Rəşad İlyasov: “Baxdım gördüm, Zeynəb Xanlarovanın sinəsinə sıxdığı güllər titrəyir...” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının “Çərşənbə söhbətləri” rubrikasında Aysel Kərimin bugünkü həmsöhbəti respublikanın əməkdar artisti Rəşad İlyasovdur. Daim pozitiv olan, repertuarını genişləndirən Rəşad İlyasov ona verilən yaradıcı, bir az da fəlsəfi sualları olduqca yaradıcılıqla və filosofsayağı cavablandırıb, buyurun, tanış olun.

 

                             

 

-Dəyərli Rəşad bəy, xoş ovqat arzusuyla ilk sualıma keçid almaq istəyirəm, xalq artisti İlhamə Quliyeva ilə ifa etdiyiniz  “Yaşın nə fərqi var?” mahnısını ilk dəfə eşidəndə uşaq idim. İndi böyük bir qız kimi sizdən soruşmaq istəyərdim, sizə görə, yaşın sevgiyə təsiri varmı? Sizcə, sevgi duyğusu mütləq şəkildə yaş fərqi ilə ölçülməlidirmi?

 

-Salam, dəyərli Aysel xanım. Xoş gördük. Böyük məmnuniyyətlə suallarınızı cavablandırmaq istəyirəm. Əslində, çox dərin sualdır. Adətən, məndən soruşurdular,  “Sənə görə yaşın fərqi varmı?” Amma siz sualı başqa cür qoymusunuz. Ona görə bu suala belə cavab verə bilərəm ki, hər yaşda sevgi var. Sadəcə müəyyən yaşda o sevgi bir cür, növbəti yaşda bir başqa cür qavranılır. “Məncə insan yaşadıqca onun ürəyində sevgi mütləq və mütləq şəkildə olmalıdır. Hər yaşda, hər kəsə sevib-sevilməkləri arzu edirəm” - O vaxt bu sözləri İlhamə xanım demişdi. Mən də onunla razı olmuşdum. Amma arada tərəddüdlər də etmişdim ki, sevgidə bəzi kriteriyalara görə yaşın fərqi olur. İndi isə bir az illər keçdikcə görürəm ki, yox, doğrudan da sevgidə yaşın fərqi əsla yoxdur.

 

-Sosial media üzərindən sizə mesaj yazan heyranlarınıza cavab yazırsınızmı? Yoxsa məsafəlisiniz? Ümumiyyətlə, sosial şəbəkələrin fəaliyyəti sizi qane edirmi?

 

-Açıq desəm, məsafəliyəm. Amma nə qədər məsafəli olsam da istəyərdim və buna çalışıram ki, səmimiyyətimi əldən verməyim. Çünki qeyri-səmimi insanları, riyakar insanları əsla sevmirəm. Ona görə özüm də çalışıram ki, yetərincə səmimi olum. Bəzən o çizgini keçə bilirəm, amma qətiyyən sosial şəbəkə iştirakçılarıyla bu belə olmur. Çünki doğrudan da məsafə gözəl xüsusiyyətdir. Ələlxüsus da tanımadığın, bilmədiyin şəxslərlə. Ona görə mən çalışıram, öz izləyicilərimdən, mənə yazan, diqqət göstərən şəxslərdən heç vaxt diqqətimi əsirgəməyim və suallarını yetərincə cavablandırım. Digər suala gəldikdə isə, bəzən hansısa səhifələrin “adminləri” görürsən ki, qarışqanı fil edirlər. Bu da təbii ki, savadsızlıqdan irəli gəlir. Şişirdilməli məsələlər qalır bir kənarda, aidiyyatı olmayanlar daha çox qabardılır. Ona görə də sosial şəbəkələrin fəaliyyəti o qədər də məni qane etmir.

 

-Səhnəyə hər çıxdığınızda həyəcan yaşayırsınızmı? Yoxsa artıq bunu adi iş kimi qəbul etmisiniz?

