin ədəbi mühitinin təsirindən balaca Cabbarda da musiqiyə böyük meyl oyanmışdı. O da böyük qardaşları kimi məhərrəmlik təziyadarlığında növhə oxumağa, şəbih tamaşalarında, dini mərasimlərdə, el şənliklərində çıxış etməyə həvəs göstərirdi. Çox çəkmir ki, Cabbar gözəl məlahətli səsi, yanıqlı oxu tərzi ilə bütün şəhərdə ad çıxarır və məclislərin bəzəyi olur. Onun bir peşəkar xanəndə kimi yetişməsində tarzən Sadıqcanın rolu danılmazdı. Gənc xanəndə 20 yaşınadək Sadıqcanla birgə Qarabağın bütün məclis və toy şənliklərində iştirak edirdi. Bu da onun şöhrətini Gəncə, Şamaxı, Bakı və daha uzaqlara yayırdı. 

XIX əsrin sonu və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. 1881-ci ildə Şuşada realni məktəbin açılışı, eləcə də məşhur musiqişünas Xarrat Qulunun musiqi məktəbi açaraq gənc xanəndələri bu ocağa cəlb etməsi şəhərin mədəni həyatına müsbət təsir göstərir. Həmin dövrdən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır. Hər yay tətili zamanı hazırlanan tamaşalarda, Şərq konsertlərində Bədəl bəy Bədəlbəyli, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Əbdülbaqi Zülalov, Məşədi Zeynal, Sadıqcan kimi bir çox tanınmış şəxsiyyətlərlə bərabər Cabbar Qaryağdıoğlu da iştirak edirdi. Xanəndənin Azərbaycanda opera sənətinin meydana gəlməsində böyük rolu olub. İlk dəfə Məcnun və Fərhad obrazları məhz onun adı ilə bağlıdır. Həmçinin ilk milli operamızın ərsəyə gəlməsində də xanəndənin dolayısı ilə rol oynadığı da məlumdur. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Bakinski raboçi” qəzetində çıxan “Leyli və Məcnundan Koroğluyadək” adlı məqaləsindən belə bəlli olur ki, o, Ə.Haqverdiyevin hazırlamış olduğu “Məcnun Leylinin qəbri üstündə” tamaşasında C. Qaryağdıoğlunun yanıqlı səsindən təsirlənərək “Leyli və Məcnun” operasını yaradıb. 

C.Qaryağdıoğlu klassik Azərbaycan poeziyasının gözəl bilicisi idi və öz repertuarında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və digər Azərbaycan şairlərindən qəzəllər və təsniflər oxuyardı. Bu da həm muğamın, həm də klassik poeziyamızın xalq arasında daha geniş yayılıb sevilməsinə səbəb olub. Onun ifasındakı “Heyratı”, “Mənsuriyyə”, zərb muğamları, “Kürdü-Şahnaz”, “Mahur”, “Rast” və başqa muğamlar musiqi tariximizin qızıl fonduna daxildir. 

Xanəndə güclü və təkrarolunmaz səsinin sayəsində qısa zaman kəsimində vətənin hüdudlarını aşaraq başqa ölkələrdə də şöhrət qazanmışdır. Belə ki, 1906-1915-ci illərdə qərbin bir sıra səsyazma şirkətləri şərqin məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazırdılar. Onların dəvəti ilə Cabbar Qaryağdıoğlu da tarzən Qurban Pirimovun daxil olduğu üçlük ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırıb. Eyni zamanda o, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunub və öz gözəl ifası ilə bütün saray əhlini məftun edib.

C.Qaryağdıoğlu əsil sənətkar kimi xalqına və incəsənətin inkişafına xidmət edirdi. O, mədəniyyət tariximizdə yalnız xanəndə deyil, həmçinin görkəmli ustad olaraq da qalıb. Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçılarından biri olmuş və uzun illər burada muğam sənətindən dərs demiş və istedadlı kadrların yetişməsində böyük əmək sərf etmişdir. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz C. Qaryağdıoğlunun tələbələri olublar. O, pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə klassik muğam musiqisinin təkmilləşdirilməsi üzərində işləyərək “Rast”, “Segah”, “Çahargah” muğamlarına yeni-yeni çalarlar əlavə edib. 

Musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə müxtəlif illərdə Xalq artisti fəxri adı və Şərəf nişanı ordeni ilə təltif edilib. 

Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib milli xanəndəlik sənətini yaratmağa həsr edən, Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılan Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də 83 yaşında Bakıda vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, miras qoyduğu zəngin irsi ilə daim könüllərdə yaşayacaq.