Xalq artisti Fikrət Verdiyevin yaradıcılıq gecəsi təşkil olunacaq

Rate this item
(0 votes)

 

Sentyabrın 24-də Heydər Əliyev Sarayında görkəmli tarzən, Xalq artisti, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyevin yaradıcılıq gecəsi təşkil olunacaq.

 

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konserti Rəşad İbrahimovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Ansamblı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq artisti Ənvər Sadıxovun rəhbərliyi ilə "Qaytağı ansamblı müşayiət edəcəklər. Eyni zamanda, tanınmış incəsənət nümayəndələri öz ifaları ilə çıxış edəcəklər.

Xatırladaq ki, 13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən tarzən F.Verdiyev uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olub. 1969-cu ildə gərgin əməyi, eləcə də fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq “Göy göl” xalq çalğı alətləri ansamblını yaradıb. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınıb. Silsilə konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunub. Musiqimizin inciləri olan Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxışlar ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib. Daha sonra 1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb. 2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradıb. 

Qeyd edək ki, Fikrət Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı ilə ailə qurub. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.