 

-Yox, Aysel xanım heç həyəcansız iş olar? Mən də əvvəl elə düşünürdüm ki, insan getdikcə professionallaşar, ona rahat olar. Düzdür, bir şəkildə rahatlıq var, amma əksinə, hər dəfə səhnəyə çıxdıqca və zaman keçdikcə o məsuliyyət və həyəcan ki, var, bizi boş qoymur. Belə deyək, səhnəyə ilk çıxdığın vaxtlar bir az naşılıq həyəcanı olur, çünki ilk çıxmısan, yeni-yeni addım atırsan. Sonradan o həyəcan çevrilir artıq məsuiliyyət həyəcanına. Getdikcə yetərincə kütlən, adın-sanın olduqca, ələxsus fəxri ad alandan sonra müəyyən təbəqələri, müəyyən məqamları əldə etdikdən sonra həyəcan azalmır, yenə də səninlə olur. Sizə bir misal çəkim, mən indi də bizim gözəl sənətkarımız, SSRİ xalq artisti Zeynəb xanım Xanlarovayla işləyirəm, amma lap sənətə gəldiyim vaxtlarda da onunla başlamışam. Onda hələ heç müğənnilik etmirdim, musiqiçiydim, onun ansamblında mahnıları kanonla müşayiət edirdim. Bu da o illərə təsadüf edirdi ki, Azərbaycanda ictimai-siyasi vəziyyət gərgin idi. 1990-cı ilin 20 yanvarından sonra  Zeynəb xanım bir il səhnəyə çıxmadı. Yaralar azacıq qaysaq bağladıqdan sonra o, Heydər Əliyev sarayında bir neçə, sayca 10-dan çox konsert verdi. Və mənim yadımda belə bir epizod qalıb: Demək konsertdə antrakt elan edilmişdi, ikinci hissənin başlamağına az qalmış biz kulisdəyik, son hazırlıq işləri gedirdi, konsertmeystr ona-buna tapşırıq verirdi. Mən bir də gördüm, Zeynəb xanım səhnənin arxasındakı pilləkənlərlə bizə doğru gəlməkdədir, sinəsində də bir böyük, gözəl gül buketi var. Baxdım gördüm, sinəsinə sıxdığı güllər titrəyir. Təəccübləndim. Dedim, Zeynəb xanım bu nədi belə? Həyəcanlanırsınız ki? Dedi, bəs necə? Mən soruşdum,  yəni siz də? Dedi, o həyəcan həmişə var da, həyəcan keçmir ki. O söz yadımdadır, indi bir daha şahidi oluram ki, doğrudan da elədir. Hətta illər keçir, necə səhnələr görürsən, hansı şəraitlərdə çıxış edirsən, nə cür situasiyalardan çıxırsan, amma ona baxmayaraq o həyəcan yenə insanı tərk etmir. İnşallah, heç vaxt bu həyəcan bizi tərk etməsin də.

 

-Biz kanonu  sizsiz, sizi kanonsuz təsəvvür edə bilmirik. Sizin üçün müğənniliklə kanonun ayrılmaz vəhdət təşkil etdiyini bilirik. Özünüz bunu necə şərh edərdiniz?

 

-Bəli, çox doğrudur kanon musiqi alətində ifa etmək və oxumaq mənim ayrılmaz vəhdətimdir. Aysel xanım, siz özünüz professional musiqi bilicisi kimi xəbərdarsınız ki, oxuyaraq musiqi alətində ifa etmək, öz səsini müşayiət etmək çox çətindir. Ona görə, çətin də olsa, çalışıram ikisini bir arada göstərim.

 

-Sənətdə və səhnədə məsləhət aldığınız insanlar çoxdurmu? Təhsilinizin ardını haçansa qardaş Türkiyədə davam etdirmək istəyiniz olubmu, hər halda bir dəfə belə bir informasiya mənim gözümə sataşmışdı.

 

