Beynəlxalq Muğam Mərkəzi yeni mövsümün ilk konsertinə hazırlaşır

Rate this item
(0 votes)

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin 2022-2023-cü il üçün yeni mövsümdə ilk konserti sentyabrın 17-də təqdim olunacaq.

 

Mərkəzin mediaya yaydığı məlumata görə, həmin gün BMM-nin solistləri, sevilən xanəndələr Rəvanə Qurbanova, Elgiz Əliyev və Səbinə Ərəbli “Humayun” və “Heyratı” muğamlarını ifa edəcəklər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara), Vasif Yusibli (ud) və Rəfael Əsgərov (balaban) müşayiət edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdıran layihə böyük maraqla qarşılanır.

İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Rast" , "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab" və "Şirvan şikəstəsi təqdim olunacaq.

BMM “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.