Filarmoniyada Bokkerini, Vivaldi, Şubert, Şostakoviç və Əlizadə musiqisi səsləndirilib Featured

Rate this item
(0 votes)

 

Paytaxtımızda klassik musiqidən ibarət konsert proqramlarının keçirilməsi hər dəfə musiqi xadimləri üçün toy-bayrama çevrilir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti də eyni hissləri yaşadıb.

“Ədəbiyyat və incəsənət” portalı tədbirin aparıcısı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü Aysel Kərimə istinadən bildirir ki, açılış nitqində bu fikirlər dilə gətirilib: “Əziz dostlar, əziz musiqisevərlər. Xoş təşrif buyurmusunuz. Bizləri bir araya gətirən musiqiyə olan sevgimizdir. Bu gözəl musiqi ocağında reallaşan tədbirin işığına toplaşmaq əhvalımıza rəng qatır. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin  təqdim edəcəyi əsərlərin adlarını böyük məmnuniyyətlə sadalamaq istəyirəm:

Luici Bokkerini - "Madriddə hərbi gecə keşikçilərinin yürüşü". Əsərdə  gecə həyatının dincliyinin qorunmağı təsvir edilib. Bokkerini klassik dövrün parlaq italyan bəstəkarı kimi yaradıcılığında müxtəlif janrlara toxunub.

Antonio Vivaldi - "İlin fəsilləri". Bu silsiləyə 4 konsert daxildir. Bahar, yay, payız, qış. Konsertlərin hər biri 3 hissədən ibarətdir. Əsər proqramlıdır və hər fəslin təsviri göstərilib. Vivaldi istedadlı italyan bəstəkarları olub. Barokko dönəminin önəmli nümayəndələrindən biridir.

Frans Şubert – Ouverture “Der Teufel als Hydraulicus”. Səhnə üçün yazılmış şən mahnılarla dolu mif su şeytanı komediyası. Avstriya bəstəkarı qısa ömrü, lakin dəyərli sənəti ilə dünya musiqi tarixində yer almaqdadır. Romantizm janrının banilərindən biridir.

Dmitri Şostakoviç - Prelüd və Skertso. Şostakoviç görkəmli sovet bəstəkarı olub. Sovet dönəmində yazıb-yaradan bir çox bəstəkarlara sənətin sirrlərini aşılayıb və onların yaradıcılığına yaxşı mənada təsir edib. Onun musiqisi 20-ci əsr mədəniyyətinin əhəmiyyətli səhifələrindən biri kimi göstərilir.

Firəngiz Əlizadə- “Dance” (rəqs). Firəngiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, YUNESKO-nun sülh elçisidir. 1967-ci ildə yaradılmış Ağa Xan Fondunun ilk musiqi mükafatına layiq görülən görkəmli musiqi xadimi, şərqdə və qərbdə uzun illər fəaliyyət göstərmiş, ustad dərsləri keçmiş, dünya miqyasında hörməti və nüfuzu ilə seçilən musiqi bilicisidir. Əsərləri xarici ölkələrin konsert və teatr səhnələrində, beynəlxalq festivallarda dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilən yaradıcı şəxsiyyətdir.

Dəyərli qonaqlar əsrarəngiz əsərlərin təsirilə xoş zaman keçirəcəyinizə ümid edirik. Diqqətinizə görə minnətdaram.”

Sonra çıxışlar başlanıb. Orkestr bədii rəhbər və baş drijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə çıxış edib. Proqramın solisti beynəlxalq müsabiqə laureatı, violin ifaçısı Ümidə Abbasova olub.

Xüsusən konsertdəki son ifa - dünyanın bir çox musiqiçilərinin repertuarında yer tutan, Azərbaycan musiqisinin şedevri sayılan Firəngiz Əlizadənin “Dance” əsəri tamaşaçıları heyran edib. Kamera orkestrinin möhtəşəm ifasında həm lirika, həm yumor, həm Azərbaycan ritmlərinin incəlikləri yer tapıb. 

Tədbirdə bir çox rəsmi qonaqlarla yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə və Azərbaycan Respublikası Mədəniyyət nazirinin xanımı da iştirak edib.

Tədbir yaddaqalan məqamlara xatirələrə həkk olunub. 
Aysel Kərim söyləyir: “Nə xoş ki, ölkəmizdə musiqi mədəniyyətinə yüksək dəyər verilir. Qeyd etmək yerinə düşər ki, dövlət rəhbərliyinin, xüsusən Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği sahəsində gördüyü işlər biz peşəkar musiqiçiləri də olduqca həvəsləndirir. Bu istiqamətdə daha çox işlər görməyə sövq edir.”

 

Şəkildə: Aysel Kərim Mədəniyyət nazirinin xanımı ilə.