-Bilirsiniz, mənim gözəl müəllimlərim olub. Səhnəyə gəlişimdə və səhnədən öncə. Ailəmdə musiqiçilər olub. Zeynəb xanımdan əvvəl “Ümid” ansamblı vardı, orda çalışırdım, orda da çox gözəl musiqiçilər toplaşırdı. Solistlərimiz elə o vaxtdan tanınırdılar. Xalq artistləri Brilliant xanım Dadaşova, İlqar Muradov. O vaxt təbii ki, bu cür fəxri adları yox idi, yetərincə məşhur deyildilər, amma səhnəyə çıxdıqları andan geniş kütlələri vardı  və bizim ansambl ilə çox sıx əməkdaşlıq edirdilər. Bizim məşqlərimiz çox professional şəkildə keçirdi. Daha sonra Zeynəb xanımla çalışmağa başladım. Türkiyə səfərimiz oldu. Yeni ili orda qarşıladıq. Daha sonra Bakı konsertlərimiz, studiyada səs yazılarımız oldu. Sonra Nisə xanım məni görüb ansamblına dəvət etdi. 7 il onunla çalışmışam. Azərbaycanın bölgələrində, xarici səfərlərdə çıxışlarımız olub. Bu ifaçılar, dediyim kimi, gözümün qarşısında olublar. Zeynəb xanıma, Nisə xanıma baxmışam, götürmüşəm, öyrənmişəm. Mədəniyyət və İncəsənət Universitetində əlavə vokal müəllimlərimdən biri Firudin Mehdiyev olub. Bir neçə müddət getmişəm yanına. Ruhu şad olsun. Bir də, Allah can sağlığı versin Teymur müəllim. Nə vaxt görürəm, elə çalışıram ki, istədiyimi alım ondan. Teymur müəllimin də dərslərində iştirak etmişəm bir müddət. Bunlardan əlavə, bütün ifaçılardan görüb-götürürəm. Müşahidələrim sonsuzdur. Canlı ifaları, çıxışları izləməyi çox sevirəm. İndi buna performans deyirlər də. İstər Zeynəb xanımımız olsun, istər Müslüm Maqomayev, istər dahi sənətkarımız Şövkət Ələkbərova olsun. Bunlardan əlavə, mən dünya ulduzlarını təqib etməyi xoşlayıram. Onların canlı çıxışlarını hər zaman diqqətimdə saxlayıram. Çünki canlı çıxışlar dinləyicilərlə, tamaşaçılarla təmasda ifaçının nə cür nəhəng bir sənətkar olduğunu bir daha göstərir. Yəni musiqiyə olan diqtəsi, konsertin idarə olunması, tamaşaçıların razı qalması - çalışıram ki, hamısını sənət adamlarından öyrənim və öz işimdə, öz çıxışlarımda tətbiq edim. Onu deyim ki, gənclik illərimdə təhsilimi qardaş Türkiyədə davam etdirmək istəyim olub, bəli. Amma anam buna razı olmamışdı. O hesab edirdi ki, birdən gedərəm, orda  qalaram, qayıtmaram. Narahat idi, deyirdi ki, ailə həyatını və işlərini burda qursan yaxşı olar. Ona görə də getmədim.

 

-Sizi həm də teleaparıcı ampluasında görürük ara-sıra. Aparıcılıq mənəvi cəhətdən sizə nə qazandırır? Bu sizin daxili istəyiniz idi? Yoxsa bir təsadüf?

 

-Belə deyək, ümumiyyətlə təsadüflərə inanmıram. Zərurətdən yaranan bir haldır hər şey. Bəzən leksikomumuzda var, deyirlər təsadüfən filankəsi gördüm. Mən düşünürəm ki, o görüş zərurətdən yaranır və təsadüfə çevrilir. Əvvəla, Aysel xanım, onu deyim ki, aparıcılıqda maddi cəhətdən qazanc olur (gülümsəyir). Çünki aparıcılıq edəndə mən çalışıram professional şəkildə bunu edim. Mənim doğma AzTV kanalıyla və digər kanallarla əməkdaşlığım olub. O vaxt ANS-də, bilirsiniz, “Kamerton” proqramını aparmışam. AzTV-də “Səhər” informasiya-analitik proqramını aparmışam. Daha son proqramlarımdan biri “Bu axşam” və “Yaradanlar və yaşadanlar” olub. Maddi qazanclarım, mənəvi qazancım da olub, boşluğu doldurmuşam. Bunlar öz yerində. Çünki bilirsiniz, mənə çox deyirlər, “nitqin gözəldir, informasiyalısan.” Düşünürəm ki, bu da təsadüfən deyil. Anam jurnalist idi. Atam 3 ali məktəb bitirmişdi. Mühəndisiydi, çox savadlı biri idi. Anamın çox gözəl nitq qabiliyyəti olub. Hətta o vaxt radio təzə fəaliyyətə başlayanda Azərbaycan radiosunda ilk olaraq diktor kimi də fəaliyyət göstərib. Dayım filoloq idi. Elə adımı da o verib mənə, böyük türk yazıçısı Rəşad Nuri Güntəkinin adıdır. Yəqin bunların aparıcı kimi yetişməyimdə təsiri var. Sadaladığım nüanslar genetik faktorlardır yəni. Heç yadımdan çıxmaz, 90-cı illərin ortası idi, artıq “Çağdaş” klipimi Fuad Əlişovla iş birliyimiz kimi efirdə yayımlamışdıq. Müsahibələr alırdılar məndən. Bir veriliş vardı o vaxt, “Gecə kanalı” adlanırdı. Çox populyar idi, onu o vaxt yazıçı Varis, bir də Faiq Hüsiyev aparırdılar. O verilişdə danışa bilmədim, sıxıldım. Gəldim, axşam müsahibəyə anamla bir yerdə baxdıq. Bir az söhbətim, danışığım xoşuma gəlmədi. Anam qoydu məni qabağına, dedi ki, “Bu nə danışıqdır, niyə itirirsən özünü, nə var ki burda?” Dedim, nə bilim, ilk çıxışlarımdır, bir az kameranı gördüm, suallar-filan, həyəcanlandım. İstədim sualların üstünə yıxım ki, suallar bir az elə idi, belə idi. Anam dedi, bu bəraət ola bilməz, başqalarının sənə nə aidiyyatı var, sualı verdilər, sən öz fikrinlə, öz sözlərinlə suallara cavab ver, sadəcə, beyninin dərinliyində nəzərində saxla ki, efirdəsən və bir də qətiyyən rus sözlərindən istifadə eləmə. Bax bu fikirlər, anamın o tövsiyyəsi mənim yadımdadır. Ruhu şad olsun. Artıq növbəti müsahibəmdən sonra anam dedi, sən niyə belə bülbül kimi ötürsən (gülümsəyir)? Dedim, bəs sənin sayəndədir hamısı.
-Allah ananıza, cəmi ölənlərə rəhmət eləsin. Doğrudan da övladı uğura yönəldən ən birinci bələdçi valideyindir, buna şübhə yoxdur. Belə bir sual verim, Rəşad bəy, pandemiyanın sizə nə kimi mənfi və müsbət təsirləri olub?

