2 fevral – Gənclər günü münasibətilə “Yeni gənclik” musiqi günləri keçiriləcək

Rate this item
(0 votes)

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 2-4 fevral tarixlərində Gənclər günü münasibətilə “Yeni gənclik” musiqi günləri adı altında bir neçə konsert keçiriləcək.

Belə ki, 2 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti, 3 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının konserti (ansamblın rəhbəri Xalq artisti Zəhra Quliyeva), 4 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor – Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva (piano)) keçiriləcək.