TRT” kanalında Maestro Niyazinin 110 illiyi ilə əlaqədar silsilə verilişlər hazırlanıb

Rate this item
(0 votes)

 

Türkiyənin TRT kanalı azərbaycanlı görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Maestro Niyazinin 110 illiyi ilə əlaqədar xüsusi silsilə verilişlər hazırlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Türkiyənin “TRT Radyo 1” kanalında Avrasiya Yazıçılar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlunun təqdimatında hazırlanan “Mədəniyyət pəncərəsi” proqramı bütövlükdə Niyazinin həyat və yaradıcılığına həsr olunub. Proqramda Türkiyə tədqiqatçılarından biri olan gənc musiqişünas Ecem Tuğçe Akbulut Maestro Niyazinin türk simfonik musiqisinin inkişafında misilsiz xidmətlərindən danışıb, onun xüsusilə sovet dövründə Azərbaycanın Türkiyədə könüllü mədəniyyət elçisi kimi fəaliyyət göstərdiyini qeyd edib.

Türkiyənin mədəniyyət kanalı olan “TRT 2” kanalının “Həyat sənət” proqramında Maestro Niyazi ilə əlaqədar xüsusi reportaj yayımlanıb. Kanalın redaktoru Gülbahar Kılınç tərəfindən hazırlanan reportajda görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edilib, onun Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında rolu qeyd olunub, sənət adamının səhnə və yaradıcılıq fəaliyyətini əks etdirən fotolar və videogörüntülər nümayiş etdirilib.

Niyazinin mənzil-muzeyindən videogörüntülərin yayımlandığı xəbərdə son dövrlər sənətkarın Türkiyədə yaradıcılığına həsr olunmuş müxtəlif elmi konfransların keçirildiyi, Ecem Tuğçe Akbulutun müəllifi olduğu “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyasının 2021-ci ildə Türkiyənin “Net Kitaplık” nəşriyyatında türk dilində nəşr olunduğu qeyd olunub.