 

-Mənfilər göz qabağındadır. Ən çox ziyan biz incəsənət ustalarına dəydi, belə deyərdim. Çünki bizim sənətimiz xalq üçündür, camaat üçündür. Yəni yığışmaq, toplaşmaq, konsertlərin, müəyyən korporativ tədbirlərin, el şənlikərinin olmaması -  bunun maddi tərəflərini bilirsiniz. Mənəvi tərəfləri isə çox böyük boşluqdur. Necə yəni, insan sevdiyi işlə məşğul olmasın? Təbii ki, bu, insanı çox geri salır. Amma pandemiyanın müsbət tərəfləri də oldu. Çünki insanlar bir-birlərinə diqqət etməyə başladılar. Artıq təbiətə etinasız yanaşmamağı nəzərdə saxlamağa başladılar. Məncə, bu səhfləri etdik deyə bəşəriyyət bax bu cür xəstəliklə üz-üzə gəldi. Ona görə, mən çıxdığım proqramlarda da, müsahibələrimdə də, tədbirlərdə də bunu dönə-dönə qeyd edirəm və öz şəxsi sosial şəbəkə hesablarımdan da bildirirəm. Bildiklərimi də çalışıram ki, dinləyicilərimə, tamaşaçılarıma aşılayım. Çünki dəryada damla qədər də olsa pandemiya dövründə istərdim ki, cəmiyyətə yararlı olum. Ona görə, bir daha hər bir vətəndaşı diqqətli olmağa çağırıram. Burda bir gözəl məqam var ki, keçən ildən fərqli olaraq bu il bizim insanların daha çox pandemiya təcrübəsi var. Düzdür, mütəxəssislər virusun bir şəkildən başqa şəklə mutasiya etdiyini deyir. Biz də zəif deyilik və bizim də öz mübarizə metodlarımız var. Mütləq gigiyenik qaydalara, bütün qanunlara əməl edək ki, tezliklə bu virus bütün dünyamızdan azad olub getsin.

 

-Rəşad İlyasov necə atadır? Tələbkar, sərt? Yoxsa anlayışlı və mülayim?

 

-Həyatın hər bir məqamı mənim ruhumda, xasiyyətimdə var. Bəzən sərt oluram, bəzən mülayim oluram, bəzən anlayış göstərirəm, bəzən başa düşə bilmirəm. Yəni həyatdı da, yaşayıb gedirik. Yəni mən də bu kimi hisslərə malikəm. Çox vaxt mülayim oluram. Yəqin ki, ifalarımdan ruhum bilinir. Amma müəyyən məsələlər var ki, məhz təhsilnən bağlı uşaqlara güzəşt edə bilmirəm. Mən savadlı və məlumatlı insanları çox sevirəm. Övladlarıma da bunu aşılayıram ki, mütləq və mütləq təhsilinizdə boşluq qoymayın. Ümumiyyətlə isə qəlb sındıran insan deyiləm, Aysel xanım.

 

-İncəsənət adamları digər sahənin adamlarına nisbətən çox həssas və tez ruhdan düşən olurlar. Belə məqamlarda gücünüzü, həvəsinizi kimdə və nədə tapırsınız?

 

-Mən müsbət enerjini insanlardan alıram. Bəzən olur, səhnəyə çıxanda müəyyən qanqaraçılıqlarla qarşılaşıram. Amma yetər ki, gözəl bir dinləyici olsun, tamaşaçı olsun orda. Ondan gözəl enerji alıram. O cür də, ondan da artıq enerjini istəyirəm ona qaytarım. Ruhdan düşəndə, məsələn, sənətdə müəyyən bədbinliklərə köklənəndə ailəyə bağlanıram. Ailədə əsəbiləşəndə, uşaqlar məni əsəbiləşdirəndə götürürəm kanonu, ifa edirəm, bir az onda sakitləşirəm. Bax belə. Hər ikisi insana kömək olur. Hər ikisi insana lazımdır. Amma ailənin yeri bizim qəlbimizdə, ruhumuzda, azərbaycançılıqda, biz şərqlilərdə tamam bambaşqadır. Mən düşünürəm ki, insan ailəsini, doğmalarını necə sevməyə bilər? Ona görə hər bir insan öz ailəsinə, doğmalarına sadiqdir. Mən belə görürəm, belə düşünürəm.

 

-Kliplərinizi izləyib sizi aktyor kimi kəşf etmək olur. Heç bu sahə üzrə təklif almısınız? Yaxud daxilinizdə belə duyğu olubmu?

 

-Bəli, bir dəfə təklif aldım. Sadəcə olaraq üstünə düşmədim. Sonra həmin rola başqa adam çəkildi. Həmin film heç də yaxşı alınmadı. Məndə elə hiss vardı ki, mən çəkilsəydim daha yaxşı alınardı. O vaxt rol almağa yox demişdim, amma indi özümü aktyor kimi sınamaq istərdim. Çünki daxilimdə nəsə bir ehtiyac var. Mikayıl Müşfiq demişkən, ruhun ehtiyacı var. Özü də, ələxsus, tarixi bir filmdə, orta əsrlər Azərbaycan tarixinə aid bir filmdə önəmli bir insanın obrazını yaratmaq istərdim.

 

-Əməkdar artist Fərqanə Qasımova ilə mahnı seçimində fikrinizin üst-üstə düşdüyünü vurğulamısınız. Duet ifa etmək istərdinizmi?

 

-Aha, demək, qoy oxucularımız da bilsinlər ki, bu sual hardan yarandı. Sizinlə müsahibəyə hazırlaşarkən aramızdan belə bir dialoq keçdi, bir çox ifaçıları qeyd etdik. Təbii ki, söhbət düşdü bizim gözəl sənətkarımız, dünya şöhrətli xalq artisti Alim Qasımovdan və onun sizin əsərinizi ifa etməyindən. Həmçinin onun övladı Fərqanə Qasımovadan. Mən bir məqama toxundum ki, bəzən bir neçə mahnılar oxuyuruq, görürəm Fərqanə xanım da repertuara daxil edib, mən də. Bu çox yaxşı bir şeydir. Məclislərin birində Alim müəllimlə görüşdük. Mən səhnədə Cahangir Cahangirovun mahnısını ifa edirdim. “Həyat sevgisi” mahnısı var, Mikayıl Müşfiqin sözlərinə, onu. Alim müəllim çox təqdir elədi və gözucu baxdım, gördüm ki, çox böyük maraqla dinləyir. Təbii ki, bu, mənim işimdə, sənətimdə, ifamda bir az da məsuliyyətimi artırdı. Alim müəllimlə hər dəfə görüşümüzdə, söhbətimizdə əsas məsələ musiqi və şeir olub. Mən bilirəm, Alim müəllim sözlərə vurğundur və mən də müəyyən mahnı sözlərində onunla bir fikir mübadiləsi edirəm. O ki qaldı Fərqanə xanımla duet ifa etməyə, niyə də olmasın. Mən, Fərqanə xanım və kanon. Bu artıq duet deyil trio oldu, amma olsun. Hər halda fərqi yoxdur, sonda bir gözəl nəticə olsun (gülümsəyir). Nəsib olsa, Fərqanə xanımla elə sizin lirik əsərlərinizin birini bərabər ifa edərik. Yerli-yerində verilən bu dəyərli suallar üçün sizə çox təşəkkür edirəm, Aysel xanım. Var olun.

 

-Siz də var olun, dəyərli Rəşad bəy, zövqləri oxşamaqda davam edin.